“Qazın qiymətinə yuxarı həddin tətbiqi mövcud müqavilələrin şərtlərini pozacaq və “Qazprom”dan tədarükün dayandırılmasına səbəb olacaq.Bunu “Qazprom”un rəhbəri Aleksey Miller müsahibəsində deyib.O qeyd edib ki, əslində biz imzalanmış müqavilələri rəhbər tuturuq: “Belə birtərəfli qərar, təbii ki, müqavilənin mühüm şərtlərinin pozulmasıdır və bu, tədarükün dayandırılmasına səbəb olur".
Xatarladaq ki, sentyabrın 25-də 15 ölkədən ibarət qrup Avropa Komissiyasını bütün idxal olunan qaz üçün tavan qiymət tətbiq etməyə çağırıb. Bununla belə, Almaniya, Danimarka və Niderlad qazın qiymətinin məhdudlaşdırılmasına qarşı çıxıblar və bunun Avropadakı enerji böhranını cilovlamaq səylərinə zərər verəcəyini iddia ediblər.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiya qazı üçün qiymət tavanının tətbiq edilməsinin zəruriliyini bəyan edib. Beləliklə, enerji dəhlizi getdikcə daralır, Avropa isə bu böhrandan çıxış yolu axtarır.
Tavan qiymətləri tətbiq olunduğu təqdirdə “Qazprom” tədarükü tamamilə dayandırarsa, Avropa “donacaq”mı?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, son görüşdə ümumi razılığa gəlmək mümkün olmadı:
“Belə ki, neft və qazla bağlı tavan qiymətinin müəyyənləşdirilməsi barədə hələlik ortaq məxrəcə gəlinmədi. Çünki bir neçə ölkə, əsasən də Macarıstan bunun əleyhinədir. Avropa Birliyində qərarlar konsensusla qəbul olunduğundan bir neçə ölkə, Yunanıstan, Kipr də bunun əleyhinə çıxış edib. Çünki neft və qaz daşıyan tankerlərin bir çoxu Yunanıstan və Kiprə aid edilir.
Tavan qiymətinin tətbiq edilməsi onların maraqlarına da təsir edəcək. Neft və qaz daşınmasının həçmini azalda bilər. Ona görə də tavan qiymətinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr heç də asan keçməyəcək. Bu həftə növbəti görüş planlaşdırılır. Rusiyanın mövqeyi isə odur ki, onların qazına hansısa tavan qiyməti müəyyənləşdirilsə, qaz təminatını dayandıracaq. Bu da Avropa üçün əlavə problemlər yarada bilər. Ancaq bir tərəfdən də Avropa Rusiya qazının ən az aldığı dövrə qədəm qoyub. Çünki “Şimal axını-1”də isə hələ də naməlum olan partlayış baş verdi. O xətt üzrə artıq Avropaya qaz daxil olmur. Polşadan keçərək Almaniyaya çatan bir xətt vardı ki, müharibə başlayandan Polşanın hərbi qərarı ilə dayandırılıb.
Bundan başqa Türkiyə üzərindən “Türk axını” qalıb. İndi Türkiyə üzərindən qazın həcminin artırılması məsələsi də müzakirə olunur. Müharibədən öncə Avropa Rusiyadan 178 milyard kubmetr qaz almışdısa, bu ilin 8 ayının nəticələrinə görə, yarıbayarı qaz alıb. İlin sonunda ötənilki həcmlərin cəmi 30 faizi olacağı gözlənilir. Ona görə də Rusiyadan qazın verilməsinin tamamilə dayandırılması Avropaya, xüsusilə də sənaye müəssisələrinə müəyyən problemlər yaradacaq. “Avropa donacaq” obrazlı ifadədir.
Təbii ki, orada əhalinin donması mümkün deyil. Sadəcə, qaz və elektrik enerjisi qiymətləri bahalaşdıqdan sonra əhali daha az istifadə edəcək. Burada əsas zərbə sənaye müəssisələrinə dəyir. Çünki Almaniya, Şimali Avropa ölkələrinin ağır metallurgiya, maşınqayırma, gübrə istehsalı daha çox enerjitutumlu sahələrdir. Həmin sahələrdə ciddi problemlər yaşana bilər. Sənaye müəssisələrinin dayanmasının şahidi ola bilərik. Yəqin ki, qazın verilməsi dayandırılsa, yaxın gələcəkdə belə bir problem yaşanacaq”.
Nigar Abdullayeva
Cebhe.info