Neandertallar “homo sapiens”lərlə ədavətə görə yox, cinsi əlaqəyə görə "yoxa çıxmış ola bilər"

6-11-2022, 23:29   


Alimlərin fikrincə, "homo sapiens"lərlə müntəzəm cütləşmə neandertalların yoxa çıxmasına səbəb olub

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Alimlərin fikrincə, "homo sapiens"lərlə müntəzəm cütləşmə neandertalların yoxa çıxmasına səbəb olub

Neandertalların nəyə görə yoxa çıxması alimlər üçün böyük sirr olaraq qalmaqdadır. Belə bir fərziyyə var ki, buna "homo sapiens"lərlə mübarizə (müasir insan növünün inkişaf xətti) səbəb olub.

Amma, bəlkə də, əksinədir - neandertallar "homo sapiens"lərlə düşmənçiliyə və rəqabətə görə yox, onlarla cütləşdikləri üçün yox olublar.

"PaleoAnthropology" jurnalında dərc olunmuş məqalənin müəllifləri hesab edirlər ki, neandertalların sıradan çıxması bu iki növ arasında müntəzəm cinsi əlaqələrin nəticəsi ola bilər - nəticə etibarilə neandertal DNT-si olan fərdlərin sayı getdikcə azalıb və nəhayət, yox olub.


Amma tədqiqatçılar onu da qeyd edirlər ki, indiyə qədər yalnız 32 neandertal genomu deşifrə edilib - bu, kiçik bir hissədir və bəlkə də, ən uğurlu variant deyil, daha etibarlı nəticələr üçün əlavə tədqiqatlara ehtiyac var.

İnsan Təkamülü Muzeyinin elmi direktoru, məqalənin həmmüəllifi professor Chris Stringer deyir ki, bu iki növün tam olaraq necə bir-biriylə cinsi əlaqəyə girməsi elmi ictimaiyyətdə hələ də çox az müzakirə edilir:

"Biz güman edirik ki, neandertalların nəslinin kəsilməsinə məhz belə yaxınlaşma səbəb ola bilərdi - əgər onlar müntəzəm olaraq "homo sapiens"lə cütləşiblərsə, bu onların populyasiyasını azalda və nəhayət, yoxa çıxarmış ola bilər".

İlk görüş

Neandertal kişisinin reproduksiyası

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Neandertal kişisinin reproduksiyası. Təbiət Tarixi Muzeyi, London. Aprel, 2022

Hazırda Afrikadan kənarda yaşayan insanların təxminən 2 faizində neandertal genləri var. Bu, ortaq yaşam arealıyla izah olunur.

600 min il əvvəl "homo sapiens"lər Afrika qitəsində, neandertallarsa müasir Avropa və Asiya ərazilərində (Cənubi Sibirə qədər) yaşayırdılar.

Bu iki növ yüz minlərlə il ərzində yolları kəsişmədən mövcud olublar. Təxminən 250.000 il əvvəl "homo sapiens"lər Afrikadan kənara çıxmağa başlayıblar. Genetik məlumatlardan görünür ki, onlar neandertallarla bundan sonra rastlaşıblar.

"Biz neandertalların görünüşlərini və davranışlarını dəqiq bilmədən yalnız güman edə bilərik ki, o vaxt "homo sapiens"lər qohumlarına rast gəldiklərini düşünüblər" - professor Stringer belə deyir.

Amma, çox güman ki, onların arasında böyük bir dil baryeri olub - müasir dillər arasında olduğundan xeyli çox. Ona görə də bu iki növün həm beyni, həm də səs aparatı fərqliydi.

Onların arasında görünüşə və inkişafa cavabdeh olan 600-ə yaxın gen fərqi də vardı, xüsusən də üzün və səsin quruluşuna aid genlərdə. Məsələn, neandertallarda bir-birinə siqnal ötürmək üçün rabitə vasitəsi kimi də istifadə etdikləri qabarıq qaş quruluşu olub.

neandertal qadının reproduksiyası

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Asturiyadakı Sidon mağarasında yaşamış neandertal qadının reproduksiyası. Milli Arxeologiya Muzeyi, tarixdən əvvəlki dövr zalı. Madrid

Amma bu fərqlər neandertalların və "homo sapiens"lərin bir-birilərilə cinsi əlaqəyə girməsinə mane olmayıb. Hələlik bu yaxınlaşmanın təfərrüatları məlum deyil, bilinən ancaq odur ki, müasir insanlardakı neandertal genləri "homo sapiens"lərin Afrikanı yenicə tərk etdikləri dövrdəki cütləşmə nəticəsində əmələ gələnlərlə eyni deyil.

İndiki neandertal genləri "homo sapiens"lərin təxminən 60.000 il əvvələ təsadüf edən kütləvi miqrasiyasının nəticəsidir.


Onlar necə cütləşiblər?

"Homo sapiens"lərin şimala ilk yürüşləri dövründə cütləşmələr qarşılıqlı simpatiyaların nəticəsi ola bilərdi, amma o da mümkündür ki, bu, heç də mehriban şəraitdə baş verməyib.

Hər halda, ən yaxın qohumlarımız olan müasir şimpanzelər bu davranış növlərinin hər ikisini nümayiş etdirirlər.

Təbiətdə müxtəlif növlər (həm heyvanlar, həm də bitkilər) bir-birilə cütləşəndə çoxalma yalnız bir istiqamətdə gedə bilər. Məsələn, bir növün erkəyi digərinin dişisini mayalandıra bilər, amma birinci növdən olan dişi ikinci növdən olan erkəklə cütləşəndə çoxalma baş tutmayacaq.

Müasir insanların neandertallara xas qısa mitoxondrial DNT-si anadan ötürülür və bu, alimlərdə belə bir qənaət yaradıb ki, sözügedən növlərin cütləşməsi zamanı nəsil artımı yalnız "homo sapiens" erkəklərlə neandertal dişilər arasındakı əlaqə zamanı mümkün olub.

Hibrid kişilərin bu məsələdə dişilərdən daha az məhsuldar ola biləcəyinə dair də bəzi sübutlar var.

50.000 il əvvəl neandertal ailəsinin reproduksiyası. Field Museum of Natural History, Chicago

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

50.000 il əvvəl neandertal ailəsinin reproduksiyası. Field Museum of Natural History, Chicago

Neandertallar "homo sapiens"lərlə daha çox cütləşdikcə, öz aralarında getdikcə daha cinsi əlaqəyə giriblər. Nəzərə alsaq ki, onlar kiçik qruplar halında yaşayıblar və iqlim şəraitinə görə geniş ərazilərə səpələniblər (O vaxt Avropa və Asiyada iqlim indikindən qat-qat sərtiydi), nəticə etibarilə bu, növün hibridləşməsinə və sonra da nəslinin kəsilməsinə gətirib çıxarıb.

"Bu birtərəfli gen axını cütləşmənin digər istiqamətdə uğursuz olmasının nəticəsidirmi, yoxsa bizdəki neandertal gen nümunələri reprezentativ deyil - biz bunu bilmirik" - professor Stringer belə deyir və əlavə edir ki:

"Deşifrə etdiyimiz neandertal genomlarının sayı artdıqca "homo sapiens"lərdən neandertallara hər hansı bir nüvə DNT-nin keçib-keçmədiyini görə biləcəyik və ideyamızın nə qədər doğru olduğunu da o zaman anlayacağıq".

Alimlər növümüzün ən yaxın qohumlarımızla qarşılıqlı əlaqəsi barədə daha dolğun təsəvvür əldə etmək üçün başqa bir hominid növüylə - Denisov insanıyla münasibətlərimiz haqda da anoloji suallara cavab verməli olacaqlar.

Denisov adamı - bu, Altay diyarındakı Denisov mağarasında skelet fraqmentləri tapılandan sonra məlum olan nəsli kəsilmiş insan növü və ya alt növüdür. Denisovlular zaman və məkan baxımından Asiyadakı neandertalların və müasir insanların məskunlaşdığı ərazilərlə üst-üstə düşən arealda yaşayıblar.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.