Kraliça II Elizabetin SİRRİ ÜZƏ ÇIXDI - Düz 30 il əvvəl…

14-09-2022, 15:43   


Keçən həftə Şotlandiyada Balmoral qalasında vəfat edən kraliça II Elizabetin nəşinin qoyulduğu tabutla bağlı sirlər üzə çıxıb… Diqqət çəkən məqamlar...

İngiltərənin ən uzun müddət hakimiyyətdə olan monarxı Kraliça Elizabetin 19 sentyabrda keçiriləcək dəfn mərasiminin təfərrüatları dünya mediasının bir nömrəli gündəminə çevrilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, dünya liderlərinin də qatılacağı cənazə mərasiminə ən az 6 milyard funt-sterlinq xərclənəcəyi deyilir. Ötən cümə axşamı Şotlandiyada Balmoral qəsrində həyatını itirən kraliçanın cənazəsi dünən axşam Londona gətirilib.

8 kral əsgəri tərəfindən aparılan Kraliça II Elizabetin tabutu cənazə maşınına qoyularaq Bukinqem sarayına aparılıb.

QURĞUŞUNLA ÖRTÜLMÜŞ TABUTUN SİRRİ

Kraliça II Elizabetin nəşinin qoyulduğu tabut adi tabutlarla müqayisədə kifayət qədər ağırdır. Bunun səbəbi tabutun içinin qurğuşunla örtülməsidir.

Kral ailəsinin üzvlərinin öldükdən sonra içi qurğuşunla örtülmüş tabutlara qoyulması ənənəsi yüz illər əvvələ gedib çıxır və bunun elmi izahı var.

Bu tabutlar hava keçirməyən xüsusiyyətləri sayəsində nəmin içəri daxil olmasına mane olur. Bu da cəsədin bir ilə qədər çürümədən saxlanmasını təmin edir.

400 İLLİK ƏNƏNƏ

Kraliyyət sənədlərinə əsasən, 1603-cü ildə vəfat edən I Elizabet də içi qurğuşunla örtülmüş tabutda basdırılıb. Bu, kral ailəsinin ən azı 400 ildir ki, “qurğuşun tabutlar” ənənəsini davam etdirdiyini göstərir.

Kral tabutları yaxşı yetişdirilmiş palıd ağacından hazırlanır, içərisindəki taxta qurğuşunla örtülür.

Bu tabutlar ilk dəfə öz dəqiqliyinə və işinin keyfiyyətinə görə fərqlənən “Henry Smith” firması tərəfindən hazırlanıb.

2005-ci ildə bağlanan firma Şahzadə Filipp, Diana Dors, Freddi Merkuri və Jimi Hendrix kimi dünyaca məşhur şəxslər üçün tabutlar düzəldib.

DÜZ 30 İL ƏVVƏL HAZIRLANIBMIŞ

1991-ci ildə kral ailəsinin dəfn işlərini öz üzərinə götürən “Leverton & Sons” şirkəti II Elizabetin tabutunun elə həmin vaxtdan hazır olduğunu bildirir. Şirkət tabutu hazır vəziyyətdə “Henry Smith”dən təhvil alıb.

Kraliça II Elizabetin dəfni “Leverton & Sons” şirkəti tərəfindən həyata keçirilən ən təntənəli mərasim olacaq.

1789-cu ildə qurulan şirkət indiyədək Kraliça Elizabet Bouz-Layon, Şahzadə Diana, Şahzadə Marqaret və keçmiş baş nazir Marqaret Tetçerin dəfnlərini də öz üzərinə götürüb.

Nigar Cəfərli,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar