İnsanlar tez-tez baş ağrısından şikayət edib və bunu maqnit qasırğası ilə əlaqələndirirlər.
Tibb mütəxəssisləri meteohəssas insanların daha çox əziyyət çəkdiyini qeyd edirlər.
Ölkəmizdə də aidiyyəti qurumlar bununla bağlı əvvəldən məlumat verib, əhalini xəbərdar edirlər.
Elə son 3 gün ərzində, yəni 29 sentyabr - 1 oktyabr tarixlərində maqnit qasırğasının olması haqqında Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.
Qeyd edilib ki, maqnit qasırğasının gücünü göstərən əmsal 9 ballıq sistemlə 2-dən 6-ya kimi yüksələcək.
Maqnit qasırğası necə hiss olunub və daha çox məruz qalıb fəsad yaratmasına imkan verməmək üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan terapevt Arzu Hüseynova deyib ki, maqnit qasırğası qan-damar sisteminə daha çox təsir edir:
"Son 20 ildə işlək sözlərimizə maqnit seli, maqnit qasırğası anlayışı daxil olub. İnsanlar özlərini hətta bir az narahat hiss edən kimi deyirlər ki, yənə də maqnit qasırğası var. Yəni artıq bu bizim dilimizə daxil olub və hamıda bu haqda az da olsa, məlumat var.
Əslində maqnit qasırğası günəş küləklərinin yer kürəsi ətrafına dolanması tezliyinin dəyişməsidir. Bu haqda astrofiziklər daha yaxşı məlumatlıdırlar. Bir həkim olaraq bizi düşündürən bu zaman kəsiyində insan orqanizmində olan dəyişikliklər, nə qəbul edərək bu təsiri aradan qaldırmaqdır.
Maqnit qasırğası ilk növbədə qan-damar sisteminə təsir edir. Yəni qanın laxtalanmasını tezləşdirir. Son zamanlar həyat üçün təhlükə yaradan qanın laxtalanmasıdır".
Arzu Hüseynova bildirib ki, maqnit qasırğası bir çox xəstəliklərin artmasına səbəb olur:
"Bu zaman kardioloji, sinir sistemi xəstəliyi və bəzən ağciyər xəstəlikləri olanlar bu qasırğaya daha həssas reaksiya verirlər. Yəni tromb əmələ gəlməsindən başqa orqanizmdə qaz mübadiləsi pozulur. Yəni toxumalarda oksigensizləşmə, havasızlıq yaranır. Bunun da nəticəsində arterial təzyiq artır və trombların fəaliyyəti genişlənir. Bu zaman insult, infarkt, miqren kimi xəstəliklərin hamısında artım müşahidə edilir".
Həkim bu dönəmdə diqqət etməli olduğumuz məqamları sadalayıb. Eyni zamanda, həmin vaxtda qidalanmaya da xüsusi nəzarət etmək lazım olduğunu vurğulayıb:
"Belə xəstələrə parlaq işıq, yüksək səslər təsir edir. Həmin xəstələrdə yuxusuzluq, bəzilərində əksinə yuxuya meyillilik çoxalır, oynaq ağrıları olur. Bu zaman tünd kofe, çay yerinə bitki çayları içmək lazımdır. Adi vaxtlarda yediyimiz ağırlıq verən qidalardan uzaq durmaq lazımdır. Yəni istəsək bu tədbirlərlə maqnit qasırğasının təsirinin qarşısını ala bilərik. Maqnit qasırğası proqnozu verildikdə bunlara riayət etmək lazımdır. Əhvalın da müsbətə kökləmək lazımdır.
Ağır, dram filmlərə, proqramlara yox, müsbət yüklü proqramlara baxmaq lazımdır. Neqativ xəbərlərdən uzaq qaçmaq və evdə yaşlı adamlara xoşagəlməz xəbərləri vermək lazım deyil. Çünki bu müddətdə orqanizm buna hazır olur. Kənardan gələn adi qıcıq bu fəaliyyəti artırır.
Bu zaman tanınıb bilinən sakitləşdiricilərdən istifadə etmək olar. Xəstələr belə hallarda əlimizdən gələni etmək lazımdır ki, maqnit qasırğasının fəsadlarından uzaq qala bilsinlər. Bu, təbii prosesdir, heç bir şeylə bunun qarşısını ala bilmərik. Ona görə də proqnoz verildikdə sadalananlardan istifadə etmək lazımdır".
Günay Şahmar
Cebhe.info