İngilislərin bir deyimi var – “Bəzən heç bir xəbərin olmaması da yaxşı xəbərdir”.
Moskvanın, Kremlin patronajlığı ilə keçirilən üçtərəfli görüşlər də bu qəbildəndir. Xüsusilə də son Soçi görüşü ərəfəsində Azərbaycana qarşı hərtərəfli təzyiqlərin artması və Putinin “Valday”dakı məlum açıqlamaları öncədən bu görüşün gərginlik dərəcəsini xeyli artırmış oldu və Azərbaycan cəmiyyətində də müəyyən narahatlıq yaratdı. Lakin pessimist proqnozlar özünü doğrultmadı və ən azından üzdə olan nəticə idman dilində desək, rəqibin meydanında qazanılan heç-heçə təəssüratı bağışladı...
İndiyə qədər Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının, Qərbin vasitəçiliyi və təşəbbüsü ilə keçirilmiş demək olar ki, hər bir görüşdə hansısa cüzi də olsa irəliləyiş nəzərə çarpıb, sülhə ümid yaranıb. Özü də təkcə tərəflərin siyasi elitalarında deyil, həm də Azərbaycan və erməni cəmiyyətlərində. Əlbəttə, bu, heç də Qərbin Azərbaycanı dəstəkləməsindən, yaxud təmənnasız, obyektiv vasitəçi olmasından irəli gəlmir. Ancaq hər halda, sanki tərəflər məhz Qərbin moderatorluq etdiyi platformalarda daha sərbəst, basqısız atmosferdə müzakirə aparırlar və bu da müəyyən nəticələr əldə etməyə imkan verir.
Doğrudur, Qərbin də regionda öz maraqları var. Lakin onun bu maraqları Rusiya kimi kobud, primitiv, zor yolu ilə tərəflərə “yedirtmək” adəti yoxdur. Rusiya ilk sıraya öz maraqlarını qoyur, tərəflərin milli maraqları, qayğıları, problemləri isə onu az maraqlandırır. Bunu son Soçi görüşünün yekun bəyanatından da görmək olur. İlk bənd birbaşa Rusiyaya və onun “sülhməramlı” missiyasına aiddir: “Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğuladıq”. Bu, o deməkdir ki, Kreml “sülhməramlılara ehtiyac var” tezisini bəyanata saldırmaqla, görüşlə bağlı qarşısına qoyduğu minimum hədəfə nail oldu, lakin bundan irəli gedə bilmədi...
Əslində, ruslar demiş “nə ət, nə balıq” tipli bu bəyanatda deyilənlərdənsə Putinin yekun nitqində söylədikləri vəziyyəti anlamağa daha çox ipucları verir və daha önəmlidir. Putinin dedikləri isə Kremlin öz istəklərini Azərbaycan tərəfinə (bəli, məhz Azərbaycan tərəfinə-C.M.) təzyiqlə diqtə və qəbul etdirmə cəhdinin uğursuzluğa düçar olmasının etirafı idi: “Açığını deməliyəm ki, heç də hər şeyi razılaşdıra bilmədik. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi şeylər çıxarılmalı oldu”. Paşinyanın öncədən Putinin təkliflərinə ikiəlli razı olduğunu bəyan etməsini nəzərə alsaq, deməli, mətndən nələrinsə çıxarılması Ermənistan yox, Azərbaycan tərəfinin tələbilə baş verib. Çünki Putinin nitqində söhbət Kremlin “mütəxəssisləri”ndən və onların hazırladığı mətndən gedir. Şübhəsiz ki, nə bu “mütəxəssislər”, nə də onların mətni heç bir halda Ermənistanın əleyhinə və Azərbaycanın maraqlarına uyğun ola bilməzdi...
Azərbaycan Prezidenti Putinlə ikitərəfli görüşdə “Qarabağ münaqişəsi tarixdə qalıb” dedi və bu yanaşma demək olar ki, yekun bəyanatda da öz yerini aldı. Belə ki, həmin sənəddə Qarabağın adı çəkilmir və orada hansısa “status”, ümumiyyətlə, Azərbaycanın daxili işi olan bu məsələylə bağlı heç nə yoxdur. Bu baxımdan ən azı rəsmi nəticələrə görə Azərbaycan tərəfinin Soçi görüşündən məğlub ayrılmadığı şübhə doğurmur...
Eyni zamanda, Paşinyanın görüşdən əvvəl səsləndirdiyi tezislərə aid heç bir eyham belə sözügedən sənəddə yer almadı. Erməni tərəfinin mövqeyindən baxsaq, görüşün nəticələri və yekun bəyanat belə təəssürat yaradır ki, Putin görüşdən bir neçə gün əvvəl “Valday”da erməni jurnalistə verdiyi cavabdakı "Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür” vədini ən azı bu görüşdə yerinə yetirə bilmədi.
Sözsüz ki, Azərbaycan tərəfinin mövqeyinə, iradəsinə yaxşı bələd olan, bunu dəfələrlə “öz üzərində hiss edən” Paşinyan üçtərəfli görüşdən əvvəl də Azərbaycana nəyisə qəbul etdirməyin mümkün olmayacağını bilməmiş deyildi. Məhz buna görə Putinlə ikitərəfli görüşdə “Rusiya tərəfinin Dağlıq Qarabağla bağlı təklifi Ermənistan üçün məqbuldur” deyərək, Putinə “Valday”dakı çıxışını xatırlatmışdı və demişdi ki, guya Azərbaycan Qarabağda rus sülhməramlılarının məsuliyyət zonasındakı ərazilərə, həmçinin Ermənistan ərazisinə müdaxilə edib və İrəvan bununla bağlı Rusiyanın mövqeyini gözləyir(!). Bu, topu Putinin sahəsinə atmaq idi.
Lakin göründüyü kimi, nə yekun sənəddə, nə də Putinin nitqində Paşinyanın dediklərinin, Rusiyadan tələb etdiklərinin heç biri yer almadı. Eyni zamanda, “sülhməramlılar”a rəsmi mandat verilərək, Qarabağda qalma müddətinin 15-20 il uzadılması arzusu da havadan asılı vəziyyətdə qalır. Bütün bunlar isə Ermənistanın xeyrinə olmasa da, şəxsən Paşinyanın siyasi maraqlarına uyğun gələn məqamlardır. Odur ki, Paşinyanı da tam məğlub hesab etmək olmaz. Belə ki, nəticə etibarilə o, bir daha Rusiyanın “etibarsız tərəfdaş, sözünə, vədinə naxələf birisi olduğunu” və heç də Azərbaycana təzyiq edib, nəyisə qəbul etdirmək gücündə olmadığını erməni cəmiyyətinə göstərmiş oldu.
Nəhayət, bir şeyi unutmayaq ki, Türkiyənin olmadığı masada Azərbaycanın birmənalı siyasi, diplomatik, hətta hərbi qələbəsi çətin olur. Digər yandan Rusiyanın patronajlığı ilə növbəti görüşün nə vaxt, hansı şəraitdə keçiriləcəyi və həmin vaxta qədər xüsusilə də Ukrayna cəbhəsində nələrin baş verəcəyi bəlli deyil. Ancaq hər halda Rusiyanın Ukraynada günbəgün zəiflədiyini, onun güc və imkanları ilə bizim regiona təsir imkanlarının düz mütənasib olduğunu və digər bir sıra məqamları nəzərə alsaq, zaman ən azından Azərbaycanın ziyanına işləmir...
Cəlal Məmmədov
“AzPolitika.info”