“BİLDİYİMİZ RUS ORDUSUNDAN ƏSƏR-ƏLAMƏT QALMAYIB...” - “Qarşıda daha qanlı,strateji xarakterli döyüşlər var”

12-09-2022, 15:24   




Azad İsazadə: “Rusiyanın əsas döyüş qabiliyyəti olan ordusu məhv edilib”

“Ukrayna ordusu İzyumdan sonra Donetsk şəhərinə yönələ bilər”

Rusiya Ukraynaya qarşı hərbi təcavüzünün yeddinci ayında ağır vəziyyətlə üzləşib. Sentyabrın 8-də Ukraynanın başlatdığı əks-hücum Xarkovda rus cəbhəsinin çökməsinə səbəb olub. Xerson ətrafındakı rus ordusu isə faktiki olaraq mühasirəyə düşüb.

Sentyabrın 9-10-da baş verən hücumlar rusların biabırçı şəkildə İzyum və Kupyanskdan qaçmasına, Donetskdə cəmləşməsinə səbəb olub.

Beləliklə, hazırda beynəlxalq ictimaiyyət “dünyanın ikinci ordusu”nun əslində, hansı durumda olduğunu müşahidə edir. Bununla belə, hərbi mütəxəssislər rus ordusunun Ukraynada tam məğlub olmadığını və qarşıda ağır döyüşlərin olacağının anonsunu verir.

“AzPolitika.info” bu mövzunu hərbi analitik Azad İsazadə ilə müzakirə edib.

- Azad müəllim, artıq Ukrayna ordusunun əks-hücum kampaniyası demək olar ki, tam sürətlə başlayıb. Hazırda hərbi teatrda müşahidə edilən vəziyyəti necə qiymətləndirirsiniz?

- Ukrayna ordusu olduqca maraqlı, ənənəvi olmayan gediş etdi. Əvvəlcədən elan etdi ki, cəbhənin hansı istiqamətindən hücuma keçəcək. Bildirildi ki, Ukraynanın cənubunu işğaldan azad edəcəklər. Beləcə, Ukrayna hərbi-siyasi rəhbərliyi rusları məcbur etdi ki, öz ordusunu Xerson ətrafına cəmləşdirsin. Həriqətən də ilk hücumu cənubdan başladılar. Amma coğrafi vəziyyətdən istifadə erdərək imkan yaradıldı ki, ruslar Xersonda 25 minə yaxın ordu cəmləsin. Daha sonra bu ordunun arxasındakı körpüləri vurdu, əlaqələrini pozdu. Hazırda ruslar ordunu oradan çıxara bilmirlər. Ukraynanın da gücü tam çatmır ki, bu ordunu dərhal məhv etsin. Əvəzində, Ukrayna ordusu başqa yerdən zərbə endirdi. Məsələn, Xarkov istiqamətində cəmi bir cəbhə zolağı var. Bu zolağı yardıqdan sonra Ukrayna ordusu faktiki olaraq 50 kilometrdən çox irəliləyib və hazırda da dayanmır. Kupyanskı götürdü. Kupyansk mühüm əhəmiyyətə malik logistika mərkəzidir. Faktiki olaraq, Donetsk istiqamətində yerləşən rus ordusu Kupyansk vasitəsilə silah və canlı qüvvə ilə təmin olunurdu. Üstəlik, İzyum ətrafında yerləşən 10 minə yaxın rus ordusu da pis duruma düşdü və geri çəkilməli oldu. Səbəb Kupyanska nəzarətin ələ keçirilməsi idi. İzyumda faktiki olaraq, rus ordusu “əməliyyat mühasirəsinə” düşmüşdü. Buna görə də ruslar məcbur olub İzyumdan çıxmalı oldular. Çünki yollar kəsilmişdi, köməyə gəlmək üçün logistika yoxdur.

Bəli, ruslar həmdə çalışırlar ki, üçüncü ordu korpusunu aktivləşdirsinlər və əks-hücuma keçsinlər. Aydındır ki, Ukrayna Baş Qərargahı bu məqamları nəzərə alır və ona qarşı tədbirlər həyata keçirir. İstisna etmirəm ki, Ukraynanın əks-hücumu bir-iki günə səngiyəcək. Çünki azad edilən torpaqlar elə də az deyil, üstəlik orada mühafizəni təşkil etmək, hücum kampaniyasında iştirak edən qoşuna istirahət vermək lazımdır. Amma onu da nəzərə almalıyıq ki, cəbhə xətti dağılsa və ruslar müqavimət göstərməsə, Ukrayna ordusu hücumu inkişaf etdirəcək. Lakin məntiqlə bir qədər pauza verməlidirlər ki, hücum qoşunları dincəlsin və əlavə ehtiyat qoşunları da gəlsin.

Burada digər maraqlı məqam odur ki, Rusiya yaşanan vəziyyəti nə ətraflı izah edir, nə bu barədə məlumat verir, nə də bunu müzakirə edir. Əvəzində çalışır ki, heç nə olmadığını nümayiş etdirsin. Reallıqda isə cəbhədə yerləşən və “Rosqvardiya” adlanan qoşunlar darmadağın edilib. Vəziyyət maraqlı məcrada inkişaf edir. Məlum olduğu kimi, Ukrayna Baş Qərargah rəisi Valeri Zalujnı bu günlərdə böyük məqalə ilə çıxış edib. General qeyd edib ki, müharibə 2023-cü ildə də davam edə, ruslar hətta yenidən Kiyevə hücum edə bilər. Bununla Zalujnı məqaləsində əhalini hazırlayır ki, hər şey yaxşı bitməyə də bilər, cəmiyyət ümidlə özünü aldatmasın, qabaqda ağır döyüşlər olacaq. Mən anlayıram, hər bir general kimi Zalujnı da ən pis ssenariləri nəzərdən keçirir və ifadə edir. Əslində, general demək istəyir ki, bizdən tələb etməyin ki, indidən müharibəni bitirək. Təxmini situasiya belədir.

- Ukrayna ordusu sentyabrın 8-dən başlayan hücumla nəzərəçarpan ölçüdə əraziləri geri aldı. Bəs, rus ordusunun indiki situasiyada əks-hücum potensialını necə qiymətləndirirsiniz?

- Öncə onu qeyd edək ki, Rusiyanın döyüş qabiliyyətli ordusu faktiki olaraq yox dərəcəsindədir. Amma o, say baxımından kifayət qədər böyükdür.Bununla yanaşı, onun əsas hissəsi əsl mənada döyüşçü deyil. Orada küçələrdən yığılan və əlinə silah verilən insanlar var. Bu ordu sayı çox olduğundan əks-hücuma keçə bilərl. Ancaq mən belə anlayıram ki, Ukrayna buna hazırdır və anbarları, ehtiyatları vurmaqla zərbələrin tempini saxlamağı planlaşdırır.

Bir sözlə, rus ordusunun sayı kifayət qədərdir, amma döyüş qabiliyyəti və keyfiyyəti yoxdur. Rusiyanın əsas döyüş qabiliyyəti olan ordusu məhv edilib. Rusların elit, qabiliyyətli döyüş birlikləri faktiki olaraq yoxdur. Desant diviziyası, Moskvanı qorumaq məqsədilə yaradılan məşhur İkinci ordu praktiki olaraq, iki-üç dəfə ağır zərbə alıb. Onların adları qalıb, amma tərkibi 2-3 dəfə dəyişib. İndi Üçüncü korpus yaradıblar, onun şəxsi heyət sayı 15 minə yaxın olmalı idi, amma son xəbərə görə, 10 min adam toplaya biliblər. Bunlar da əsasən həbsxanalardan, psixoloji dispanserlərdən toplanıb. Yəni, haradan imkan varsa adam yığıblar. Sənədlərə baxanda görərik ki, məktəbi qurtaran və 18 yaşı tamam olan uşaqları da korpusun tərkibinə veriblər. Hətta onların da bəzilərini Kupyansk istiqamətinə atmışdılar. Rusiya yalnız sayla nəsə edə bilər. Amma Ukrayna buna da hazırdır. İndi baxaq görək kim dözümlü çıxacaq.

- Dünən Moskva Xarkov istiqamətinə böyük hərbi karvan göndərib, burada müasir silahların da olduğu bildirilir. Sizcə, bu, gedişatı dəyişə bilərmi?

- Ruslar resurslarından savadlı və ağıllı istifadə edə bilsə, nəyisə dəyişə bilər. Amma bu kolonları və Üçüncü korpusu ayrıca qüvvə kimi döyüşə atmadılar. Onu hissələrə ayıraraq müxtəlif istiqamətlərə atıblar. Məncə, indi Ukraynanın əsas məqsədi əks-hücum prosesində birinci zərbəyə dözməkdir. Mümkündür ki, ruslar bir neçə istiqamətdə hücuma keçmək istəyəcəklər. Ukrayna buna dözsə və zərbəni saxlaya bilsə, əks-hücum davam edəcək və ruslar qaçacaq.

Məsələn, Ukraynanın Müdafiə naziri Aleksey Reznikov deyir ki, iki-üç qələbədən sonra ruslar qaçacaq. Əslində, indi Ukrayna ordusunun vurduğu zərbələr olduqca əhəmiyyətlidir. Bu, rusların növbəti əks-zərbəsi baxımından önəm daşıyır.

- Ukrayna ordusunun belə sürətli əks-hücumu baş verirsə, deməli silah-sursat baxımındna problemlər həll edilib...

- Silah-sursat kifayət qədərdir, amma ağır texnika yox. Yəni, əldə olan ağır texnika hücuma keçməyə imkan versə də, çatışmır. Bir azdan daha çoxuna ehtiyac hiss ediləcəkl. Artilleriya baxımından üstünlük Ukrayna ordusundadır. Eləcə də Rusiyanın hava müdafiə sistemlərini vurduqdan sonra ukraynalılar havada üstünlük qazana biliblər. Hazırda Ukrayna helikopter və təyyarələri rus ordusuna zərbələr endirir. Amma hücum üçün daha çox texnika lazımdır. Diqqət etsəniz görərsiniz ki, Ukrayna ordusu bir neçə gündür ki, cənub istiqamətində rus silah anbarlarını vurmağa başlayıb. Çalışırlar ki, öncədən qarşıdakı təhlükələri zərərsizləşdirsinlər. Həm də indi rus ordusunda sursat aclığı yaşanır, silaha ehtiyac var.

- Çoxlarının tərif etdiyi, dünyanın ikinci ən güclü ordusu sayılan Rusiya ordusu nədən bu günə düşüb?

- Artıq bildiyimiz rus ordusundan əsər-əlamət qalmayıb. Biz düşünürdük ki, o, dünyanın ikinci güclü ordusudur və s. Bu ordunun real gücü qalmayıb. Lakin o, yenə də təhlükəlidir, çünki say məsələsi var. Məsələn, peşəkar karate ustası beş nəfərlə döyüşə bilər. Amma üzərinə 20 nəfər tökülsə, gec-tez uduzacaq. Bu mənada Ukraynanın bir birqadasının üzərinə üç rus alayı düşsə, bunun ikisini məhv edəcək, amma üçüncüdə yorulacaq. Say üstünlüyü bu baxımdan əhəmiyyətlidir.

Məsələn, hazırda “Vaqner” döyüşür, elə onların hesabına ruslar nəsə edə bilirdilər. Həbsxanalardan buraxılan cinayətkarlar da onun tərklibinə daxil edilir. Lakin onlar da ciddi itkilər veriblər və getdikcə azalırlar.

- Qarşıdan payız və qış fəsli gəlir. Ərazi düzənlikdir, orada çoxlu bataqlıqlar var və sair. Sizcə, soyuq aylarda müharibə əməliyyatları davam edəcəkmi?

- Mənim fikrimcə, döyüşlər bütün qış fəsli boyu davam edəcək. Ola bilsin ki, payızda səngimə olsun. Çünki yağışlar texnikanın hərəkətinə imkan verməyəcək. Nəzərə alın ki, döyüşlər aranda və düzənlikdə gedir. Texnika palçıqda batacaq. Amma şaxta düşdükdən sonra döyüşlər davam edəcək. Unutmayaq ki, döyüşlər elə fevralda başlamışdı. Həm də unutmayaq ki, artıq Qərb ölkələri Ukrayna ordusu üçün qış geyimləri, çadırlar, avadanlıqlar hazırlayır. Yəni, Ukrayna ordusu qışa hazırlaşır. Rusiyada isə bu məsələ bir qədər fərqlidir. Əvvəla, onların təminatı pisdir. Hətta elə rus hərbi hissələri var ki, fevraldan indiyə qədər döyüşür və onlara yay paltarı da verilməyib. İstisna etmirəm ki, qışda rus ordusunda bu kimi problemlər yarana bilər.

- Demək istəyirsiniz ki, daha qanlı döyüşlər qarşıdadır?

- Mən deyirəm ki, qış fəsli boyu döyüşlər gedəcək. Bəli, əgər rusların gözlənilən əks-hücumunu Ukrayna dəf edə bilsə, hücumu davam etdirəcək və qış boyu əməliyyatlar keçirərək torpaqlarını azad etməyə çalışacaq. Amma qarşıda daha qanlı, strateji xarakterli döyüşlər var.

- Ukraynanın bir neçə istiqamətdə gedən əks-hücumu uğurla başa çatdırılsa, bu, hansı nəticələr yaradacaq?

- Nəzərə alaq ki, müharibə başlamazdan əvvəl Ukrayna ordusunun mövqeləri Donetsk şəhərinə yaxın idi, sadəcə onların Donetskə hücum etmək imkanları yox idi. İstisna etmirəm ki, bu dəfə İzyumdan sonra Donetsk şəhərinə yönələ bilərlər. Müharibə başlamazdan əvvəl Ukrayna ordusu Donetskin 5-6 kilometrliyində mövqe tuturdu, sadəcə Donetskdə güclü müdafiə istehkamları qurulduğuna görə, Ukrayna hücum etmirdi. Amma indi hücum inkişaf etdirilsə, rus ordusunun ehtiyatları vurulsa və Donetsk müdafiə xətti güclü artilleriya atəşinə məruz qoyulsa, istisna etmirəm ki, Donetsk üzərinə hücum başlaya bilər.

- Hazırda Ukrayna tərəfi hərbi üstünlük əldə edib, rus ordusu İzyum daxil olmaqla bir sıra məntəqələrdən qaçıb. Sizcə, bundan sonra danışıqlar üçün imkan pəncərəsi açılırmı?

- Ukraynanın şərti budur ki, rus ordusu dövlət sərhədlərini tərk etdikdən sonra danışıqlar ola bilər. Bu gün Kiyev bu mövqedədir. Sabah necə olacağını demək çətindir. Ruslar isə dialoqa şərtsiz hazırdır. Məncə, indi Ukrayna bu mövqeyini dəyişməyəcək və hərbi səhnədə təşəbbüsü tam əlinə aldıqdan sonra güclü tərəf kimi masaya oturacaq.

- Rusiyanın bundan sonra Ukraynanı və dünyanı şantaj etmək ehtimalı varmı?

- Rusiya bütün alətlərdən - nüvə silahı şantajından, Zaporojie AES-dən, raketlərindən istifadə edib. İlkin mərhələdə dünya bundan qorxmuşdusa, indi vahid mövqe var. Üstəlik, ruslar hazırda Avropanı qazla şantaj edir. Amma dünya buna fikir vermir. Əksinə, dünyanın Ukraynaya dəstəyi davam edəcək. ABŞ Müdafiə naziri elan etdi ki, sona qədər Ukraynaya dəstək veriləcək. Bu payız və qış aylarında Ukrayna hərbi üstünlük qazanacaq, gələn il müharibə davam edəcək. Amma onu da nəzərə almalıyıq ki, müharibənin dayandırılması, cəmi bir qərardan asılıdır.

Rasim Əliyev

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar