Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun asfaltlanmasına başlanılıb.
Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu da həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmlidir. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır.
Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Bəs yeni yol hazır olduqdan sonra nələr olacaq?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, razılaşmaya görə, alternativ yol çəkildikdən sonra yol üzərində olan bütün yaşayış mətəqələrində yaşayan ermənilər həmin əraziləri tərk etməlidirlər:
“Hansı ki, həmin ərazilərdə yaşayan ermənilər Qarabağdakı demokrafik vəziyyəti dəyişmək üçün Livandan və Suriyadan gətiriliblər. Həmin ermənilərə müəyyən torpaqlar və maliyyə vəsaitləri verməklə onları Qarabağda stimullaşdıraraq oradakı etnik vəziyyətin öz xeyirlərinə dəyişməyə çalışırdılar. Bu addım da gələcəkdə Qarabağda referendum keçirələcəyi təqdirdə, say etibarilə prosesi ermənilərin xeyrinə həll etmək üçün atılmışdı.
Ona görə də birinci növbədə həmin erməniləri Azərbaycan ərazilərini tərk etməlidirlər. Həmçinin, alternativ yol açıldıqdan sonra rus sülhməramlıları da həmin ərazini tamamilə boşaltmalı və yeni yolda müəyyən mövqelər qurmalıdırlar. Düşünürəm ki, Laçınla Ermənistan arasındakı sərhəddə Azərbaycanın sərhəd qoşunları və gömrük strukturlarının yaradılmasına ehtiyac yaranacaq. Çünki Ermənistan hələ də Zəngəzurda açılacaq nəqliyyət-kommunikasiya xəttini dəhliz məntiqi ilə deyil, sadəcə yol məntiqi ilə qəbul edir.c Maraqlıdır, bu məsələdə həm Rusiya, həm də Avropa İttifaqından Ermənistana dəstək olanlar var”.
Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı ən önəmli yol xətlərindən biri də Laçındır:
“Üstəlik, Laçına artıq dəhliz statusu verilib. Lakin bunun Azərbaycan üçün doğru bir yanaşma olmadığını düşünürəm. Çünki dəhliz adətən bir ölkənin anklav olan başqa bir ərazisinə keçmək üçün mövcud olur.
Necə ki, zamanında heç bir hüquqi əsas olmadan ərazilərimizi Ermənistana verməklə Naxçıvanla Azərbaycan arasında süni quru maneəsi yaradıldı. İndi yenidən Naxçıvan və Azərbaycanı birləşdirən quru yolu çəkilirsə, bu, artıq dəhliz xarakteri daşıyacaq. Ancaq Laçın isə dəhliz statusunda ola bilməz. Çünki Ermənistanın Azərbaycanın daxilində belə bir ərazisi mövcud deyil. Qarabağ hər zaman Azərbaycanın olub və yenə də Azərbaycanındır. Hesab edirəm ki, bu yanlış düzəldilməlidir. Üstəlik Zəngəzur dəhliz məntiqi ilə fəaliyyət göstərməyəcəksə, Laçın dəhlizini gözləməyə ehtiyac belə yoxdur. Çünki bu zaman çərçivəsində Laçın dəhlizi Rusiya və Ermənistanın xeyrinə işləyir”.
Natiq Mirinin sözlərinə görə, Laçında yeni alternativ yol açıldıqdan sonra əvvəlki yol bağlanmalıdır:
“Həmçinin, yeni alternativ yolun Ermənistana girişində Azərbaycanın sərhəd qoşunları və hüquq-mühafizə orqanları dayanmalıdır. Bununla yanaşı, Qarabağdakı rus sülhməramlılarının yerləşdiyi bölgələr tədricən Azərbaycanın nəzarətinə keçməlidir.
İlk olaraq, bu proses Xocalıdan başlamalıdır. Gələcəkdə isə bu prosesi Xocavənd və Ağdərə istiqamətində inkişaf etdirmək lazımdır. Əlbəttə ki, Xankəndidə də Azərbaycanın idarəetmə strukturlarının yaradılmasına ehtiyac var. Elə tələblər qoyulmalıdır ki, Rusiya da bunları etmək məcburiyyətində qalsın”.
Elmir
Cebhe.info