Nəqliyyatda qiymət artarsa: “Hökumət dəstək paketi ayıra bilər”

26-09-2022, 17:14   


Nəqliyyatda qiymət artarsa: “Hökumət dəstək paketi ayıra bilər”


Pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədi ilə ayırdığı vəsait 280 milyon manat vəsaitdən onlara hər hansı bir yardım verilməyib. 

Bu barədə Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən 19 özəl daşıyıcı şirkətin dövlət rəhbərliyinə ünvanladığı kollektiv müraciətdə bildirilib. Şirkətlər həmçinin, İqtisadiyyat Nazirliyində mövcud tariflərə baxılması, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər. Kollektiv müraciətdə qeyd edilib ki, cari ilin yanvar və aprel aylarında da Bakı şəhərində sərnişindaşıma xidməti göstərən şirkətlər Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edib. 

Lakin həmin müraciətlər cavabsız qalıb: “İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb”. 

Hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığı vurğulanıb. Son günlər sərnişindaşımada qiymətlərin artacağı ilə bağlı fikirlər səslənsə də, hələ  reallaşmayıb. Ancaq qiymət artımına gediləcəyi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. 

Sərnişindaşımada qiymətlərin artırılması nə dərəcədə realdır və buna ehtiyac varmı? 

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirib ki, Azərbaycanda, xüsusilə də Bakı şəhərində özəl sektor sərnişindaşımada xüsusi yer tutur və təxminən 81 faizə yaxın sərnişindaşımada özəl şirkətlər iştirakçıdır: 

“Onların verdiyi açıqlamalarda müəyyən mənada həqiqət var. Çünki nəqliyyat vasitələrinin saxlanması və amortizasiya xərcləri artır. Eyni zamanda, Azərbaycanda dizel yanacağ 33 faizə yaxın bahalaşıb və nəticə etibarilə də xərclər artıb. Həm də belə bir əsaslandırıma var ki, pandemiya dövründə kütləvi sərnişindaşıma olmadığına görə uzun və qısamüddətli kreditlə alınan avtobusların kreditlərinin ödənilməsi ilə bağlı problemlər yaranıb. Əlbəttə ki, inflyasiya baş verib. Nəticə etibarilə də sərnişindaşımanı həyata keçirən şirkətlərin xərcləri çoxalıb. Bu tələbi normal qarşılayıram. Onlara qarşı dövlət tərəfindən tənzimlənən, nağsız ödənişə keçilməsi, standartlara cavab verilməsi, yeni avtobusların alınması kimi tələblər var”. 

Ekspert onu da qeyd etdi ki, Azərbaycanda 30 faizdən də artıq inflyasiyanın baş verdiyi bir şəraitdə vətəndaşların əmək haqlarında, pensiyalarında və digər xərclərdə artım baş vermədiyi halda, gəlirləri gündən-günə azaldığı təqdirdə bu daha çox aztəminatlı kütlənin həyatına ciddi, mənfi təsir göstərəcək: 

“Qiymətlərin bahalaşması təbii prosesdir və inflyasiya fonunda bununla bağlı müraciət edənləri müəyyən mənada haqlı hesab etmək olar. Ancaq hökumət nəzərə almalıdır ki, vətəndaşların gəlirləri artmayıb. Xüsusilə ölkəmiz ərzaq, qida təminatı sektorunda ciddi bahalaşma ilə üz-üzədir. Eyni zamanda, işsizlik, kommunal xərclərin yüksək olması, dizel yanacağının və s. bahalaşdığı bir fonda vətəndaşların da əmək haqları, pensiyaları artırılmalı idi. Əgər ədalətli yanaşma tələb ediriksə, o zama özəl sərnişindaşıma şirkətini də haqlı hesab edə bilərik, ancaq hökumət, özəl sektorun iştirakçıları nəzərə almalıdır ki, vətəndaşların gəliri artmayıb, inflyasiya onların gəlirlərini yarıya qədər azaldıb. Faktiki gəlirləri ilə faktiki istehlak imkanları tərs mütənasibdir. Hökumət müəyyən mənada bu barədə düşünməlidir. Əgər Tarif Şurası, Nazirlər Kabineti bu məsələni müzakirə edəcəksə, ondan öncə vətəndaşların əmək haqları və pensiyaların artırılması ilə bağlı qərar verməlidir. Sonra da sərnişindaşımada yaranan özəl sektor iştirakçılarının qarşılaşdığı problemləri kompensasiya edə bilər. Yaxud da dövlət bu sektora əlavə dəstək paketi verə bilər ki, ayaqda qala bilsin. Bu, dünya təcrübəsində, məsələn, Almaniya, ABŞ, Türkiyədə var. Özəl sektorun üzərindən vergi yükləri götürülür. Dünən Türkiyə Prezidenti Ərdoğan yeni bir paket açıqladı ki, özəl sektor iştirakçıları üçün nəzərdə tutulan bir xeyli vergi yükü ləğv edildi, yüngülləşdirildi. Əgər hökumət özəl sektorda sərnişindaşımada iştirakçıların əlavə problemlə qarşılaşmasını istəmirsə, onsuz da bahalıqdan, inflyasiyadan əziyyət çəkən vətəndaşı əlavə yükləmək istəmirsə, o zaman dəstək paketi versin, vergidən azad etsin. Bu siyasətlə qiymətləri bahalaşdırmaq arzusunda olanlar da geri çəkilsinlər. Ancaq bizdə təəssüf ki, bu kimi hallarda vətəndaşın mövcud vəziyyətini heç kim nəzərə almır və yalnız “qiymətlər bahalaşırsa, qiymətləri artırmaq lazımdır” kimi bir yanaşma var. Bu da nəinki doğru deyil, hətta faciəlidir”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar