Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin “Batka” ilə qorxunc plan qurub: Üçüncü dünya müharibəsi reallığa çevrilir

10-10-2022, 18:50   


Kreml sahibi Belarus liderini Ukrayna savaşında Rusiyanın yanında yer almağın vacibliyinə inandırmağa çox yaxındır... Əgər, Rusiya prezidenti Vladimir Putin “Batka”nı da savaşa qatılmağa sövq edə bilərsə, bu halda, qlobal müharibə qaçılmaz xarakter daşıya bilər...

Ukrayna savaşında yeni situasiya yaranmağa başlayıb. Belə ki, bu savaş artıq yeni mərhələyə keçib. Hətta hesab etmək olar ki, Ukrayna savaşının formatı belə, dəyişmək üzrədir. Və məhz bu məqam bütün dünya üçün qlobal təhlükə vəd edir.

Düzdür, ABŞ və Qərb, xüsusilə də, Avropa Birliyi Ukrayna savaşında format dəyişikliyinin qarşısını almaq üçün müəyyən qabaqlayıcı addımlar da atmağa çalışır. Həmin addımlarla Rusiya aqressiyasının cilovlana biləcəyinə ümid bəslənilir. Halbuki, Kremlin indiki halda, Rusiyaya qarşı yönəldilmiş total təzyiq dalğasına müqavimət göstərməkdə israrlı olduğu da qətiyyən diqqətdən yayınmır.

Ona görə də, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etməyə hazırlaşdığı yeni sanksiya paketinin Kremlin “əl-qolunu bağlamaq” üçün yetərli olub-olmayacağı hələlik ciddi suallar doğurur. Bununla belə, Avropa Komissiyası artıq Rusiyaya qarşı yayınılması mümkün olmayacaq yeni sanksiyalar paketi hazırlayıb. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

 

Onu da qeyd etmək lazımdır ki, Rusiyaya qarşı buna qədər tətbiq olunan sanksiyalar əslində, hələ indi öz real təsirlərini göstərməyə başlayıb. İndiyə qədər Rusiya əlində olan daxili ehtiyat resurslar hesabına beynəlxalq sanksiyalara tab gətirə bilirdi. Və bu səbəbdən də, beynəlxalq sanksiyaların effektivliyinə belə, müəyyən şübhələr yaranmaqdaydı.

Ancaq artıq Rusiya özünün maliyyə-iqtisadi, eləcə də hərbi resurslarını ciddi şəkildə tükətməyə başlayıb. İstifadə olunan resursların yenilənməsi isə indiki situasiyada Kreml üçün demək olar ki, əlçatmaz xarakter daşıyır. Yəni, Rusiya hazırda maliyyə-iqtisadi cəhətdən tam şəkildə sıxışdırılmış vəziyyətdədir. Bir müddətdən sonra Rusiyada texnoloji problemlərin də böhranlı səviyyədə hiss ediləcəyi gözlənilir.

Bütün bunlara əlavə olaraq, yayınılması mümkün olmayan yeni sanksiyaların da tətbiq olunması Rusiyanın ümumiyyətlə, çökdürülməsi prosesini daha da sürətləndirə bilər. Halbuki, Avropa Birliyi ölkələri də Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ziyan çəkirlər. Ona görə də, Rusiyanın daha da sıxışdılmasına cəhd göstərirlər. Bu yolla Kremlin nəhayət ki, geri çəkilməsinə nail ola biləcəklərinə ümid bəsləyirlər.

Ancaq Rusiyanın geri çəkiləcəyi hələlik o qədər də inandırıcı görünmür. Çünki Rusiya üçün demək olar ki, geri çəkilmək şansı da buraxılmayıb. Əgər, Kreml hansısa mərhələdə geri çəkilmək məcburiyyətində qalarsa, Rusiyanın ümumiyyətlə, mövcudluğu böyük təhlükə altına düşə bilər.

 

Ona görə də, hazırda olduqca qəliz situasiya yaranıb. Və bu situasiya müəyyən mənada, "hərbi-siyasi labirint" təsiri bağışlayır. Çünki, qarşıduran tərəflərdən heç birisi bu vəziyyətdən öz maraqlarını qorumaqla çıxmaq şansına sahib deyil. Və nəticədə Ukrayna savaşının bütün iştirakçıları eyni vaxtda “hərbi-siyasi bataqlıq”da çabalamaq məcburiyyətində qalıblar.

Məsələ ondadır ki, son günlər baş verən hadisələr Ukrayna savaşını sülh prosesindən daha da uzaqlaşdırıb. Əksinə, indi bu savaşın qlobal müharibəyə çevrilmə ehtimalı ciddi şəkildə artıb. Xüsusilə də, Kremlin Rusiya üçün həyati əhəmiyyət daşıyan Krım körpüsünün partladılmasına verdiyi isterik reaksiya qlobal savaş təhlükəsinin tamamilə real olduğunu göstərir.

Çünki Kreml yenidən Ukraynanın savaş coğrafiyasından uzaq şəhərlərini raket zərbələrinə məruz qaymaqdadır. Bu, Rusiyanın ata biləcəyi yolverilməz addımlardan biridir. Halbuki, Kreml bütün bunlarla kifayətlənmək niyyətində olmadığını da qətiyyən gizlətmir.

Belə ki, son vaxtlar Kremlin Ukrayna savaşının çoğrafiyasını genişləndirməyə çalışdığı müşahidə olunur. Xüsusilə də, Belarus prezidenti Aleksandr Lukaşenkonun açıqlamalarına diqqət etdikdə, bu ölkənin də Ukrayna savaşına “bulaşmaq” üzrə olduğu ilə bağlı təəssürat yaranır. “Batka” bildirib ki, Ukrayna Belarusa qarşı hərbi cəbhə açmaq niyyətinə düşüb və bu proses artıq başlayıb.

 

Görünən odur ki, prezident Vladimir Putin Belarus liderini Ukrayna savaşında Rusiyanın yanında yer almağın vacibliyinə inandırmağa çox yaxındır. Əgər, Kreml sahibi “Batka”nı da savaşa qatılmağa sövq edə bilərsə, bu halda, qlobal müharibə qaçılmaz xarakter daşıya bilər. Çünki, Ukrayna Rusiya ilə Belarusla da savaşmaq məcburiyyətində qalarsa, ABŞ və Qərb dərhal rəsmi Minski də hədəfə almalı olacaq.

Hər halda, Ukrayna savaşına üçüncü ölkənin hərbi qüvvələrinin qatılması üçüncü dünya müharibəsinin başlanğıcı kimi də dəyərləndirilə bilər. Çünki belə olacağı təqdirdə, Belarusla həmsərhəd ölkələrin hərbi əməliyyatlara müdaxilə etməyəcəyinə tam təminat yoxdur. Əks halda, hazırda yalnız Rusiyaya qarşı vuruşan Ukrayna ordusunun bir hissəsinin Belarusla hərbi münaqişəyə yönləndirilməsi lazım gələcək. Və bu, Rusiya ordusuna qarşı döyüşən Ukrayna qoşunlarının, fərqli istiqamətlərə yönləndirilməklə, zəiflədilməsi baxımından, Kreml üçün böyük önəm daşıyır.

Belə anlaşılır ki, Kreml Belarusu savaşa bulaşdırmaqla, Ukrayna üzərində hərbi qələbə qazanmaq planı qurub. Əgər, bu, baş tutarsa, Rusiya öz istəyinə nail ola bilər. Hadisələrin belə təhlükəli istiqamətlər almasının qarşısını isə yalnız Ukraynaya Qərb ölkələrinin hərbi qüvvə göndərməsi ilə almaq mümkündür. Bu isə, artıq üçüncü dünya savaşının başlanma təhlükəsi deməkdir.

Göründüyü kimi, Rusiya üçüncü dünya savaşına səbəb ola biləcək planlar qurmağa çalışır. Üstəlik, Kreml bu planlarda Rusiyanın ən yaxın hərbi müttəfiqi Belarusa həlledici rol ayırıb. Bu baxımdan, hesab etmək olar ki, Kreml Rusiyanı Ukraynadakı “savaş bataqlığı”ndan xilas etmək üçün müharibəyə daha çox dövlətin “bulaşdırılmasına” cəhd göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar