ABŞ valyutasının ehtiyat kimi təsirinin azalması səbəbindən dolların dominantlığı sürətlə sona çatır.
Bu barədə “Asia Times” məlumat yayıb.
“Dünyanın ehtiyat valyutası kimi dolların vaxtı çoxdan keçib. ABŞ-ın dövlət borcunun həcmini nəzərə alsaq, o, buna tab gətirə bilmir və ABŞ valyutası üçün əsas təhlükə Asiyadan gəlir”, - nəşr qeyd edib.
Qeyd olunub ki, dolların statusu ona görə saxlanılıb ki, bazarda yanacaq üçün həmişə bu valyuta ilə ödənilirdi:
“Lakin son zamanlar vəziyyət dəyişməyə başlayıb və digər valyutalarda hesablaşmalar yaranıb. Bundan əlavə, əsas ixracatçılar ABŞ-ı bəyənmirlər”.
Maraqlıdır, dollar dominantlığını itirəcəyi halda, yerini hansı valyuta vahidinin tutma ehtimalı var?
Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli bildirib ki, ən azından yaxın 3-4 il ərzində dolların yerini heç bir valyuta ala bilməyəcək:
"Faktiki olaraq, dollar bu dəqiqə bütün dünya üzərində möhkəmlənməkdədir. FED-in uçot dərəcəsini yenidən qaldırması ilə bağlı açıqlamaları da var. Böyük ehtimal qarşıdakı 3 ay ərzində təkrar 4 faizlik artımı 6.6- faizədək yüksəldəcəklər, bununla da dollar daha da möhkəmlənəcək və avro dəyər itirəcək.
Çünki Amerika Mərkəzi Bankı hesab edir ki, həm inflyasiya ilə mübarizə, həm də dövriyyədəki pul kütləsinin azaldılması ilə bağlı bu addımlar atılmalıdır. Ən azından yaxın gələcəkdə dünya üzrə dolların ucuzlaşması tendensiyası gözlənilmir, əksinə daha da bahalaşacaq. Avrozonada da göstəricilər heç də ürəkaçan deyil. Bu baxımdan, dollar dominantlığını itirsə belə, onun yerinə avronun əsas valayuta kimi keçəcəyini demək doğru deyil. Gözlənilən ümumi iqtisadi göstəricilər açıqlandıqca biz onun əksini görürük. Digər valyutalarda da vəziyyət ürəkaçan deyil. Bütün hallarda dolların yetinə hansısa valyutanın gəlməsi yaxın 3-4 il ərzində mümkün deyil".
Naibə
Cebhe.info