Sülhəddin Əkbər: “Nüvə silahından istifadə riskinin artması ilə paralel olaraq Putinin neytrallaşdırılması riskidə artacaq”
Rusiya ilə Ukrayna arasında hərbi-siyasi savaş davam edir. Artıq Putin Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsi haqda sənəd imzalayıb. Lakin Putinin məlum qərarına baxmayaraq, Ukrayna Ordusu ilhaq edilən əraziləri işğaldan azad etmək məqsədilə əks-hücum əməliyyatlarını davam etdirir. Bu isə öz növbəsində nüvə silahının tətbiqi riskini artırır.
“AzPolitika.info” bu mövzunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərlə müzakirə edib:
- Sülhəddin bəy, Putin Ukraynanın dörd vilayətini Rusiyaya birləşdirmək barədə qərar imzaladı və bunu “rus dünyası”na böyük qələbə kimi təqdim etdi. Kremlin bu cür ilhaq siyasətini necə qiymətləndirirsiniz?
- Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) Səmərqənd toplantısından sonra Putinin düşdüyü vəziyyət onu “qəti addımlar” atmağa sövq etdi. Çünki Putin gördü ki, onun köhnə müttəfiqləri, tərəfdarları və strateji əməkdaşlıq etdiyi tərəf müqabilləri belə ona uduzmuş lider kimi baxır, aşağılayıcı münasibət bəsləyirlər. Digər tərəfdən, Çin və Hindistan dövlət başçılarının ona Ukrayna müharibəsi ilə bağlı iradlar tutması, müharibənin qısa müddətdə bitməsinin vacibliyini qeyd etməsi Putinə “soyuq duş effekti” göstərdi. Ona görə də Moskvaya dönər-dönməz Putin özü üçün qəti qərarlar qəbul etdi. Bu qərarlardan biri də Ukrayna ərazilərinin “legitim” Rusiya ərazisi elan edilməsi, rus hərbi doktrinasına əsasən bu ərazilərə nüvə çətirinin açılması oldu. Putin düşünürdü ki, bundan sonra Ukrayna tərəfi çəkinəcək, Avropa ölkələri isə narahat olaraq fərqli mövqe sərgiləyəcək və kollektiv Qərb sıralarında fikir ayrılıqları yaranacaq. Ancaq gördüyünüz kimi, atılan addımlar əks-effekt verdi. Bunu ABŞ, Böyük Britaniya, Avropa Birliyindən gələn açıqlamalar və ortaya qoyulan reaksiya da göstərir.
- Amma Moskva üçün bu ərazilər artıq Rusiya torpağı sayılır. Sizcə, bu nəhəng əraziləri geri qaytarmaq nə dərəcədə mümkün olacaq?
- Əvvəla, bu torpaqlar işğal və ilhaq edilib. Rusiyadan savayı heç kim bu torpaqları Rusiyanın ərazisi kimi tanımır. İkincisi, bu torpaqların işğaldan azad edilməsinə başlanılıb.
Aydınlaşması üçün deyim kmi, Xerson, Donetsk və Zaporojyenin bir hissəsi onsuz da Ukraynanın nəzarətində idi. Burada yalnız Luqansk demək olar ki, bütövlükdə Moskvanın nəzarətində olub. Ancaq indi Ukrayna Ordusu Xarkov istiqamətində uğurlu əks-hücum əməliyyatını başa çatdırıb və Luqansk ərazisinə daxil olub. Digər üç istiqamətdə də eyni proses gedir. Xersonda Rusiyanın nəzarətindəki ərazilərin böyük hissəsi – vilayətin şimalı tam olaraq, cənubun da bir qismi azad edilib. Real vəziyyəti əks etdirən xəritəyə baxdıqda bunu görmək mümkündür.
- Hazırda hərb meydanında baş verənləri Ukraynanın xeyrinə qiymətləndirmək olarmı?
- Mən öncədən demişdim ki, Ukrayna Ordusunun böyük əks-hücum əməliyyatları avqustun sonu və ya sentyabrın əvvəllərində başlayacaq. Gözlənildiyi kimi də, avqustun 29-da başlanan Ukrayna Ordusunun Xarkov istiqamətində əks-hücumu hələ də davam etməkdədir. Bu vilayətin bütün inzibati ərazillərinə Ukrayna Ordusu nəzarət edir və artıq Luqansk ərazisinə daxil olub. Yəqin ki, yaxın günlərdə Luqansk ərazisində Ukrayna Ordusunun hücum əməliyyatının inkişaf etdiyini müşahidə edəcəyik. Eyni zamanda Xerson cəbhəsində rus ordusunun cəbhə xətti yarılıb və artıq Dneprin sağ sahili rus ordusundan təmizlənir. Məqsəd Novokaxovkaya çıxmaqdır. Hazırda döyüşlər gedir. Bəli, irəliləyiş sürətli deyil. Amma bildiyiniz kimi, cəbhə xətti harada yarılırsa əsas gücü həmin istiqamətdə fəallaşdırırlar. Yekunlaşdırsaq, Kiyev məğlubiyyətindən sonra Xarkov əməliyyatı Rusiya üçün böyük məğlubiyyət olub. Növbəti belə məğlubiyyətin Xersonda olacağı gözləniləndir.
Siyasi-strateji, hətta hərbi baxımdan Rusiya məğlub olub, operativ-taktiki səviyyədə də təşəbbüs Ukrayna Ordusuna keçib. İndi yeganə qalan Rusiyanın şantajlarıdır. Amma bunlar da nəticə vermədiyindən Moskva yenidən nüvə şantajına qayıdıb.
- ABŞ və Avrop Putinin nüvə şantajına ciddi yanaşır. Sizin proqnozunuza görə, nüvə müharibəsi baş verə bilərmi?
- Nüvə ən güclü kütləvi qırğın silahıdır. Yəni, kütləvi qırğın silahlarının ən dağıdıcısıdır. Bütün bəşəriyyəti məhv etmək gücündə olan dağıdıcı silahdır. Ona görə də, bu sahədəki risklər dünyada çox həssaslıqla qiymətləndirilir. Hətta risk səviyyəsi aşağı olanda belə, ona xüsusi əhəmiyyət verilir. Yəni, söhbət təhlükənin səviyyəsindən, onun böyük dağıdıcı imkanlarından gedir. Odur ki, kiçik olsa belə, nüvə silahından istifadə təhlükəsi olduqda tərəflər ona yüksək həssaslıqla yanaşırlar. Artıq kollektiv Qərbin bütün kəşfiyyat xidmətləri yüksək hazırlıq səviyyəsində və xüsusi rejimdə işləyir. Məncə, indi yaranan vəziyyəti biz “Karib-2” adlandıra bilərik. Yəni, proseslərin inkişafı ona doğru gedir.
- Sizcə, nüvə başlığı daşıyan taktiki silahlardan istifadə mümkündürmü?
- Mən bunun baş vermə ehtimalını aşağı səviyyədə görürəm, baxmayaraq ki, nüvə təhlükəsi artıb. Nüvə tətbiqi riskinin yüksək olmasına dair daha çox iki səbəb göstərilir.
Birincisi, “Belqorod” sualtı qayığının “yoxa çıxması” məsələsidir. Hansı ki, bu gəmiyə “Poseydon” nüvə başlıqlı silahları yerləşdirilib.
İkincisi, Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinin tərkibində olan silahların Ukrayna sərhədinə daşınmasıdır. Daha dəqiq desək, bu idarəyə məxsus olan qatarın hərəkətə keçməsidir. Əslində, bu onu göstərir ki, Putin nüvə şantajından imtina etməyib. Mənim gözlədiyim odur ki, ən pis halda Putin nüvə sınağı keçirə bilər. Bu sınaq da ABŞ-ı təhdid etmək üçün Arktikada və ya Avropa ilə Kiyevi qorxutmaq üçün Qara dənizdə Ukraynaya yaxın ərazilərdə taktiki nüvə silahından istifadə etməklə keçirilə bilər.
- “Belqorod” gəmisi bir neçə gün əvvəlı Ağ dənizdə üzə çıxıb...
- Əlbəttə, bu gəmi yoxa çıxa bilməz. Çünki strateji silahlar strateji kəşfiyyatın nəzarətindədir. Strateji kəşfiyyat da ən qabaqcıl və müasir yüksək səviyyəli texnologiyaya əsaslanan avadanlıqlardan istifadə edir. Odur ki, onların gözündən nəyinsə yayınması çətindir. Burada elektron kəşfiyyat, əməliyyat-agentura işi yüksək səviyəyə qaldırılıb. Yəni, bütün kəşfiyyat imkanlarından istifadə etməklə mümkün potensial işə salınıb. Odur ki, mən inanmıram ki, nəsə diqqətdən yayına bilsin.
Digər tərəfdən, Qərb bu məsələdə açıq danışmağa başlayıb. Yüksək səviyyədə Putinin özünə, eləcə də Rusiya Silahlı Qüvvələrinin rəhbərliyinə belə bir addım atılacağı təqdirdə hansı cavabların veriləcəyi çatdırılıb. Odur ki, mən real olaraq nüvə silahından birbaşa istifadə riskini aşağı hesab edirəm. Lakin düşünürəm ki, Putin “niyyətinin ciddi olduğunu” nümayiş etdirmək məqsədilə nüvə sınaqları həyata keçirə bilər.
- ABŞ başda olmaqla kollektiv Qərbin Putin və onun hakimiyyəti ilə bağlı konkret taktikası varmı və varsa, nədən ibarətdir?
- Biz strategiyadan danışa bilərik. Pentaqon rəhbəri Ostin açıq elan etdi ki, strateji hədəf Putin Rusiyasının Ukraynada hərbi məğlubiyyətə düçar olması və böyük ölçüdə zəiflədilməsidir ki, bir daha qonşu ölkələrə güclə müdaxilə etməsin. Bu strategiyanın həyata keçiriləcəyi halda Putin və komandasının hakimiyyətdən getməsi qaçılmaz olacaq. Çünki burada rejimin dəyişməsi taktiki-operativ əhəmiyyət kəsb edir. Dediyim kimi, hərbi-strateji hədəf Ukraynanın qalib gəlməsi, Rusiya Silahlı Qüvvələrinin biabırçı məğlubiyyətidir. Mümkünsə, onun Qara dəniz donanmasının neytrallaşdırılmasıdır. Bilirsiniz ki, bu halda Rusiya daxilində hansı proseslər tətiklənəcək və işə düşəcək. Bunun da ilkin əlamətlərini görməyə başlamışıq. Siyasi, iqtisadi, hərbi və digər sahələrdə.
- Hansı əlamətləri nəzərdə tutursunuz?
- Siyasi və hərbi rəhbərliklər daxilində gedən proseslər. Eləcə də hərbi rəhbərliklə kəşfiyyat və təhlükəsizlik strukturları arasında gedən rəqabət. Eyni zamanda ayrı-ayrı şəxslər arasında gedən prosesləri nəzərdə tuturam.
Həmçinin, qismən səfərbərlik nəticəsində əhalinin Rusiyanı tərk etməsini müşahidə edirik. Artıq bu say bir milyona çatmaq üzrədir. Bunun özü imperiyanın süqutunun başlanğıc əlamətlərindən biridir. Əgər bir imperiyanın hərbi mükəlləfiyyətli kəsimi ölkəni qısa müddətdə tərk edirsə, bu, artıq imperiyanın hansı vəziyyətdə olduğunun göstəricisidir. Bunu da Ukraynada Rusiyanın məğlubiyyəti fonunda oxumaq lazımdır. Bilirsiniz ki, bu tipli imperiyaların əsas sütunu ordudur. Əgər ordu məğlubiyyətə məruz qalırsa, insanlar ordudan yayınmaq üçün günlərlə növbələrə duraraq xarici ölkələrə qaçırsa, bu, artıq açıq şəkildə süqutun göstəricisidir. Əslində, əlamətlər çoxdur. Rusiyanın əməliyyat ehtiyatının olmaması, silahlarının vəziyyəti və sair. Çağırışçıların kütləvi şəkildə alkoqolizmlə məşğul olması və biabırçı vəziyyətə düşməsini də nəzərə alın. Qısası, yüzlərlə belə əlamətlər var.
- Siz bundan sonra müharibə teatrında və Rusiya daxilində gedəcək prosesləri necə təsəvvür edirsiniz?
- Mən Ukrayna Ordusunun hücum əməliyyatlarının qışa qədər davam edəcəyini düşünürəm. Nəticədə ən azı Xerson şəhəri daxil olmaqla Dnepr çayının sağ sahilinin azad olunacağını, Luqanskda Ukrayna Ordusunun irəliləyəcəyini və Melitopol istiqamətində yeni hücum istiqamətinin açılacağını gözləyirəm. Bundan sonra hadisələrin hansı istiqamətdə gedəcəyini isə söyləmək çətindir. Çünki prosesin özünün inkişafından asılı olan məqamlar da çoxdur və bu faktorlar sürətlə dəyişə bilir. Bununla paralel olaraq Rusiya daxilində başlayan proseslər getdikcə dərinləşəcək. Nüvə silahından istifadə riskinin artması ilə paralel olaraq Putinin neytrallaşdırılması riskinin də artacağını düşünürəm. Bunun hansı şəkildə olacağını, bu cəhdlərin uğurlu olub-olmayacağını yaşayıb görəcəyik.
Rasim Əliyev
“AzPolitika.info”