Paşinyanın imtina etdiyi Şanxay görüşündə bizi nə gözləyir? - Sədrəddin Soltanın şərhi

15-09-2022, 17:19   





Xəbər verdiyimiz kimi, bu gün Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçılarının zirvə toplantısı keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak etmək üçün Özbəkistana səfər edib. Eyni zamanda Putin (Rusiya), Raisi (İran), Sadır Japarov (Qırğızıstan), Imomali Rahmon (Tacikistan), Si Jinping (Çin), Serdar Berdimuhamedov (Türkmənistan) də Səmərqəndə gəliblər.


Bəs Şanxay Əməkdaşlıq Təşkilatının bu iclasının Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?


Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycana qarşı təzyiqlərin qarşısının alınması üçün Şanxay Əməkdaşlıq Təşkilatı çox əhəmiyyətli bir tribuna sayıla bilər.




Politoloq qeyd edib ki, təşkilat yarandığı gündən Asiyada iqtisadi əlaqələrin güclənməsi və inkişafı ilə məşğuldur:


“Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük iqtisadiyyatına malik iki dövlətdən birinin təmsil olunduğu təşkilatdır. Yəni, Çin, o təşkilatın əsas sponsor və təsisçilərindəndir. Təşkilat 2001-ci ildə Çinin Şanxay şəhərində təsis olunub. Təşkilatın Hindistan, Rusiya, Pakistan, İran kimi üzvləri var. Bu ölkələr həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bazara görə çox böyük əhəmiyyət kəsb edir. Amma dünyada baş verən hadisələr Şanxay Əməkdaşlıq Təşkilatının həm də Qərblə rəqabət funksiyası daşıdığını ortalığa çıxarır. Son zamanlar Rusiyanın Ukraynada, ondan əvvəl Gürcüstanda keçirdiyi hərbi əməliyyatlar zamanı Qərbin, ABŞ-ın, Avropa İttifaqının və onların müttəfiqlərinin Rusiya şirkətlərinə tətbiq etdiyi sanksiyalar Şanxay Əməkdaşlıq Təşkilatının Rusiya və Çin üçün əhəmiyyətini daha da artırdı. Bundan başqa Qərb ölkələrinin öz müttəfiqlərinə qarşı təziqləri artırması, müttəfiqlərin müəyyən mənada Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa meyillənməsinə təkan verdi. Məsələn, Qərbin güclü müttəfiqlərindən biri olan, Avropa İttifaqına inteqrasiyası əngəllənən Türkiyə də ŞƏT-ə doğru hərəkət edir”.


S.Soltan ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti haqqında da danışıb:


“Azərbaycanla ŞƏT arasında memorandum 2016-cı ildə imzalanıb. Azərbaycanın bu təşkilatla əməkdaşlıq aparması, orada öz fikirlərini söyləməsi, onların liderlərilə görüşlərin keçirilməsi ölkəmiz üçün siyasi, iqtisadi, hətta hərbi baxımdan önəm daşıyır. Ermənistanın Azərbaycan sərhədində törətdiyi genişmiqyaslı təxribatdan sonra Prezident İlham Əliyevin bu sammitə qatılması, orada Rusiya, Türkiyə, Çin prezidentləri və rəsmilərilə bir sıra görüşlər keçirməsi şübhəsiz ki, Azərbaycanın haqlı mübarizəsində çox böyük önəm daşıyacaq. Bu baxımdan Səmərqənd görüşü əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan keçmiş ipək yolunun, nəqiliyyat xəttinin üzərində yerləşən, eyni zamanda neft-qaz hasilatçısı olan ölkədir və dünyanın enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Ona görə də Azərbaycanın ŞƏT-ə üzv olan ölkələrlə əməkdaşlığı ölkəmiz üçün iqtisadi cəhətdən də səmərəli ola bilər. Bu təşkilatla dialoq aparan 6 ölkə var ki, onlardan biri də Ermənistandır. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə bu təşkilatın təsir etmək imkanları da var”.


Fəridə
Baku Post
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar