İki imperiyanın savaşı:Putin, yoxsa Conson qalib gələcək?

28-06-2022, 21:53   


İki imperiyanın savaşı:Putin, yoxsa Conson qalib gələcək?


Ukraynada gedən müharibədə Böyük Britaniya Qərb koalisiyasındakı digər müttəfiqləri ilə müqayisədə daha sərt mövqe nümayiş etdirir. 

Hətta Rusiyaya münasibətdə Britaniya-ABŞ ittifaqı digər Avropa ölkələrindən fərqləndirilir. Müharibənin ilk günlərindən Rusiyaya qarşı kəskin qərarların qəbulunda və Ukraynaya dəstəyin təmin edilməsində Britaniyanın Baş naziri Boris Conson öz mövqeyi ilə seçilir. Ukraynadakı müharibə NATO-Rusiya, ABŞ-Rusiya savaşı kimi şərh edilsə də Britaniya amili bu prosesdə həlledici rola malikdir. 

“Böyük yeddilər”in iyunun 26-27 də keçirlən sammitində Ukraynaya ağır silahların verilməsində Britaniyanın Baş naziri Boris Consonun israrlı mövqeyi xüsusi rol oynayıb. Hətta Rusiya ilə açıq qarşıdurmadan çəkinən Almaniya, Fransa və İtaliyanın rəhbərləri B.Consonun Ukraynaya “F-15”, “F-16” və “F-18” döyüş təyyarələrinin verilıməsi barədə təklifinə qarşı çıxa bilmədilər. ABŞ bu təklifi dəstəkləyərək Ukraynaya sözügedən qırıcıları və Norveç istehsalı olan “Mistral” senit-raket kompleksləri vermək haqda qərar qəbul edib. Öz növbəsində, Rusiya son günlər ortamənzilli raketlərdən istifadə Ukraynanın Kiyev şəhərindəki yaşayış binalarını və Kremençuk şəhərindəki ticarət mərkəzini vurub. Bu isə müharibənin növbəti daha ağır mərhələyə daxil olduğunu deməyə əsas verir. Yəni hazırda Donbasda mövqe və küçə döyüşləri aparan Rusiya ilə Ukrayna taktikanı dəyişə bilər. Tərəflərin uzaq məsafəli raketlərdən və artilleriyadan istifadəyə üstünlük verməsi münaqişənin sülh yolu həlli imkanlarını aradan qaldırır. 

Müharibənin uzanması da öz növbəsində Britaniyanın bu prosesdə həm hərbi, həm də diplomatik rolunun artmasını şərtləndirir. Hətta br sıra müşahidəçilər Ukraynadakı müharibəni əslində, Rusiya və Britaniya arasında gedən geosiyasi nüfuz savaşı adlandırır. Yəni qarşıdurmanın ABŞ-dan daha çox Rusiya və Britaniya imperiyaları arasında getdiyinə dair iddialar var. 

Ukrayna müharibəsindən sonra formalaşacaq yeni dünya düzəninin də güc mərkəzinin müharibənin nəticəsindən asılı olaraq ya Britaniya, ya da Rusiya olacağı deyilir.

Politoloq Fərrux Məmmədov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, “soyuq müharibə”nin baş çatmasından sonra Böyük Britaniyanın siyasi, iqtisadi və hərbi fəlaiyyətində müvəqqəti passivliyin müşahidə olunması Birləşmiş Krallığın Avropa Birliyinin üzvü olması ilə bağlı idi. Artıq bu mərhələ başa çatdığından, dünyada rəsmi Londonun qlobal fəallığı artmağa başlayıb: 

“”Breksit”dən sonra Böyük Britaniya dərin dövləti xüsusi konsepsiya ortaya qoydu. Bu konsepsiya Avropada milli təhlükəsizliyin İngiltərəsiz mümkün olmadığını nəzərdə tuturdu. Digər prinsip beynəlxalq siyasi və strateji səhnədə, münaqişələrin həllində və sabitliyin formalaşmasında İngiltərənin iştirakının vacibliyindən ibarətdir. Bu isə Britaniyanın yeni kursla meydana çıxmasına səbəb oldu. Xüsusilə, Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibə həmin siyasi xəttin daha aktiv şəkildə həyata keçirilməsi üçün şərait yaratdı. Qeyd edim ki, NATO üzvü olmasına baxmayaraq, Fransanın xarici siyasətindəki qeyri-müəyyənlik, Almaniyanın isə bu siyasəti 70-80 faiz təkrar etməsi Britaniyanı Avropanın tək liderinə çevirdi. XXI əsrin Çörçili adlandırlan Boris Consonun İkinci Dünya Müharibəsi dövründə olduğu kimi siyasi-diplomatik proseslərdə İngiltərənin hökmranlığı ələ almasına nail oldu. Boris Conson İngiltərənin böyük bir imperiya olduğunu və Rusiya imperiyası qarşısında siyasi, iqtisadi və hərbi cəhətdən güclü olduğunu bir daha nümayiş etdirdi. Hazırda dünyada Ukraynanın iki lokomotiv müttəfiqi var. Onların biri ABŞ, digəri Britaniyadır. “Breksit”dən sonra Avropa Birliyi İngiltərə ilə yollarını ayırsa da, hazırda bu ittifaq Boris Consonun liderliyi ilə hərəkət edir. 

Avropa Birliyinin Rusiyaya qarşı belə qərarlı davranması məhz Boris Consonun və Britaniya dərin dövlətinin qətiyyətli mövqeyi dayanır. Hazırda Rusiyanın NATO, ABŞ, İngiltərə və ya Avropa Birliyi ilə münaqişədə olduğunu deyə bilərik. Ancaq ümumilikdə, onların hamısı müttəfiqlərdir. Bunu “Qərb alyansı” da adlandırılar. Lakin onların iki super gücü var. Onlar ABŞ və İngiltərədir. Britaniya amili Ukraynadakı müharibənin əsas strateji və həlledici fiqurlarından biridir. Bu,Ukraynada yalnıəz sabitliyə deyil, həm də milli təhlükəsizliyə hesablanmış faktordur. 

Ona görə də Boris Consonun liderliyi ilə Rusiyaya qarşı daha ağır sanksiyalar və Ukraynaya daha böyük miqdarda silah yardımının şahidi olacağıq. Bu isə yalnız Ukraynanın müdafiəsini gücləndirməyəcək, həm də Avropa Birliyinin İngiltərədən asılılığını artıracaq”. 

Ekspert hesab edir ki, Ukrayna münaqişəsi fonunda gedən geosiyasi rəqabətdə iştirak edən siyasi və hərbi ittifaqlara qoşulan dövlətlərin sayının artacağı istisna edilmir. Bu savaş “soyuq müharibə”dən sonra XXI əsrdə yaranacaq yeni dünya düzənində alyansların formalaşmasına gətirib çıxaracaq: 

“Rusiyanın məğlub edilməsi, xüsusilə də “BRİKS”-ə üzv olan ölkələr Qərbin yaratdığı quruluşlarda yer alacaqlar. Bir tərəfdə qaliblər və müttəfiqlər, digər qütbdə isə məğlublar yer alacaq. Rusiya hələ ki, məğlub tərəfdir və getdikcə daha çox təcrid olunur. Bu təcrid prosesi Putin hakimiyyətdən gedənə və Rusiyanın təcavüz siyasətinə son qoyulana qədər davam edəcək. Yeni dünya düzənində Rusiyanın parçalanması planı yoxdur. Sadəcə olaraq, yeni dünya düzənində Rusiyadan tələb olunan Putinin işğalçılıq siyasətindən imtina edilməsi və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması tələb olunacaq. 

Rusiyanın süquta uğrayaraq çöküşü Çin üçün yeni imkanlar aça bilər. Belə geosiyasi vəziyyətin formalaşması Qərbin maraqlarına cavab vermir. Putinin passivləşdirilməsi və ya siyasətdən uzaqlaşdırılması bu müharibənin əsas məqsədidir. Yay aylarından sonra ABŞ və Britaniyanın aparıcılığı ilə bu proses daha da sürətlənəcək, müharibə daha ağır forma alacaq. Ukraynın başladığı partizan müharibəsinin miqyası daha da genişlənəcək. Qışda isə lojistik dəstək Rusiya üçün çox çətinləşir. Nəticədə, Rusiya güclü itkilər verəcək. Ona görə də Rusiya qışa qədər müharibəni bitirmək istəyir. ABŞ və müttəfiqləri isə müharibəni qışa qədər uzatmaqla Rusiya üçün faciəvi problemlər yaratmağa çalışır”. 

Müşfiq Abdulla
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar