“RUS ORDUSU XERSONDAN GERİ ÇƏKİLƏCƏK” – “Rusiyanın Ukraynada hərb qələbəsi mümkün deyil”

26-10-2022, 13:24   



Müharibənin doqquzuncu ayında Rusiya getdikcə İranın hərbi resurslarından fəal şəkildə istifadə edərək Ukrayna şəhərlərinə qarşı terror hücumları həyata keçirir və həyati mühüm infrastrukturu məhv etməyə çalışır. Eyni zamanda, Rusiya ordusu döyüş meydanlarında nəinki nəzərəçarpacaq uğurlar əldə etmir, həm də Ukrayna ordusunun Xerson vilayətində hücumları qarşısında geri çəkilir.

Ukraynadakı müharibənin növbəti aylarında nələrin gözlənəcəyi, İranın PUA-larının, eləcə də ballistik raketlərinin müharibənin gedişatını dəyişib-dəyişdirməyəcəyi, səfərbərlikdən gözləntilər barədə hərbi analitik, ehtiyatda olan zabit Aqil Rüstəmzadənin Ukrayna mediasına müsahibəsini təqdim edirik.

— Sentyabrın sonundan başlayaraq Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin gedişatı necə görünür? 

- Son bir ayda biz Rusiya ordusunun döyüş meydanında hərbi yolla qələbə qazana bilməyəcəyini bir daha dərk etdik. Bundan əlavə onlar səfərbərliyə əl atmalı oldular və bu, Rusiya hökuməti üçün çox böyük risklər daşıyır. Çünki əhali mobilzasiyanı mənfi qəbul edirdi. Hazırda Rusiyada hökmranlıq edən informasiya mühiti ölkə vətəndaşlarını ərazi və insan itkilərinə hazırlayır.

Rusiya ordusunun Ukraynanı danışıqlara və təslim olmağa məcbur etmək istədiyi yeni vektor da ortaya çıxdı: şəhər infrastrukturuna, Ukraynanın sənaye və iqtisadi potensialına zərbələrin sayını artırdılar.

Eyni zamanda, ruslar cəbhə xəttini gücləndirirlər, bu isə o deməkdir ki, onlar oktyabrın sonuna kimi hücum əməliyyatları həyata keçirməyəcəklər. Böyük ehtimalla Xerson vilayətindən geri çəkiləcəklər. Digər ərazilərdə tankların irəliləməsini dayandırmaq üçün betondan “əjdaha dişləri” konstruksiyaları ilə müdafiə xətti qururlar. İkinci Dünya Müharibəsi dövründən və ya ondan sonra istehsal olunmuş hərbi avadanlıqlarla dolu anbarların ağzını açıblar. Beləliklə, Rusiya ordusu bu silah və texnikadan yeni nəsil müharibəsi aparmaq imkanlarını itirib. Ukrayna ordusu isə həm atəş potensialını, həm də dördüncü nəsil silahlarla döyüşmək qabiliyyətini artırır. Bəzi parametrlərə görə, Ukrayna ordusu artıq 3+ nəsil ordusudur. Texnologiya nəsillərindəki bu cür fərq döyüş meydanında onlara çox kömək etdi. Düşmənin sursat anbarlarını məhv edən "HİMARS"ları misal çəkə bilərəm. Məhz onların sayəsində Ukrayna artilleriya sahəsində Rusiyanın üstünlüyünü azaltdı.

Ukrayna şəhərlərinə terror hücumlarına gəlincə, burada vəziyyət daha mürəkkəbdir. Çünki burada daha çox keyfiyyət və ya kəmiyyət üstünlüyü üzərində deyil, yaşamaq qabiliyyətini artırmaq üzərində işləmək lazımdır. Ukrayna ballistik raketlərə qarşı bütün ölkə ərazisində effektiv raketdən müdafiə sistemini təmin edə bilməyəcək, lakin sistemlərin sayı artırılsa, ballistik raketlər üçün hədəflərin sayını azalda bilər.

- İnfrastrukturun atəşə tutulması dinc əhalini qorxutmaq cəhdidir, bəs ordudan danışsaq, bu cür hücumlar onun döyüşməsinə mane olurmu?

- Qismən bu, “strateji iflic” anlayışıdır, bunu amerikalılar fikirləşib və Balkanlarda müharibə zamanı həyata keçiriblər. Amma bütöv bir ölkəni, xüsusən də Ukrayna kimi böyük bir ölkəni iflic vəziyyətinə salmaq üçün çoxlu yüksək dəqiqlikli silahlara ehtiyac var. Rusiyada bu miqdarda yoxdur. "Strateji iflic" anlayışı dörd halqanı əhatə edir:

1. Hərbi-siyasi rəhbərliyin məhvi;

2. Sənaye və iqtisadi potensialın məhvi;

3. Halqa infrastrukturun məhvi,

4. Mülki əhalinin məhv edilməsi.

Rusiyanın bu halqaların heç birini tamamilə məhv etmək potensialı və gücü yoxdur. Raket hücumları şəhərlərdə çoxlu sayda mülki əhalini öldürür ki, bu da əksinə, Ukrayna əsgərlərini qəzəbləndirir və ölkənin hərbi rəhbərliyini Rusiyanın infrastrukturuna adekvat zərbələr endirməyə stimullaşdırır. Siz artıq Belqorod və Kursk vilayətlərinin infrastrukturuna vurulan zərbələrdən xəbərdarsız. Ukraynanı nə qədər çox vursalar, bir o qədər də cavab zərbələri alacaqlar.

- Rusiya üçün dinc əhalinin terror edilməsi də ən yaxşı strategiya deyil?

- Biz görürük ki, Ukrayna ordusu artıq İranın “Shahed 136” pilotsuz təyyarələrinə qarşı kifayət qədər yaxşı mübarizə aparmağı öyrənib. Lakin İran da Rusiyaya daha təkmil pilotsuz təyyarələri və ballistik raketləri təhvil verməyə hazırdır və ya artıq ötürüb.

Rasim

"AzPolitika.info"


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar