İran “yola gəlir”

2-09-2022, 11:49   


İran “yola gəlir”


“Amerika Birləşmiş Ştatları İranla nüvə razılaşmasına daha yaxındır”. 

Pentaqonun sözçüsü Con Kirbi belə deyib. “Zoom” proqramı vasitəsi ilə jurnalistlərə açıqlama verən Kirbi ölkənin xarici siyasət gündəmini dəyərləndirib. 

O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın “Nüvə razılaşması üçün ABŞ-dan daha güclü öhdəliklər gözlənilir” deməsinə münasibət bildirib. “İnanırıq ki, ötən həftələr və aylarla müqayisədə indi razılığa daha yaxınıq. Bunun əsas səbəbi İranın razılaşma ilə bağlı bəzi tələblərindən imtina etməyə hazır olmasıdır. Buna görə də müqavilə ilə irəliləyəcəyimizə dair nikbin fikirlər var”,- deyə Kirbi bildirib. Kirbi əlavə edib ki, ABŞ-ın nüvə sazişi ilə bağlı fikirlərlə bağlı İrana cavabı nə Avropa İttifaqından, nə də İrandan hələlik cavab alıb. 

ABŞ və Rusiya mediasının əldə etdiyi məlumatlara görə, İran və ABŞ nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına Avropa Birliyinin irəli sürdüyü təkliflər üzrə razılığa gəlib. Sentyabrın 2-dək İranın yekun düzəlişləri təqdim edəcəyi gözlənilir. Bundan sonra diplomatlar müqaviləni imzalamaq üçün yenidən Vyanada toplaşmalıdır. İran və ABŞ arasında iki əsas mübahisəli məqam qalıb. Birincisi, İran ilkin razılaşmanın vəd etdiyi iqtisadi mənfəətin əldə edə biləcəyinə zəmanət tələb edir. İkincisi, problem MAQATE-nin İrandakı üç nüvə obyektində tapdığı uran hissəcikləri ilə bağlı araşdırmanın aparılması ilə bağlıdır. 

Bu yaxınlarda Beynəlxalq Nüvə Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi Tehranı nüvə obyektlərində uran izlərinin haradan qaynaqlandığını izah etməyə çağırıb. Lakin İslam Respublikası bundan imtina edib. İran hakimiyyətinin reaksiyası uranın zənginləşdirilməsi faktının gizlətmək cəhdindən xəbər verir. Belə ki, avqustun 29-da Prezident İbrahim Raisi bəyan edib ki, MAQATE prosesi başlayana qədər istənilən razılaşma mənasız olacaq. 

O bildirib ki, nüvə proqramı İranın hüququdur və bunu heç kim ala bilməz. “Reuters” siyasi mənbələrə istinadən xəbər verir ki, Vaşinqton və Tehran Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasından sonra mübahisəli məsələni təxirə salmaq və ayrı-ayrılıqda həll etmək barədə razılığa gəliblər. ABŞ-ın “Politico” nəşri isə qeyd edir ki, Avropa İttifaqı İrana BHFP-dan əlavə siyasi saziş başlamağı təklif edib. Bu təklif Tehranın uran izlərinin mənşəyi ilə bağlı izahat verməsi müqabilində üç nüvə obyektində həmin fakt üzrə MAQATE-nin araşdırmalarının dayandırılmasını nəzərdə tutur. Məsələyə münasibət bildirən Rusiyanın beynlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanovun açıqlamasına görə, ayrıca heç bir sövdələşməyə ehtiyac yoxdur. Lakin problem ondadır ki, İran Vyana danışıqlarında iştirak edən və MAQATE İdarə Şurasının üzvü olan Qərb tərəfdaşlarına etibar etmir. Qeyd edək ki, Avstriyanın paytaxtında danışıqlar prosesi 18 aydır ki, davam edir. Eyni zamanda, demək olar ki, altı aylıq fasilədən sonra sonuncu, doqquzuncu tur avqustda başlayıb. Avqustun əvvəlində AŞ BHFP-nın bərpası üzrə yekun təkliflərini tərəflərə təqdim edib. İran avqustun 15-də AŞ-na cavab göndərib. Doqquz gün sonra ABŞ da AŞ-nın planına öz cavabını göndərib. Bundan sonra İran yenidən Amerikanın sənədini öyrənmək üçün müzakirələrə fasilə verib. 

“Nournews” agentliyi xəbər verir ki, Tehran yekun rəyi sentyabrın 2-dək təqdim edə bilər. Tərəflərin BHFP-nın bərpasına yaxınlaşması və ya düzəlişləri müzakirə etmək üçün yenidən bir masa arxasına əyləşməsi İranın cavabından asılıdır. “Reuters”in sazişin yekun mətninin müəllifi kimi adını çəkdiyi Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Josef Borrel ABŞ və İranın cavablarını “ağıllı” adlandırıb. Diplomat qeyd edib ki, sazişin imzalanması üçün Vyanada əlavə görüşlər təşkil etməyi planlaşdırır. 

Lakin bu anlaşmanın İsrailin etirazına səbəb olacağı şübhə doğurmur. Avqustun 24-də İsrailin baş naziri Yair Lapid ABŞ rəhbərinin administrasiyasını İranla danışıqlardan əl çəkməyə çağırıb. Lapid bəyan edib ki, formalaşmaqda olan saziş İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq barədə Prezident Baydenin özünün müəyyən etdiyi standartlara cavab vermir. İsrailin Baş naziri əlavə edib ki, BHFP bərpa edildikdən sonra İran təxminən 100 milyard dollar dondurulmuş vəsaitini alacaq və bu pulları “Hizbullah”, “Həmas” və “İslami Cihad”ı gücləndirmək üçün istifadə edəcək. Ekspertlər hesab edirlər ki, İsrailin son günlər Suriyada fəallaşması və İranın hərbi obyektlərinə aviazərbələr endirməsi, eləcə də İraqda İran əleyhinə etiraz aksiyalarının güclənməsi nüvə anlaşmasının pozulmasına səbəb ola bilər. Digər rəylərə görə, Tehran və Vaşinqton arasında razılaşma əldə olunsa və sentyabr ayında BHFP bərpa edilsə belə, sanksiyalar tezliklə aradan qaldırılmayacaq. Bu proses ən azı bir il yarım uzanacaq. Qərb şirkətləri və firmaları İrana qayıtmağa tələsməyəcək. Üstəlik, SWIFT-ə qoşulma, dondurulmuş vəsaitlərin qaytarılması ilə bağlı problemlər olacaq. İslam Respublikasının xarici siyasətində Şərq, Rusiya Federasiyası və Çin xətti qalmaqda davam edəcək. Çünki Rusiya Federasiyasından malların tranziti üçün alternativ marşrut “Şimal-Cənub” nəqliyyat dəhlizindən keçir. 

Eyni zamanda İran öz məhsullarının ixracı üçün Rusiya və Avrasiya bazarından istifadə edir. Josef Borrel isə avqustun 24-də BHFP-nın bərpasına cəmi bir neçə gün qaldığını bilrdirərək, “Yaydan sonra biz yeni siyasi dinamikaya daxil olacağıq”, - deyib. Beləliklə, indi hamı sentyabrın 2-ni və ABŞ-ın rəyinə İranın cavabını gözləyir. Tərəflərin nüvə sazişini bərpa edə biləcəkləri bundan asılı olacaq.

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar