Nüsrət Nəsirli rəsmi qurumlara şikayət göndərdiyi üçün işdən çıxarıldığını deyir
“Məktəb direktorluğu ilə bağlı müsabiqədə iştirak etmişəm və sabiq təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Tovuz rayonu, Qovlar şəhər 3 saylı tam orta məktəbə direktor təyin olunmuşam. Uçuq-sökük bina, təmir adı ilə yeyinti və daha bir çox qanunsuzluqlardan şikayət etdiyim üçün məni intihar həddinə çatdırdılar”.
Bunu Meydan TV-yə Tovuz rayonu, Qaraxanlı kənd sakini olan, 61 yaşlı tarix müəllimi, I Qarabağ müharibəsi veteranı Nüsrət Fəttah oğlu Nəsirli deyib.
Nüsrət Nəsirlinin sözlərinə görə, o, 2000- ildən Tovuz rayonu Qədirli kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib. 2013-2014-cü illərdə yaşının çox olmasına baxmayaraq müstəqil olaraq kompüter biliklərini öyrənib və Tovuzda ilk dəfə o, dərslərini interaktiv formada tədris edib.
“2016-cı ildə məktəb direktorlarının işə qəbulu müsabiqəsi elan olundu və mən də sənədlərimi onlayn olaraq nazirliyə göndərdim. Həmin ilin aprelində Bakıda imtahana qatıldım, avqustunda keçirilən müsabiqədən də uğurla keçdim”,- şikayətçi söyləyib.
Nüsrət Nəsirli deyib ki, 2016-cı il, sentyabrın 8-də Tovuz Rayon Təhsil Şöbəsinin əməkdaşları onu məktəbin kollektivinə təqdim etmək üçün dəvət ediblər. Məktəb Qovlar şəhərindən təxminən 8-9 kilometr aralıda yerləşir:
“Qovlar şəhəri əvvəlcə qəsəbə olub və Qovlara şəhər statusu vermək üçün həmin məktəbin yerləşdiyi Yanıqpəyə kəndini kağız üzərində Qovlara birləşdiriblər. Həmin ərazidə infrasturuktur, su mənbəyi, sosial obyekt, marşurut yoxdur. Təhsil şöbəsinin əməkdaşları ilə məktəbə gəldim. Məktəb nə məktəb…”
Şikayətçi söyləyib ki, məktəb binası 1960-cı illərdə fəhlə yataqxanası üçün tikilib, sonralar guya məktəb üçün uyğunlaşdırılıb. Amma yalnız kazğız üzərində təmir edilib.
“21-ci əsrdə məktəbdə adi, primitiv qaydada olsa da, sanitar qovşağı yox idi. Məktəb, daha doğrusu, bina tikildiyi vaxtdan bir dəfə də olsa, cari və ya əsaslı təmir olunmayıb. Amma mənə verilən məlumatlara görə, kağız üzərində dəfələrlə təmir olunub və pullar mənimsənilib. Dəhşətlisi irəlidə imiş. Məktəbin təhsil sahəsində uğurları ilə maraqlandım. DİM-in portalında “Mənim məktəbim” səhifəsinə baxdım, 1995-2015- ci illər ərzində bu məktəbdən bir nəfər məzun belə, ali və ya kolleclərə qəbul olmayıb”,-Nəsirli bildirib.
Onun sözlərinə görə, uzun illər məktəb bir ailənin monopoliyasında imiş, müəllimlərin bəzilərinin diplomları saxta, bəziləri qeyri-peşə sahibləri olub, sonralar ixtisas dəyişməsi ediblər. İxtisasdəyişmə sertifikatları Qazax, Gəncə institutlarından alınıb, hansı ki, bu institutlar sonradan bağlanıb. Məktəbdə 2016-cı ilədək eyni ailənin üzvləri direktor, dərs hissə müdiri, təsərrüfat müdiri, kitabxanaçı, riyaziyyat müəllimi, fiziki tərbiyə müəllimi, musiqi müəllimi, fizika müəllimi, gözətçi, ocaqçı və s. işləyib:
“Yəni mən ora təyin olunanadək məktəbin direktoru o ailənin başçısı olub. Həmin müəllim və əməkdaşların diplomları saxtadır və hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır. Məktəb psixoloqunun psixologiyadan xəbəri yoxdur və təhsil haqqında sənədi saxtadır”.
Müəllim qeyd edib ki, müxtəlif dövlət orqanlarına -Təhsil Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Tovuz Rayon İcra Hakimiyyəti başçısına, hətta Yaponiya səfirliyinə məktəbin təmiri və ya yenidən tikilməsi haqqında davamlı olaraq müraciətlər edib. FHN müraciəti cavablandıraraq bildirib ki, məktəb binası tam yararsızdır, istənilən an qəza və yanğın baş verə bilər.
“Mətbuatda yazdılar, çəkib göstərdilər. Sonra işdən azad olundum. Əsas da bu oldu ki, rayonu biabır etmişəm. Halbuki imkanım daxilində məktəbə ayaqyolu tikdirdim, kənddəki arteziandan su çəkdirdim. Uzun illər zibil, peyin yığnağı olan məktəb meydançasını təmizlətdirdim, üzərindən keçən yüksək voltlu elektrik xəttini dəyişdirdim”,- Nüsrət Nəsirli söyləyib.
O, Təhsil Şöbəsinin rəhbəri Elmira Mürşüdlüyə suallar ünvanlayıb:
“Cəmi 17 bal toplayan, işlədiyi müddət ərzində bir uğuru olmayan biri necə və nəyə görə direktor əvəzi təyin edilib? Məhz qohumu və uzun illər həmin məktəbi viran qoymuş “ailənin” üzvü olduğuna görəmi? Necə olur ki, xanım məktəb direktoru, onun həyat yoldaşı isə həmin məktəbdə təsərrüfat müdiri işləyir? Kiçik bir məktəbdə eyni ailənin 10-a yaxın ailə üzvü vəzifələrdə çalışa bilər? Məktəb binasının 2-3 otağını keçmiş direktorun ərinin bacısına kim hədiyyə edib? Məktəbin həyətindəki və sinif otaqlarından cəmisi 4-5 metr aralıda yerləşən quş hinləri kimindir? Araşdırmadan işçiyə birbaşa “Ç” bəndi tətbiq olunurmu?”
Müəllim onu da əlavə edib ki, Elmira Mürşüdlü onu özünüöldürmə həddinə çatdırıb, ötən ilin iyulun 1-də intihara cəhd edib. Onu Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları, Tovuz təcili yardımın həkim briqadası ölümdən qurtarıb. Bu barədə Tovuz Rayon Prokurorluğunda, Tovuz Rayon Polis Şöbəsində, Tovuz təcili Yardım Xidmətində rəsmi məlumat, izahatlar var.
Nüsrət Nəsirli elm və təhsil naziri Emin Əmrullayevə müraciət edərək şikayətinin araşdırılmasını xahiş edir.
Tovuz Rayon Təhsil Şöbəsindən isə deyiblər ki, mətbuatın suallarını yalnız nazirliyin mətbuat xidməti cavablandıra bilər. Elmira Mürşüdlünün bu barədə açıqlama vermək istəmədiyini deyiblər.
Meydan TV-nin şikayətlə bağlı nazirliyə ünvanladığı sorğuya cavab olaraq yalnız onu bildiriblər ki, sözügedən məktəbin əsaslı təmir-tikinti işləri növbəti illərin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulur.