İranda rejim dəyişəcək? - “Şahçılar milyardlarını xərcləyərək...”

26-09-2022, 17:13   


İranda rejim dəyişəcək? - “Şahçılar milyardlarını xərcləyərək...”


İranda baş verən kütləvi etirazlar 1979-cu ildə İslam inqilabı nəticəsində devrilmiş Məhəmmədrza şah Pəhləvinin ailəsini də hərəkətə gətirib. 

Şahın hazırda ABŞ-ın Merilend ştatında yaşayan oğlu Rza Pəhləvi vaxtaşırı verdiyi açıqlamalarda İranda hakimiyyətə qayıtmaq iddiasını nümayiş etdirir. Bu dəfə də İranda teokratik rejimə qarşı başlanmış güclü mübarizədə Rza Pəhləvinin xalqa müraciətinin arxasında məhz bu niyyətin dayandığı şübhə doğurmur. Rza Pəhləvinin indiyə qədər özünü Rza Şah adlandırması və şahzadə titutulundan imtina etməməsi onun hələ də özünü monarx hesab etdiyini göstərir. 

İranın ali lideri Ayətullah Seyid Əli Xameneyinin səhhətinin ağırlaşdığı bir vaxtda aksiyaların getdikcə güclənməsindən istifadə edən Rza Pəhləvi yenidən hakimiyyətə can atmağa başlayıb. Rza Pəhləvinin İranın daxili ictimai həyatında və siyasi elitada dəstəyi çox zəifdir, hətta demək olar ki, yoxdur. O, daha çox xaricdə mühacirət həyatı yaşayan tərəfdarlarına və lobbi qrupuna arxalanır. 

“Şahçılar” adlanan bu qrupların fəallaşmasına səbəb olan amillər var. İlk növbədə, İran rejimi xalq arasında nüfuzunu tamamilə itirib. Hakimiyyətin bütün siyasi, ideoloji və iqtisadi dayaqları sarsılıb. Qadınların kütləvi şəkildə baş örtüsünüdən imtina etməsi xalqın şəriət qanunları ilə deyil, dünyəvi dövlətdə yaşamaq istəyini göstərir. İkincisi, İran hökuməti artmaqda olan yoxsulluq, qiymət artımı və devalvasiyanın qarşısını ala bilmir. Hakimiyyət problemlərin həllini repressiya yolu ilə xalqı susdurmaqda görür. Üçüncüsü, ali lider Ayətullah Xameneyinin artıq komada olduğuna dair məlumatlar rejimə qarşı çıxan bütün daxili və xarici qüvvələrin siyasi cəhətdən aktivləşməsinə şərait yaradıb. Dördüncüsü, İrandakı etirazların daha çox spontan şəkildə baş verməsi və prosesləri idarə edən təşkilati qüvvənin, yaxud vahid liderin olmaması görünür, şahçıların diqqətini cəlb edib. Onlar yaranmış boşluqdan aksiyaçıları öz arxasınca aparmaq üçün istifadəyə çalışır. 

Xalq şah diktaturasının siyasi zülmünü hələ unutmasa da, təşkilatçılıq problemi Rza Pəhləvinin hakimiyyətə gedən yolda kütləni öz arxasınca aparması üçün vasitəyə çevrilə bilər. Beşincisi, Rza Pəhləvinin güvəndiyi əsas amillərdən biri İranda artan sosial-iqtisadi böhran fonunda güclü maliyyə resurslarına malik olması ilə bağlıdır. Hətta o, hakimiyyətə qayıtmaq üçün yoxsul və hüquqsuz İran xalqına yüz milyonlarla dollar xərcləməyə hazırdır. Teokratik rejimin devriləcəyi təqdirdə, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların aradan qalxacağı gözlənilir. Görünür, Rza Pəhləvi İranın xarici banklarda dondurulmuş aktivlərinin yenidən açılmasına siyasi hakimiyyətə aparan yolda divident kimi baxır. Lakin Rza Pəhləvinin açıqlamaları onun demokratiya adı altında İranda avtoritar rejimi bərpa etmək planlarından xəbər verir. O, bu yaxınlarda verdiyi müsahibədə İranda konstitusiyalı monarxiya sisteminin qurulmasını təklif edib. Yəni Rza şah dolayısı ilə hakimiyyətə qayıdacağı tədqirdə, şahlıq üsul-idarəsini bərpasına işarə edir. 

Seçkili hökumət isə bu rejimin atası Məhəmməd Rza Şahdan fərqli olduğunu nümayiş etdirməyə hesablanıb. Bu cür idarəetmə sistemi İranda faktiki olaraq hazırda mövcuddur. Yəni hakimiyyətin bütün strukturlarına keçirilən seçkilər görüntü xarakteri daşıyır. Ali dini lider tərəfindən dəstəklənməyən şəxs prezident və deputat seçilə bilməz. Rza Pəhləvi də formal olaraq tədbirlərdə iştirak edən səlahiyyətsiz şah olmaq istəmədiyini deyir. Bununla da o, Ayətullah Xameneyi kimi ölkə konstitusiyasına və hökumətə nəzarət imkanlarına sahib olmaq iddiasını gizlətmir. Belə olan halda sual yaranır ki, Rza Pəhləvinin hazırkı hakimiyyətdən ciddi fərqi varmı? Xalq nə üçün onu dəstəkləməlidir? Rza Şah Pəhləvi hakimiyyətə gələrsə, onun islamçılardan fərqləndirən əsas cəhət bu dövlətin dini deyil, dünyəvi prinsiplərə söykənməsi ola bilər. Bir sıra hallarda isə Rza Şah həm atasının, həm də İslam inqilabçılarının dövründə mövcud olmuş siyasi ənənəni davam etdirmək niyyətini gizlətmir. Bu ilk növbədə, panfarsist düşüncə sisteminə əsaslanan idarəetmə üsuludur. İran çoxmillətli ölkə olduğundan, orada milli hüquqlar təmin edilmədən demokratiya bərqərar ola bilməz. Pza Pəhləvi isə bütün çıxışlarında İrandakı xalqlara və millətlərə hər hansı hüquq vəd etmir. 

Halbuki İran əhalisinin 35 milyon nəfəri və ya 45 faizini Güney Azərbaycan türkləri təşkil edir. Ana dilində təhsil almaq hüququndan məhrum edilən Azərbaycan türkləri həm şah dövründə, həm də molla rejimində eyni ayrı-seçkiliyə məruz qalıb. Bunlar azmış kimi, Rza Pəhləvi yenidən fars müstəmləkə siyasətini davam etdirmək niyyətini bildirir. Ancaq İranda hakimiyyətə iddialı olan bir şəxsin, görünür, siyasi məntiqi milli məsələnin əhəmiyyətini qavramır. Çünki İran kimi çoxmillətli bir ölkədə dövlət başına gəlmək üçün bütün millətlərin siyasi dəstəyini qazanmaq başlıca şərtdir. 

Bu baxımdan, ilk sırada farslar deyil, sayca ən böyük toplum olan Azərbaycan türkləri dayanır. Rza Pəhləvinin Azərbaycan türklərinin hüquqlarını tanımaması onu hakimiyyətə gətirmək istəyən “Los-Anceles qruplaşması”nın planında belə bir məsələnin dayanmadığından xəbər verir. Şahzadə deyib ki, əsas məqsədi İranın dövlətçiliyi və bütövlüyünü saxlamaqdır. O, buna nail olmaq üçün indiki İran ordusuna, SEPAH dəstələrinə və İran polisinə güvənəcəyini bildirib. Bununla da Rza Pəhləvi İranın bölünməsinin qarşısını almağın yolunu digər millətlərə qarşı güc tətbiq etməkdə gördüyünü bəyan edib. 

Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü Ağrı Qaradağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Rza Şah Pəhləvi və yaxınları böyük maliyyə və media resurslarına malikdir. Onları hakimiyyətə qayıtmağa həvəsləndirən başlıca səbəb də məhz bununla bağlıdır. Lakin xalqın bu prosesə dəstək verəcəyi inandırıcı görünmür: 

“Onların İranın daxilində müəyyən dəstəkçiləri var. Ancaq bu, onları hakimiyyətə gətirəcək səviyyədə deyil. Rza Pəhləvi xalqın dəstəyini almaq üçün onlara demokratik idartəetmə vəd edir. Buna baxmayaraq, nə Güney Azərbaycan türkləri, nə ərəblər, nə bəlluclar bunu istəyir. Güney Azərbaycanda keçirilən aksiyalarda səslənən şüarlardan biri belədir: “Azərbaycan öz yolunu tapıbdır, Vilayəti, səltənəti atıbdır!”, yaxud “Nə şahçıyıq, nə şeyxçi, millətçiyik, millətçi!” Ərəb xalqı da bizim kimi şahçıların yenidən hakimiyyətə qayıtmasını istəmir. Artıq İran adlanan ölkədə yaşayan xalqlar nə şahı, də molla hakimiyyətini qəbul edir. Bu, ona görə də ciddi məsələdir. Pəhləvilərin xaricdə dəstəkçisi daha çoxdur. Ola bilsin ki, ABŞ onları dəstəkləyir. Başqa Avropa ölkələri də bu ideyaya dəstək verə bilər. Amma bu İranın daxilində həyata keçməyəcək. Hesab edirəm ki, İranda rejim dəyişikliyi baş verməyəcək. Əgər rejim dəyişikliyi olarsa, kütləvi xaos, çaxnaşma yaranarsa, İran bölünməyə doğru gedəcək. Ona görə də Rza Pəhləvinin hakimiyyətə gətirilməsi absurd məsələdir”. 

Həmsöhbətimiz başqa bir namizədin meydana çıxmasının rejimin dəyişməsinə səbəb ola biləcəyini istisna etmir:

“Amma Rza Şah Pəhləvi variantını real saymıram. Təəssüflər olsun ki, Güney Azərbaycan milli hərəkatının bəzi fəalları bu günlərdə İranda demokratiya şəraitində digər millətlərlə birlikdə, yaxud İranın federativ dövlət quruluşu çərçivəsində yaşamağa razı olduqlarını deyiblər. Amma Güney Azərbaycan Milli Oyanış Hərəkatının mövqeyi belə deyil. Biz yalnız Güney Azərbaycanın müstəqilliyinin tərəfdarıyıq. Şahçıların media şəbəkəsi geniş olduğundan Güney Azərbaycan milli hərəkatı ilə bağlı informasiyaların paylaşılmasına mane olurlar. Buna baxmayaraq, milli hərəkatımız sona qədər mübarizə apararsa, istəyinə nail ola bilər. İnsanlar vaxtilə Məhəmməd Rza şah Pəhləvinin xalqa etdiyi zülmü unutmayıb. Əlbəttə, bu ailənin iqtisadi resursları və ətrafına təsiri genişdir. Lakin onların İranda yenidən hakimiyyətə gəlməsini istəmirlər. Fikrimcə, Rza Pəhləvi yalnız İran parçalanarsa, Farsistan bölgəsində hakimiyyətə gələ bilər. Güney Azərbaycan, Əhvaz, Bəllucistan, kürdlər onun idarəçiliyini qəbul etməz. Onun xalq arasında nüfuzu olmadığına görə Rza Pəhləvi ümidini İslam İnqilabı Keşikçiləri Korpusuna, orduya, polisə bağlamağa məcbur olub. Bu, onu göstərir ki, Rza Pəhləvi 1979-cu ildə şah rejimini devirərək molla rejimini qurmuş SEPAH-ın ətəyindən yapışıb dəstək istəyir. Bununla da özlərini gülünc vəziyyətə salırlar”. 

Müşfiq Abdulla
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar