SSRİ-nin süquta uğramasından illər ötsə də, bu prosesdəki bəzi hadisələrdə müəmmalar bu günə qədər sirr olaraq qalır. Əslində, Sovet İttifaqının məhv edilməsi bir neçə ilin məsələsi olmayıb. Ölkənin süquta uğraması üçün yuxarı eşalonlarda da illər boyu məxfi fəaliyyət göstərənlər olub. Bəzi araşdırmaçıların qənaətinə görə, 15 il DTK-ya, 15 ay isə SSRİ-yə rəhbərlik edən Yuri Andropov da rejimin məhv edilməsinə böyük “töhfə”lər verib.
Maraqlıdır, Andropovun fəaliyyətində hansı məqamlar belə qənaətə əsas verir?
Əvvəlcə onu qeyd edək ki, Andropov DTK sədri təyin edildikdən sonra bu qurumun səlahiyyətləri artırılıb. DTK “şef”i bütün fəaliyyəti dövründə siyasi elita ilə məsafə saxlamağa çalışıb. Üzdə Leonid Brejnevlə mehriban münasibətləri müşahidə olunsa da, baş katiblə DTK sədri daxilən biri-birlərini həzm edə bilməyiblər. Buna baxmayaraq, Brejnev üçün Andropov lazımlı kadr sayılıb. Belə ki, baş katib öz hakimiyyət mövqelərini qorumaqda, ona qarşı çıxmaq istəyənlərin zərərsizləşdirilməsində DTK-dan silah kimi istifadə edib. Andropov isə uzun illər Brejnevin və onun “Ukrayna kalnı”nın özbaşınalığına göz yummağa məcbur olub. Bəli, Andropov böyük təmkinlə birinci kürsüyə öz növbəsini gözləyib.
Münasibətlərin belə mürəkkəb olduğu illərdə Andropov Brejnevi nüfuzdan salmaq üçün heç də fəaliyyətsiz dayanmayıb. Bu məsələdə Andropovun şəxsi agentləri böyük rol oynayıb ki, onlardan biri də jurnalist Viktor Lui olub.
1928-ci ildə Moskvada anadan olan Viktor Lui Moskva Dövlət Universitetini bitirdikdən sonra bir müddət xarici ölkələrin SSRİ-dəki ayrı-ayrı səfirliklərində xidməti personalda çalışıb. Bir neçə dil bilməsi, çevikliyi, tez ünsiyyət qurmaq bacarığı ona yeni tanışlar qazanmağa imkan verib. Münasibətləri tənzimləməyi bacaran Lui səfirlik əməkdaşları ilə o qədər yaxınlaşıb ki, onlarla alış-veriş etmək imkanı da əldə edib. Belə ki, Lui onlara antikvar əşyalar daşıyıb, səfirlik əməkdaşları isə onu öz ölkələrindən gətirdikləri SSRİ-də əlçatmaz sayılan məişət texnikası, geyim, içki və s. mallarla təmin ediblər.
Luinin alveri uzun sürməyib. 1946-cı ildə o, xarici vətəndaşlarla qeyri-qanuni ticarətə görə həbs edilib və 25 il azadlıqdan məhrum olunub.
1956-cı ildə Lui amnistiyaya düşüb və tam bəraət alıb. Azadlığa çıxdıqdan sonra o, “CBS”in Moskva bürosunda işə düzəlib, eyni zamanda bir neçə xarici qəzetin Moskvadakı nümayəndəlikləri ilə əməkdaşlıq edib.
Kifayət qədər çevik olan Lui aylıq əmək haqqı ilə qane olmayıb. Bir müddət sifarişlə tərcümələr qəbul edib, yüksək qonorar alıb. Amma bu da Luini təmin etməyib.
Nəhayət, Lui daha çox pul qazanmağın yolunu tapıb. O, Qərb mətbuatına SSRİ-də məxfi saxlanılan hadisələr haqqında materiallar ötürüb.
Viktor Lui 1960-cı illərin ortalarında DTK tərəfindən əməkdaşlıq təklifini məmnuniyyətlə qəbul edib. Onun bu sahədəki fəaliyyəti Andropov DTK-ya sədr gəldikdən sonra daha geniş miqyas alıb. Müasirlərinin söylədiklərinə görə, Lui Andropovun bir nömrəli agenti olub. Onlar ən azı həftədə bir dəfə DTK sədrinin məxfi görüşləri üçün nəzərdə tutulmuş mənzildə görüşüblər. Andropov Luinin fəaliyyətindən tam razı qalıb və bunun qarşılığında ona ən yüksək şəraiti yaradıb. 1970-ci illərin əvvəllərində Luinin şəxsi qarajında onlarla xarici avtomobil olub, o, şəhərin ən prestijli yerində dörd otaqlı mənzillə təmin edilib. Lui istədiyi vaxt istədiyi ölkəyə gedə bilib. Bütün bunları onun üçün Andropov yaradıb.
Andropov Luidən SSRİ-nin gizlətdiyi məsələləri xaricə çatdırmaq məqsədi ilə istifadə edib. Bu gün də Andropovun bu məsələdə marağının nədən ibarət olduğunu anlamaq çətindir.
1970-ci illərdə Kremldə keçirilən müşavirələrdə, Siyasi Büro iclaslarında mübahisəli məqamlar, fikir ayrılığı olduqda elə həmin gün Qərb mətbuatı bu haqda məlumat verib. İnformasiyanın haradan çıxdığı isə Kremlə məlum olmayıb. Hətta belə hadisələrə görə hadisələrin “müəllifi” Andropov Brejnev tərəfindən tənqid edilib.
Luinin fəaliyyətində ən yaddaqalan hadisə isə Xruşşovla bağlıdır. Xruşşov hakimiyyətdən devrildikdən sonra onun gələcək fəaliyyəti Kremli ciddi çəkildə narahat edib. Mərkəzi Komitədə əyləşənlər Xruşşovun Qərb mətbuatına verəcəyi müsahibələrdən, informasiyalardan ehtiyat ediblər. Hətta hadisələri qabaqlamaq üçün Xruşşovun yaşadığı bağ evinə səs yazan qurğular da quraşdırılıb. Kremlin narahatlığı əsassız olmayıb. 1968-ci ildə məlum olub ki, Xruşşov öz memuarlarını yazır. Onu Mərkəzi Komitəyə dəvət ediblər, söhbət aparıblar və Xruşşova həmin memuarları çap etdirməyə qadağa qoyublar. Daha doğrusu, belə bir şərt qoyulub ki, memuarlar Mərkəzi Komitənin “redaktə”sindən sonra işıq üzü görə bilər. Ancaq Xruşşov bu şərtə məhəl qoymayıb. Memuarlar tam hazır olduqdan sonra Xruşşovun oğlu Sergey atasının xatirələrini xaricə çıxarmaq və orada çap etdirmək haqqında düşünüb. Bununla bağlı o, atası ilə razılığa gəlib. Bu məsələdə Sergey Xruşşova Lui kömək edib və o, kitabın Amerikada çap olunacağına söz verib.
Lui kitab məsələsi haqqında dərhal Andropovu da məlumatlandırıb. Sonralar verdiyi müsahibələrdə o, Andropovun Xruşşovun xatirələrinə münasibətini aşağıdakı kimi açıqlayıb:
“Bu cür işlərdə mənim maddi marağım var idi. Xruşşovun gizli şəkildə memuarlarını xaricdə çap etdirmək fikrində olduğunu Andropova çatdırmaq isə mənə böyük “qonorar” vəd edirdi. Hər halda mən belə düşünürdüm ki, bu informasiyanı çatdırmaqla böyük pul mükafatı alacam. Elə bu səbəbdən də Andropovla görüşdüm, ona bildirdim ki, Xruşşov xatirələrini bu günlərdə xaricə ötürəcək, həmin xatirələrdə SSRİ-nin bir çox sirləri açılacaq, mən həmin materialları sizə gətirə bilərəm, göndərməmişdən əvvəl lazım olan yerləri redaktə edə bilərik. O, gülümsəyərək mənə cavab verdi ki, necə varsa, elə də göndər, sən buna görə də mükafatlanacaqsan...”
Göründüyü kimi, Xruşşovun Amerikada çap olunan və Moskva üçün xoşagəlməz söz-söhbət yaradan kitabının qarşısını Andropov ala bilərmiş. Amma nədənsə DTK “şef”i özü də bu işə təkan verib. Lui ilə Andropov arasında bu cür işbirliyi çox olub. Lui pul qazanıb, Andropov isə Brejnevi nüfuzdan salaraq birinci kürsüyə doğru daha bir addım atıb. Hətta bəzi araşdırmaçıların qənaətinə görə, Andropov bunu SSRİ-nin süqutunu daha da sürətləndirmək üçün edib. Yəqin ki, Mixail Qorbaçova hamilik edən Andropov onu da Stavropoldan Kremlə məhz buna görə gətirib.
İlham Cəmiloğlu,
Musavat.com