Yaxınları güman edir ki, Hüseyn Hüseynova işgəncə verib, törətmədiyi cinayəti etiraf etdirəcəklər
Bərdədə küçədə telefonla danışarkən söyüş söymə ittihamıyla iyulun 26-da həbs olunan Hüseyn Hüseynovun vəkili 4 gündür ki, onunla görüşə bilmir. İyulun 30-da saat 17.00-da Gəncə Apelyasiya Məhkəməsində onun haqqındakı həbs qərarından verilən şikayətə baxılmalıydı. Lakin onu məhkəməyə də gətirməyiblər.
“5 gündür gizlədirlər, vəkilinə də göstərmirlər”
Bərdənin Piyadalar kənd sakini olan 28 yaşlı Hüseyn Hüseynovun atası Ələmşah Hüseynov oğlunun vəkilə göstərilməməsindən ciddi narahatdır.
“Qorxuram ki, ya onu öldürüblər, ya da işgəncə ilə elə vəziyyətə qoyublar ki, adam arasına çıxarılası deyil. Yoxsa niyə 5 gündür onu gizlətsinlər? Adamı öz məhkəməsinə gətirməyiblər. Bərdə polisi deyir ki, saxlanılan şəxsləri aparan maşınlarımız xarab olub. Bu, bəhanə də deyil, adamı ələ salmaqdır…”, – Gəncə Apelyasiya Məhkəməsinin binası qarşısında Ələmşah Hüseynov ağlaya-ağlaya danışır.
Hüseyn Hüseynov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham edilərək, Bərdə Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Hakim Elsun Əhmədov onun haqqında 1 aylıq inzibati həbs qərarı çıxarıb. Apelyasiya şikayəti də bu qərardan verilib.
İddia olunur ki, Hüseyn Hüseynov iyulun 26-da “Bərdə” hotelin qarşısında telefonla uca səslə danışıb, söyüş söyüb, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərib.
“Polislər məni şərləyib”
Məhkəmə qərarında yazılıb ki, Hüseyn Hüseynov özünü təqsirli bilməyib, polislərin onu şərlədiyini deyib. O bildirib ki, “Bərdə” hotelin qarşısında gedəndə yox, kafedə oturub yemək yediyi vaxt polislər gəlib, onu döyə-döyə Bərdə Rayon Polis Şöbəsinə aparıblar. Polis şöbəsində ona narkotik ittihamıyla sənədi imzalatdırmağa çalışıblar. Lakin o, imtina edib. Bu səbəbdən polis şöbəsində də polislər onu döyüb. Hüseyn Hüseynov polislərin ona qarşı düşmənçilik etdiyini və şərlədiklərini vurğulayıb.
Hakim Elsun Əhmədov qərarında yazıb ki, “polislərin ona qarşı düşmənçilik
etməsi və ona şər atdıqlarını təkidlə bildirməsi Hüseyn Hüseynovun öz əməlindən səmimi peşmançılıq hissi keçirməməsinə dəlalət edir”.
Məhkəmədə dindirilən polislər isə onun dediklərini təkzib edib, telefonla danışanda söyüş söydüyünə görə ona yaxınlaşıb intizama dəvət ediklərini, lakin onun tabe olmayıb müqavimət göstərdiyini iddia ediblər.
“Dərman, düz-əməlli ərzaq almağa pul tapmırıq”
Atası Meydan TV-yə danışır ki, Hüseyn Hüseynovu evdən Dövlət Sosial Müdafiə Fondunun Bərdə şöbəsinin adından çağırıb çıxarıblar. Ailənin dolanışığının çox ağır olduğunu deyən Ələmşah Hüseynov bildirib ki, oğlunun 2 yaşında və 3 aylıq olmaqla, iki azyaşlı övladı var:
“Anası da onkoloji xəstəlikdən əziyyət çəkir. İnanın, dərman, düz-əməlli ərzaq almağa pul tapmırıq. Bu, nə oyundur bizim başımıza açırlar? O uşaqların ahından qorxmurlar?”
“Açılmayan cinayəti boynuna qoymaq istəyirlər”
Ələmşah Hüseynov ehtimal edir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları oğlunu polisə müqavimət adıyla şərləyib həbs etdirməklə onu uzun müddət öz nəzarətlərində saxlamaq və başqa bir cinayəti boynuna qoymaq məqsədi güdüb.
Söhbət 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kəndində baş vermiş qətl hadisəsindən gedir. Kənd sakini, telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirildikdən sonra yandırılıb.
Bu cinayət hadisəsi son vaxtlar efirdə – Xoşqədədəm Hidayətqızının aparıcı olduğu verilişdə araşdırılıb. Ələmşah Hüseynov ehtiyat edir ki, açılmayan cinayəti oğlunun üzərinə qoymaq istəyirlər:
“Xoşqədəm Hidayətqızı efirdə demişdi ki, bu məsələ ilə əlaqədar məni hədələyirlər. Araşdırsınlar ki, kimdir bunu eləyən? Bəlkə də cinayətin açılması görüntüsünü yaratmaq üçün oğluma işgəncə verib boynuna qoymaq istəyiblər. O da işgəncəyə dözməyib, həyatını itirib. Ya da sir-sifəti dəhşətli haldadır. Məhkəmə də bizə bir söz demir ki, bu adamı niyə gətirmirlər? Bu qədər özbaşınalıq olar?!”
Vəkil: “Prokurorluğa da, Ombudsmana da demişəm, dəhşətli vəziyyət yaranıb”
Vəkil Əziz Qəmbərov Meydan TV-yə bildirib ki, iyulun 28-də müvəkkili ilə görüşməkdən ötrü Bərdə Rayon Polis Şöbəsinə getsə də, ona icazə verilməyib:
“Özünü rəis müavini kimi təqdim edən Tural adlı şəxs dedi ki, “get, nə bilirsən elə”.
Vəkil polis şöbəsinin qarşısında 4-5 saat gözləyəndən sonra bu qurumun rəhbərliyinin hərəkətlərindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət edib. Həmçinin polis şöbəsində vəkilə qarşı bu davranışı sosial media hesabında ictimailəşdirib. Bundan sonra polis şöbəsinin rəisi onu qəbul edib:
“Facebook-da bu barədə yazandan sonra Bərdə Rayon Polis Şöbəsinin rəisi Ənvər müəllim məni qəbul etdi. İnsafən, mehriban qarşıladı. Ancaq yenə də hüquqlarını müdafiə etdiyim şəxslə görüşməyə icazə vermədi. Səbəb kimi isə dedi ki, guya inzibati qaydada saxlanılanlardan birində COVİD aşkarlanıb, ona görə də bu sahə nəzarətə götürülüb. Təbii ki, buna inanmadım…”
Həmin görüşdən sonra vəkil də bu nəticəyə gəlib ki, Hüseyn Hüseynovun saxlanması hazırda Baş Prokurorluğun İstintaq İdarəsində araşdırması gedən, eyni zamanda efirdə Xoşqədəm Hidayətqızının araşdırdığı qətl hadisəsilə bağlıdır:
“Ailə də bundan narahat idi ki, qanunsuz yollarla cinayət onun üzərinə qoyula bilər”.
Vəkil Əziz Qəmbərov müdafiə hüququnun pozulmasıyla əlaqədar Ombudsman Aparatına, prokurorluğa da şikayət edib:
“Bərdə rayon prokurorunun köməkçisi Seymur Musayevlə də görüşdüm, iş barədə prokurora məruzə etdi. Dedilər ki, “kömək edə bilmirik”. Dəhşətli vəziyyət yaranıb. Adamı öz məhkəməsinə gətirməmək, vəkilinə göstərməməyin adı nədir, bilmirəm. Ombudsman Aparatı şikayətimə reaksiya verdi, amma görünən odur ki, bu məsələdə Ombudsman da acizdi…”
Gəncə Apelyasiya Məhkəməsindən də Meydan TV-yə iyulun 30-na Hüseyn Hüseynovun işi üzrə məhkəmə iclası təyin edildiyini, lakin özü gətirilmədiyinə görə prosesin keçirilmədiyini təsdiqləyiblər.
Meydan TV həftəsonu olduğundan məsələyə DİN-dən münasibət öyrənə bilməyib.