İran İslam Respublikası Araz çayının güneyində “Güclü İran” adlanan hərbi təlimlər keçirib. Teokratik rejim mediasının yaydığı xəbərlərə görə, təlim zamanı helikopterlə müxtəlif döyüş təlimləri, gecə həmlələri, döyüş və kamikadze dronlarından istifadə, o cümlədən Araz çayından keçid üçün körpü salınması, şərti düşmənin rabitə yollarının və strateji yüksəkliklərin ələ keçirilməsi və bu sayaq hücum tapşırıqları məşq edilib.
İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bildirib ki, onun ölkəsi hərbi təlimlər barədə Azərbaycan tərəfinə öncədən məlumat verib: “Biz qardaş Azərbaycana bu hərbi təlimlər barədə məlumat vermişik”.
O, eyni zamanda təlimlərin sülh naminə keçirildiyini söyləyib.
Lakin tezliklə İran diplomatlarının, parlament üvlərinin və ordu komandanlarının şərhlərindəki Azərbaycana hədə-qorxu elementləri səfir Musəvinin açıqlamasındakı “qardaşlıq və sülh notu”nu üstələyib. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Həsən Həmmati İRNA-ya açıqlamasında deyib ki, İran harda lazım bilirsə, orda da hərbi təlim keçirəcək:
“İranın şimal-qərbində, Azərbaycanla sərhəddə hərbi təlimə gəlincə, bu, güc nümayişi idi - qonşu ölkələr üçün sülh və dostluq, düşmənlərə qarşı qəti cavab mesajıdır. Bizim üçün şimal sərhədlərimizdə baş verən hadisələr önəmlidir və ona görə orda ölkəmizin hüquqları və təhlükəsizliyi üçün təlimlər keçiririk. Heç bir beynəlxalq hüquq refional ölkələrin sərhədlərinin dəyişməsinə imkan vermir”.
Təlimi keçirən SEPAH-ın Quru Qoşunlarının komandiri Məhəmməd Pakpur da eynilə səfir Musəvi və parlamentari Həmmati kimi qonşu ölkərin başının altında yastıq qoymağa çalışsa da, paxlanı dilinin altında çox saxlaya bilməyib: “Bu təlimlər qonşu ölkələrə barış və dostluq, düşmənə isə sərhədlərimizi qoruyacağımız və əsla dəyişdirilməyəcəyi mesajıdır”.
SEPAH-ın quru qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əliəkbər Purcəmşidian isə mənsub olduğu qurumun "Aşura" qanadının komandirləri ilə görüşündə son təlimlərin əvvəlkilərdən- xatırladaq ki, son illər İran Azərbaycan Respublikası ilə sərhəddə daha üç təlim keçirib- fərqləndiyini bəyan edərək məqsədin İslam Respublikanın sərhədlərini qorumaqdan daha irəli getdiyini bu sözlərlə vurğulayıb:
“Azərbaycan və Ermənistan İran üçün təhlükə deyil, amma orada bəzi baş verənlər təhdid sayılır. Bölgənin sərhədləri dəyişilməməlidir. İranın iqtisadiyyatı həmin dəhliz vasitəsilə ayaqdadır və biz təhdidlərə laqeyid yanaşa bilmərik"
“İran Ermənistanla əlaqə yollarının bağlanmasına icazə verməyəcək”.
Bu sözlər isə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehran televiziyalarına müsahibəsindəndir. Abdullahian açıq şəkildə vurğulayıb ki, İran regionda hərbi təlimlərə məhz bu niyyətlə start verib.
Dünyadakı dövlətlərin silahlı qüvvələrinin reytinqini müəyyənləşdirən “Global Firepower” (GFP) təşkilatının son açıqladığı indekslərə görə, İran İslam Respublikası 142 ölkə arasında 14-cü hərbi gücdür. İran ordusunun ixtiyarında olan helikopterin sayına görə 34-cü, döyüş təyyarələrinin miqdarına görə isə 22-cidir. Malik olduğu tanklar (2811 ədəd) İranı digər ölkələrlə müqayisədə 10-cu yerdə qərarlaşdırır. Açıq mənbələrdə yer alan bu statistika İran ordusunu daha çox “quru qoşunları” kimi xarakterizə etməyə imkan verir. Rusiya-Ukrayna savaşı təsdiq edir ki, quru qoşunları üzərində qurulan ordu sistemi yeni texnologiyalar qarşısında sürətli müharibə üçün əlverişsizdir və müasir dünyada kimsə artıq arsenaldan çıxarılmaqda olan texnikalarla ciddi nəticələrə ümid edə bilməz.
İranın istər aviasiyasının, istərsə də quru qoşunlarının ixtiyarında olan texniki vasitələrin şah dövründən qalması heç kimə sirr deyil. Beynəlxalq aləmdən təcrid olunmuş rejim dövründə İranda təkmilləşdirilən silahlar isə hissələri “qara bazar”dan alınmaqla keyfiyyətcə Tehranın maliyyələşdirdiyi terror qruplaşmaları üçün belə yararsızdır. Üstəlik, hər hansı xarici dövlətə qoşun yeridərsə, İranın beynəlxalq aləmin dirənişini əngəlləmək üçün Rusiyadan fərqli olaraq atom silahı da yoxdur. Atom ölkəsi olmağa can atan İranın ABŞ-a bəslədiyi son ümidlər də puç olub. Elə bu günlərdə ABŞ rəsmi şəkildə bəyan edib ki, “Ağ ev”in gündəliyində İranla atom danışıqları aparılmayacaq və Vaşinqton İrandakı etirazçıların fədəkarlığını diqqətlə izləyir.
Arazqırağı təlimləri SEPAH, yəni İran İnqilabının Qoruyucuları keçirir. İran Silahlı Qüvvələrinin ölkənin konstitusiyasına əsaslanan daxili bölgüsünə görə, ordu sisteminin bir qanadı müstəqilliyin və ərazi bütövlüyünün mühafizəsinə, digər qanadı- SEPAH isə islam rejiminin ayaqda qalmasına cavabdehdir. Təlimlərin məhz SEPAH tərəfindən keçirilməsi isə onu göstərir ki, İranın Araz qırağında qoşun cəmləməsində xüsusi niyyətlərdən biri Güney Azərbaycanda baş verə biləcək hadisələrə müdaxilə etməkdir. Son həftələrdə İranda çox ciddi çaxnaşma və iğtişaşlar baş verib və molla rejiminin ideoloji-siyasi iflasa uğradığı ölkənin daxilində də, xaricində də hər kəsə bəlli olub. Lakin İrandakı ümumi etirazlar əsas mobil və dinamik qüvvənin - Güney Azərbaycan türklərinin milli azadlıq hərəkatına hələ ki dönmədiyindən Tehran rejimi proseslərə nəzarəti tam itirməyib. Ümumiran etirazlarının Azərbaycan türklərinin azadlıq mücadiləsinə çevrilməsi teokratik rejimi təlaşa salan ən önəmli ehtimaldır və molla - fars rejimin qoruyucu olan SEPAH bu gözləntinin gerçəkləşəcəyi təqdirdə Təbrizə hücuma hazırlığını nümayiş etdirir. Heç şübhəsiz, Təbriz ayağa qalxarsa, Azərbaycan Respublikası bütün imkanlarından istifadə edərək cənubdakı soydaşlarımıza dəstək verəcək və onları 20 yanvar 1990-cu ildə Bakıda sovet imperiyasının törətdiyi qırğınlara bənzər hadisələrdən də qorumağa çalışacaq. Odur ki, Azərbaycan Respublikasının Güney Azərbaycana verəcəyi hərtərəfli dəstəyin qarşısını almaq üçün İran “Arazdan şimala keçərik” deyə rəsmi Bakını təhdid edir. Lakin İslam Respublikasının sərbazları Arazdan şimala bircə addım atacağı təqdirdə 44 günlük müharibədən qələbə ilə çıxmış və ən müasir silahlarla təchiz olunmuş müzəffər ordu ilə yanaşı “Şuşa Bəyannaməsi”nə əsasən Türkiyəni, ardınca Pakistan və İsraili də qarşısında görəcək. Nəticədə İran təkcə şimaldan yox, bütün istiqamətlərdən zərbəyə və əks-hucuma məruz qalacaq ki, Tehran bir neçə həftə ərzində təslim olacaq. Odur ki, SEPAH-ın Azərbaycana hərbi təlimlərlə öz aləmində güc nümayiş etdirməsi Azərbaycan Respublikasının iqtidarı və cəmiyyəti üçün heç bir psixoloji əhəmiyyət kəsb etməyən uğursuz pulsilmə- korrupsiya əməliyyatıdır.
Həm İran teokratlarının açıqlamaları, həm də bağlı praktik siyasətləri göstərir ki, Tehran Nikol Paşinyan iqtidarını rus hərbi bazalarını Ermənistandan çıxarmağa, Cənubi Qafqazdakı dəyişən reallıqlarda məhv olmaq üzrə olan Ermənistanın işğalçılıq siyasətini davam etdirməyə həvəsləndirir. Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya aktına - Üçtərəfli Bəyanata uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və Zəngəzur dəhlizini açmağa məcburdur. Əgər Ermənistan hər hansı formada və şəkildə bu öhdəliyi yerinə yetirilməzsə onda Azərbaycan dəhlizi hərbi əməliyyat yolu ilə açamağa tam hüquqi əsaslar əldə edir. Ancaq İran bu nəzəri əməliyyatı qəsdən Cənubi Qafqazda “sərhədlərin dəyişdirilməsi” kimi qəbul edir və onun açılmaması üçün Ermənistana “qorxma, arxandayam” mesajı verir. Beləliklə, Tehran teokratiyası, necə deyərlər, “vəziyyətdən vəzifə çıxarır” və Cənubi Qafqazda özünü “vacib oyunçu” kimi təqdim etməyə çalışır.
İran müasir beynəlxalq münasibətlər sistemində nəinki “super güc”, heç “böyük güc” də hesab etməyib, ən uzağı “regional güc” kimi səciyyələndirilib. Regionda İran can atdığı hədəfə də çatmayıb, “dünya müsəlmanlarının iradəsi olmağı” da bacarmayıb. Türkiyə və Səudiyyə Ərəbistanı ilə islam coğrafiyasında heç bir parametr üzrə rəqabət apara bilməyən İran xarici siyasətini məzhəbçiliyə kökləyərək- Ermənistanla münasibətlərdə bu təmələ də sadiq qalmayıb - müəyyən dərəcədə Suriyaya nüfuz edə bilib və bir neçə terror təşkilatından başqa öz orbitinə kimsəni sala bilməyib.
“Soyuq müharibə” başa çatdıqdan sonra İran xarici siyasətini hər zaman Rusiya ilə uzlaşdırıb. Bu uzlaşma imkanlarını İran “qara bazar”dan aldığı ehtiyyat hissələri ilə istehsal etdiyi və hazırda Ukrayna savaşında özünü doğrultmayan PUA-ları Rusiyaya ötürməklə qorumaq istəyir. Bununla belə, dünyanın sürətlə dəyişən şərtlərini doğru analiz edərək Kreml ənənəvi siyasətinə yenidən nəzər salıb, Ermənistanın geopolitik proseslərdə artıq ayağının bağı olduğunu dərk edib, Türkiyə və Azərbaycanla əməkdaşlığın perspektivini düzgün hesablayıb və Üçtərəfli Bəyanatda “Zəngəzur dəhlizi”nin açılması şərtinin yer almasına imza atıb.
Bu gün İran istər iqtisadi, istər hərbi, istərsə də diplomatik baxımdan Ermənistanın Qarabağ savaşındakı məğlubiyyəti vəziyyətindən çıxarmağa cəhd edir və bu prosesdə Azərbaycanın maraqlarına açıq-aşkar zidd getməklə, Türkiyəyə “əzələ” göstərməklə yanaşı, özünü Rusiya və Qərbə qarşı da qoyur. Ermənistanın siyasi hakimiyyətinin ipi Qərbin əlindədir və “rəngli Ermənistanı xilas etmək” ABŞ və Fransanın Cənubi Qafqaza giriş kartıdır. Bu kartı ABŞ və Fransanın əlindən almaq sonu çatmış İran kimi rejimlərin işi deyil. Nəzərə alsaq ki, bölgənin ən qüdrətli dövləti Türkiyə həm də NATO üzvüdür və NATO üzvü olsa da, Rusiya ilə yaxşı münasibətlərə malikdir. Azərbaycan isə Cənubi Qafqazın lider dövləti olaraq 44 günlük savaşdan sonra Rusiya ilə müttəfiqlik sazişi imzalayıb və regionda sülhün bərqərar olması üçün Avropa İttifaqının vasitəçiliyini təqdir edir. Başqa sözlə, Cənubi Qafqazdakı ziddiyyətlərin çözülməsi üçün qurulacaq istənilən masada İrana yer yoxdur. Başqa sözlə desək, İran Azərbaycan və Ermənistan arasındakı münaqişəni yenidən alovlandırmaq, Qərbi Zəngəzura daxil olmaq və son nəticədə Cənubi Qafqazı Suriyaya çevirmək kimi sərsəm və reallaşması mümkün olmayan yuxuların içərisində çırpınmaqdadır.
“İntibah” Sosial Araşdırmalar və Siyasi Təhlil Mərkəzi