Masallıda gözdən əlil DTX adıyla aldadıldığını deyir

28-06-2022, 08:41   


Cavid Hüseynov: “Düşündüm ki, dövlət qulluqçusudular, yalan danışmayacaqlar ki…”

Masallı rayonunun İsi kənd sakini Cavid Hüseynov dələduzluqla üzləşdiyini deyir. Gileylənir ki, hüquq-mühafizə orqanları baş verənləri cinayət kimi qəbul etmək istəmir. Onun sözlərinə görə, qarşı tərəf də bundan istifadə edib, ona vurulan ziyanı ödəmir.

“Demişdilər ki, DTX işçisiyik, mən də inandım”

51 yaşlı Cavid Hüseynov ikinci qrup əlildir. Bir gözü görmə qabiliyyətini tamamilə itirib, ikinci gözü isə qismən görür.

O, Meydan TV-yə danışır ki, yaşadığı kənddə 2020-ci ildə 4 sot torpaq sahəsi alıb. Buna görə 10 min manat pul ödəyib. Cavid Hüseynovun sözlərinə görə, torpağı satanlar da özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim edib:

“Həmin torpaq sahəsi kənd sakinlərindən birinin olub. Torpağın bir hissəsini kəsib, öz qohumuna satıb. Alan adam da məndən pul alıb ki, sənə satıram. Satanda daha baha deyirdi, danışıqlardan sonra 10 min manata düşdü. Mal-heyvanımı, evdə olan qızılı – nəyim varsa, satıb, aldım. Satanlar da əmioğludular – Aslan Mansurov Yardımlı rayonunda, Əfsus Mansurov isə Cəlilabad rayonunda yaşayır. Akt yazdılar, şəxsiyyət vəsiqəsinin surətini də əlavə elədilər. Orada göstərilib ki, pul verib, bu torpaq sahəsini almışam. Satanlardan birinin qızının toyu olacaqdı. Dedi ki, toyu yola verim, sonra gedib notariusda rəsmiləşdirək. Demişdilər ki, DTX işçisiyik, mən də inandım. Düşündüm ki, dövlət qulluqçusudular, yalan danışmayacaqlar ki…”

Foto: Meydan TV

“Elə bilirsən, məni oradan pulsuz buraxdılar?”

Cavid Hüseynov deyir ki, ona satılan torpaq sahəsində nimdaş bir tikili vardı. O, aldığı əmlakdan istifadə etmək istəyəndə problemlə üzləşib. Nə sənədləşmə işlərini həyata keçirə bilib, nə də verdiyi pul geri qayıdıb:

“Torpaq mənə satanlara da akt əsasında verilibmiş. O akt da bələdiyyə sədrinin iştirakıyla bağlanıb, orada sədrin də imzası var. Satan kişi bir müddət sonra vəfat edib. Kişinin bacısı indi gəlib ki, qardaşımın torpağıdır, mənə çatır. Çünki qardaşının arvadıyla aralarında ədavət var. Son nəticədə bundan ziyan görən mən oluram. Qapıya qıfıl vurub, məni ora buraxmırlar. Ona görə torpağı mənə satanlara dedim ki, ya sənədimi verin, ya da pulumu qaytarın. Heç birini eləmədilər…”.

Cavid Hüseynov dələduzluqla üzləşdiyini iddia edərək, polisə şikayət edib. Əlindəki aktı və başqa sübutları təqdim edib. Amma bu addımı da nəticəsiz qalıb – pulu qayıtmayıb. Ona görə daha yuxarı instansiyalara – Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Prezident Administrasiyasına şikayətlər göndərib.

Foto: Cavid Hüseynovun şəxsi arxivindən

“Bakıda neçə dövlət orqanında qəbulda olmuşam. Bunlar DTX adından istifadə ediblər. Əməlləri azmış kimi, hələ pulumu istədiyimə, şikayətçi olduğuma görə məni döymüşdülər. Cəlilabadda polis rəisi onlardan birini – Əfsus Mansurovu çağırtdırdı. Elə yanımda üstünə qışqırdı ki, bu adamın pulunu niyə vermirsən? Onda söz verdi ki, üç gün ərzində pulunu qaytaracam. Sonra telefonlarıma cavab vermədi. Başqa bir nömrədən zəng eləyəndə götürdü. Mənə deyir ki, elə bilirsən, məni oradan pulsuz buraxdılar?”.

İsi kənd sakini deyir ki, maddi durumu ağırdır, artıq şikayət etməyə də pulu çatmır. Öz gözləri görmədiyinə görə şikayət məktublarını ödənişlə başqalarına yazdırdığını deyən Cavid Hüseynovun sözlərinə görə, Bakıya məmurların qəbuluna gəlib-getməkdən ötrü də xeyli pul xərcləyib.

Cinayət işi başlanması rədd edilib

Bu məsələ ilə əlaqədar Masallı Rayon Polis Şöbəsində araşdırma aparılıb. Polis şöbəsinin tədqiqatçısı Rail Əkbərov araşdırmalardan sonra belə qənaətə gəlib ki, bu məsələdə cinayət tərkibi yoxdur, mübahisə mülki xarakterlidir və tərəflər problemin həlli üçün mülki qaydada məhkəməyə müraciət edə bilər. Ona görə də cinayət işi başlanması rədd edilib.

Foto: Meydan TV

Şikayətçi isə bu qərarla razılaşmır:

“Onlar özlərini DTX əməkdaşı kimi təqdim edərək məni aldadıblar. Bu, dələduzluq deyilsə, bəs nədir?”.

“Evi və hasarı əvvəlki vəziyyətinə gətirəndən sonra…”

Aslan Mansurov isə bildirib ki, sözügedən torpaq sahəsini 2017-ci ildə Əhliman Allahverdiyevdən alıb, orada birmərtəbəli ev və əlavə yardımçı tikili inşa etdirib. Sonradan maddi durumu yaxşı olmadığına görə torpaq sahəsini 2020-ci ilin aprelində Cavid Hüseynova satıb:

“O, evin qarşısını söküb, başqa tikili üçün bünövrə qazdırdı. Bir müddət sonra Əhliman Allahverdiyevin qohumlarıyla onun arasında mübahisə yarandı. Zəng eləyib dedi ki, torpağı qaytarmaq istəyir. Verdiyi 10 min manatı da geri tələb etdi. Gəlib gördüm ki, evin qarşısını söküb, Dəmir şifer hasarın yeri dəyişdirilib. Evi və hasarı əvvəlki vəziyyətə gətirəndən sonra mən onun pulunu qaytararam”.

Cavid Hüseynov isə deyir ki, orada ev olmayıb:

“Nimdaş bir cücədamı idi. Ona da mən yox, Əhliman Allahverdiyevin bacısı ziyan vurub. Məni ora buraxdılar ki, nəyisə söküm?”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.