“Azərbaycan antiterror əməliyyatlarının ikinci mərhələsini həyata keçirə bilər, son hadisələrdən sonra buna zərurət var”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.
O, sentyabrın 12-dən 13-ünə keçən gecə Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliyə münasibət bildirib:
“Artıq 2 il vaxt keçib və Üçtərəfli Atəşkəs Bəyanatının 4-cü maddəsini nə Ermənistan, nə də Rusiya yerinə yetirir. Azərbaycan öz ərazisindəki xarici ordu ünsürlərini çıxarılmasına nail olmalıdır. Eyni zamanda, separatçı rejimin ləğvinə qərar verilməlidir. Azərbaycan bütün, o cümlədən ermənilərin yaşadığı ərazilərdə suveren hüquqları bərpa olunmalıdır”.
Siyasi analitik təklif edib ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün bu dövlətin ərazisində mövqe tutmalı və həmin ərazidə bufer zona yaratmalıdır:
“Azərbaycan elə bir mənfur düşmənlə üz-üzədir ki, o, zəif bənd kimi istənilən xarici gücün aləti ola bilir. Təhlükəsizliyimizi təmin etmək üçün Azərbaycan ordusu Ermənistan ərazisində müəyyən strateji nöqtələrini tutub bufer zona yaratmalıdır”.
Yadınızdadırsa, 30 ilə yaxın keçmiş Dağlıq Qarabağla bərabər Azərbaycanın 7 rayonu da bufer zona kimi işğal olunub saxlanmışdı. Eyni zamanda, Türkiyə də Suriyanın şimalında 30 km-lik bir təhlükəsizlik zonası yaratmağa çalışır. Yəni təxribat və təhlükələrdən sığortalanmaq, ayrıca erməni diversiya qruplarının Azərbaycan ərazilərini yenidən minalamasının qarşısını almaq üçün bu vacibdir.
Əlbəttə, bu ərazilərin həmişəlik Azərbaycanın əlində qalmasını iddia etmirəm. Nə zaman ki Ermənistan daşı ətəyindən töküb sülh müqaviləsinə imza atar, onda Azərbaycan bu əraziləri boşalda bilər”.
Rafi MÜSLÜMOV