"Gündəlik tələbat və ərzaq məhsulları ailə büdcəsinin xərclər hissəsində daha çox paya malikdir. Bu deməkdir ki, müvafiq məhsulların bahalaşması aztəminatlı insanların xərclərinin daha kəskin şəkilədə artmasına səbəb olub. Bu aspektdən məsələyə baxmış olsaq, deyə bilərik ki, indiki şərtlər daxilində əhalinin orta aylıq əmək haqqının real artımından söhbət gedə bilməz. Sadəcə nominal ifadədə rəqəmlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıqıdır".
Bu fikirləri
Bakupost.az -a açıqlamasında
iqtisadçı ekspert Rəşad Həsənov orta aylıq əmək haqqı artımı ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib.
İqtisadçı ekspert bildirib ki, muzdlu əmək fəaliyyətilə məşğul olan insanların istehlak etdiyi məhsullar daha çox bahalaşıb. Muzdlu əmək bazarında çalışanların əhəmiyyətli hissəsi az və orta gəlirli insanlardır, açıqlanan orta inflyasiya səviyyəsi bu insanlara çox təsir göstərir:
"Əmək haqqı artımı ilə bağlı iki yanaşma ortaya qoymaq olar. Birincisi, əmək haqqı həqiqətən də nominal ifadədə artıbmı? Bəli, nominal ifadədə arta bilər. Bunu xüsusilə də iki faktor dəstəkləyir. 2021-ci ilin sonunda və 2022-ci ilin fevral ayında qəbul edilən bir sıra qərarlarla dövlət sektorunda orta aylıq əmək haqının artırılması prosesi icra olundu. İkincisi, əmək bazarının leqallaşması ilə bağlı dövlət vergi xidməti öz fəaliyyətini davam etdirir. Bu da mövcud gəlirlərin sadəcə, uçotunun aparılması yolu ilə hardasa orta aylıq əmək haqqının artımı göstəricilərinə müəyyən təsir göstərir. Amma real olaraq orta aylıq əmək haqqı artıbmı? Əlbəttə ki, xeyr. Çünki qiymətlər bahalaşır. İnflayasiya səviyyəsinə diqqət etmək lazımdır. Hökumətin açıqladığı rəqəmlərə görə inflyasiya səviyyəsi 13.4 %-dir. Eyni zamanda nəzərə almaq lazımdır ki, əslində iflyasiya ilə bağlı rəsmi rəqəmlər əksər hallarda reallığı əks etdirmir. İndiki halda inflyasiyanın 30% olması ilə bağlı qənaətlər daha güclüdür. Belə bir şəraitdə bu o deməkdir ki, əslində qiymət artımları əhalinin nominal gəlirlərilə müqayisədə daha sürətlə artır ki, bu da alıcılıq gücünün zəifləməsi deməkdir. Həmçinin orta aylıq əmək haqqının artmaması, əksinə azalması anlamına gəlir".