“MOLLALAR TƏRƏFİNDƏN DÜŞÜNCƏSİZ QƏRARLAR QƏBUL OLUNARSA...” - “Ordumuz peşəkar əsaslarda qurulmalı, müdafiə naziri mülki şəxs olmalıdır”

25-10-2022, 14:50   



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

- Qüdrət bəy, İranın Azərbaycanla sərhəd bölgəsində keçirdiyi son təlimlər barədə fikirlərinizi bilmək istərdik. İran XİN bəyan etdi ki, təlimlərlə hər kəs göndərdiyimiz mesajları aldı. Sizcə, bizə hansı mesajlar verildi?

- İran Qafanda konsulluq açmaqla və son təlimlərlə növbəti dəfə bizə dedi ki, özünüzü aldatmayın, biz Ermənistanın dostu, sizin isə düşməniniz olaraq qalacağıq. İslam həmrəyliyi, yaxın qonşuluq siyasəti, beynəlxalq hüquq, haqq-ədalət, İran vətəndaşları olan Azərbaycan türklərinin milli qürurlarına sayğı və s. bu kimi dəyərlər barədə də boş-boşuna danışıb özünüzü də, bizi də yormayın. Nəhayət ki, ciddi nəticələr çıxarmağımıza və İrana yönəlik siyasətimizə yenidən baxmağa böyük zərurət yaranıb. Prezidentin son açıqlaması da göstərdi ki, səbrimiz tükənməz deyil.

- İran Azərbaycana münasibətdə hansısa təxribatlara yol verə bilərmi?

- Bu az ehtimal olunur, amma mollalar tərfindən belə düşüncəsiz qərarlar qəbul edilərsə, bu, İran dövlətinin dünyanın siyasi xəritəsindən silinməsi ilə nəticələnəcək.

- Rusiya Prezidentinin təşəbbüsü ilə baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündən gözləntiləriniz nədir?

- Regiona, xüsusilə Azərbaycan və Ermənistana sülh çox lazımdır. Xalqlarımız müharibədən yorulub, gənclər müharibədə həyatlarını itirməməlidirlər. Amma çox təəssüf ki, sülhə töhfə vermək imkanı olan güclər bunda maraqlı deyil. Biz Rusiyanı inandırmalıyıq ki, sülhə töhfə Rusiyanı regiondan çıxarmayacaq, əksinə, onun mövqelərini daha da gücləndirəcək. Ermənilər və Azərbaycan xalqı əmin olsa ki, Rusiya münaqişəni qoruyub saxlamaqla iki qonşu xalqı sonsuzluğa qədər bir-birini qırdırmaq istəyir, o zaman düşmən ölkə kimi Rusiya bölgədə uzun müddət qala bilməyəcək. Çox istərdim ki, Putinin ətrafı Rusiyanın maraqlarına cavab verməyən təhlilləri və həqiqəti əks etdirməyən informasiyaları ilə Ukraynada olduğu kimi, onu yanlış qərarlar qəbul etməyə inandıra bilməsin və biz öz torpaqlarımızda suveren hüquqlarımızı bərpa edək, Rusiyanın vasitəçiliyi ilə sülh sazişi imzalayaq.

- Üçtərəfli görüş anons ediləndən sonra rəsmi Moskvanın istiqamətləndirdiyi mediada sülh və Azərbaycan əleyhinə materiallar dərc olunur, verilişlər yayımlanır, Ermənistan sülh sazişi imzalayarsa Ukraynanın gününə salınacağı ilə hədələnir. Belə bir vəziyyətdə görüşə qatılmağın hansısa mənası qalırmı?

- Görüşdən imtina düşmənlərimizin əlinə əleyhimizə təbliğat aparmaq imkanları verər. Görüşdə bəzi məsələlər barədə çılpaq danışmaq lazımdır. Rusiyaya deyilməlidir ki, Ermənistanın revanşist qüvvələrinin könlünü oxşamaq üçün siz Qarabağı Azərbaycanın yurisdiksiyasından kənarda saxlamağa çalışmamalısınız və biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan xalqının xəyal qırıqlığına uğraması regionda Rusiyanın da maraqlarına cavab verməyən xoşagəlməz proseslərə yol aça bilər. Ermənistan da başa salınmalıdır ki, növbəti böyük müharibə, onlara kimin kömək etməsindən asılı olmayaraq, onların sonu olacaq.

- Ordumuz belə bir müharibəyə hazırdırmı?...

- Əgər son günlər Vətən müharibəsində korpus komandirinin müavini olmuş mərhum polkovnikin səs yazılarına eyham vurursunuzsa, əvvəlcə onun həqiqiliyi sübut olunmalıdır, xalqa bu barədə məlumat verilməlidir. Əgər həqiqətdirsə, o zaman təchizat məsələlərinin həlli istiqamətində təxirəsalınmadan qərarlar qəbul olunmalı, orduya parlament nəzarəti gücləndirilməlidir. Belə olarsa neqativ hallara qarşı daha effektli mübarizə aparmaq olar. Parlamentin Müdafiə və təhlükəsizlik komitəsi araşdırmalıdır ki, bütün əsgərlər qoruyucu gödəkçələrlə, lazımi radiotexniki və digər zəruri vasitələrlə təmin olunubmu, qidalanma necədir, müsir silahlarla təminat və ehtiyatlar hansı həcmdədir və s. Bundan başqa, hesab edirəm, nəhayət ki, Ordumuz peşəkar əsasda qurulmalı, müdafiə naziri mülki şəxs olmalıdır. Bu məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə müdafiə xərcləri büdcə xərclərinin ən azı 25 faizini təşkil etməlidir. İstedadlı gənclərin hərbi məktəblərə gəlişini stimullaşdırmaq üçün hərbçilərə mənzil tikintisi sürətləndirilməli, xidmətə başlayan bütün gənc zabitlər fərdi mənzillə təmin olunmalı, ciddi dövlət təminatına malik olmalıdırlar. Bunlar hamısı onlarla imzalanan müqavilədə öz əksini tapmalıdır. Yaxın gələcəkdə regionda, sərhədlərimizdə narahatedici hadisələrin baş vermə ehtimalı yüksəkdir. Ona görə dövlətimizin təhlükəsizliyi birinci olmalıdır.

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar