Türkiyənin İstanbul şəhərindəki partlayışın PKK/PYD terror təşkilatı tərəfindən törədildiyi məlum olub.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb. Nazir bildirib ki, partlayışa səbəb olan bombanı qoyan şəxs polislər tərəfindən saxlanılıb. O, terrorçulara lazımi cavabın veriləcəyini də söyləyib:
“Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik. Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq”.
Qeyd edək ki, İstanbuldakı partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. PKK-nın uzun müddət sonra İstanbulun mərkəzində terror aktı törətməsi diqqətçəkən əsas məqamlardandır. Üstəlik, bunun ölkənin ən çox turist axını olan bölgəsində baş verməsi isə olduqca maraqlıdır. Türkiyəyə qarşı açıq-aşkar düşmənçilik siyasəti aparan qüvvələrin planı göz önündədir.
Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, bundan sonra Türkiyədə PKK-nı dirçəltmək mümkün deyil:
“Çünki PKK Türkiyə daxilində o səviyyədə küncə sıxışdırılıb ki, onun fəaliyyətini bundan artıq bərpa etmək mümkün deyil. Sadəcə olaraq, terror hadisələrinin qısamüddətli hədəfləri var. Yəni onların məqsədi 2023-cü ildə Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində Ədalət və İnkişaf Partiyasını (AKP) və “Cümhur İttifaqı”nı zəiflətməkdən ibarətdir. Son zamanlarda ardıcıl olaraq Türkiyənin daxili və xarici siyasətində çox ciddi hadisələr baş verir. Bu da Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi iqtidarı daha da möhkəmləndirir. Ona görə də qlobal güclər Ərdoğanın bu seçkilərdə heç bir problem olmadan qazanacağından narahatdırlar”.
Politoloq əlavə edib ki, Türkiyə hakimiyyətinin etibarını cəmiyyətdə zəiflətmək və türk toplumunda bir növ qorxu yaratmaq üçün bu cür terror aktı törədildi:
“Lakin bunların heç birinin hədəflərinə çatmayacağını düşünürəm. Kimlərsə terror hadisələri ilə Türkiyə dövləti və xalqını geri çəkilməyə məcbur edə biləcəklərini düşünürlərsə, yanılır. Əksinə, bu hadisələr Türkiyənin öz hədəflərinə yönəlik fəaliyyətini daha da gücləndirəcək. Hesab edirəm ki, qısa müddət ərzində Türkiyə bu terroru təşkil edən güclərə qarşı adekvat addımlar atacaq”.
Elmir
Cebhe.info