“İRANLA AZƏRBAYCAN ARASINDA GƏRGİNLİK ARTACAQ, MÜNASİBƏTLƏR KƏSKİNLƏŞƏCƏK...” - “Bu addımları atsaq, Tehran rejimi Azərbaycana heç nə edə bilməz...”

16-11-2022, 15:32   



Sülhəddin Əkbər: “Azərbaycan öz ərazisində Türkiyə bazalarını yerləşdirməli, Britaniya və Pakistanla ilə müttəfiqlik sazişi imzalamalıdır”

“İran aqressiv xarici siyasətini davam etdirsə, bu, İslam Respublikasının dağılması ilə nəticələnəcək”

“Xomeyninin inqilab zamanı Tehrana haradan gəldiyini unutmayın...”


Azərbaycan-İran münasibətlərində gərginlik davam edir. Son 30 ildə birmənalı olaraq Ermənistanın yanında yer alan, “şiə həmrəyliyi” adı altında Azərbaycanda təsir dairəsi yaratmağa çalışan Tehranın son vaxtlar bütün əndazələri aşan fəaliyyəti Azərbaycan tərəfindən adekvat reaksiyalarla cavablandırılır. Buna baxmayaraq, İran Ermənistan üzərindən regionda varlığını isbat etməyə və Azərbaycanı bacardığı qədər təzyiq altında saxlamağa çlalışır.

“AzPolitika.info” bu mövzunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə müzakirə edib:

- Sülhəddin bəy, hazırda İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Situasiyaya Cənubi Qafqaz uğrunda mübarizədə ABŞ, Avropa, Rusiya və İranın fəallaşması fonunda baxdıqda hansı mənzərə ortaya çıxır?

- Baş verənlər yeni dünya nizamı quruculuğunun və bununla əlaqədar geostrateji, geosiyasi, geoiqtisadi mübarizənin təzahürüdür. Bu mübarizə artıq həlledici mərhələdədir və tərəflər yeni dünya nizamında tutacaqları yer uğrunda mübarizə aparırlar. Bizim dünyanın müxtəlif regionlarında gördüklərimiz də ümumi mənzərənin ayrı-ayrı hissələridir.

Əlbəttə, İranın yeni dünya düzənindəki yeri ilə bağlı məsələ də var. Hər kəs - istər qlobal, istər regional, istərsə də lokal qüvvə olsun, hərə öz gücünə müvafiq şəkildə yeni düzəndə öz mövqeyini gücləndirməyə, əgər buna gücü çatmırsa heç olmasa mövcud mövqeyini qorumağa çalışır. Baş verənlər ümumi şəkildə bundan ibarətdir.

- Bəs, Azərbaycan-İran münasibətlərində müşahidə olunan sərt ritorika və qarşılıqlı ittihamlar nədən xəbər verir?

- Prinsipial məsələ budur ki, ümumiyyətlə müstəqil Azərbaycan milli dövlətinin varlığını İran özünə, ərazi bütövlüyünə təhdid hesab edir. Əsas budur.

İkincisi, Azərbaycanın dünyəvi dövlət olmasını İran teokratik rejimi özü üçün təhlükə sayır.

Üçüncüsü, Azərbaycanın dekloratiov olsa belə, rəsmi demokratik inkişaf yolunu seçməsini İran öz anti-demokratik və totalitar quruluşu üçün təhlükə hesab edirEyni zamanda, dünyəvi, demokratik və uğurlu Azərbaycanı İran təzyiq altında saxladığı ayrı-ayrı xalqlar üçün, xüsusən də orada yaşayan azərbaycanlılar üçün cazibə qüvvəsi sayır. Ələlxüsus dünyəvi Azərbaycanın cazibə mərkəzi olması onun II Qarabağ savaşında qalib gəlməsindən, Türkiyə ilə strateji əməkdaşlığa getməsindən, Türk Dövlətlər Təşkilatının yaranmasından sonra mərhələ-mərhələ daha da güclənir. Bu da İranı narahat edir.

Operatriv-taktiki məsələlərə gəldikdə burada yeni dünya nizamı quruculuğu ilə bağlı ABŞ, İsrail, Böyük Britaniya, Rusiya, Türkiyə və Çinin regional maraqları ilə bağlı İranı narahat edən məqamlar var. Bunlar da alt səviyyədə İrana toxunan məsələlərdir. Yəni, ümumi prinsipial məsələlərlə yanaşı qlobal və regional güc mərkəzlərinin Cənubi Qafqazda, xüsusən Azərbaycanda maraqlarının inkişafı da İranı narahat edən ikinci dərəcəli məsələlərdir.

- Azərbaycan son 30 ildə ilk dəfədir ki, dünyada yaşayan 40 milyon azərbaycanlının ana dilində təhsil almasının, hüquqlarının qorunmasının vacibliyini önə çıxarır. Sizcə, Prezident Əliyevin Səmərqənddə belə açıq mesajlar verməsini zəruri edən səbəblər nədir?

- Əvvəla, bunu müsbət qiymətləndirirəm. Biz daim deyirdik ki, Azərbaycan heç olmasa demokratiya, insan haqları və milli haqlar sahəsində soydaşlarımızın hüquqlarını müdafiə etməlidir. Amma Azərbaycan özü demokratiya və insan haqları sahəsində tənqid obyekti olduğuna və rəsmi Bakı İranla münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək istədiyinə görə, buna getmirdi. Ancaq İran dost deyil, düşmən siyasətini açıq şəkildə həyata keçirməyə, Azərbaycanı təhdid etməyə, Ermənistanın yanında durmağa başladıqdan sonra, Azərbaycan həm də bir sıra xarici güc mərkəzlərindən dəstək almaqla bu addımları atmağa başladı. 

Təbii ki, burada İranın Azərbaycana düşmən siyasəti, eləcə də Azərbaycanın gücünün artması, Türkiyə ilə strateji müttəfiqliyi, Türk Dövlətləri Təşkilatının yaranması, habelə Zəngəzur dəhlizi mövzusunda İsrail, Çin və Böyük Britaniyadan dəstək alması da rol oynayır. Həmçinin, Azərbaycanın ABŞ-dan və enerji təhlükəsizliyi ilə əlaqədar Avropa Birliyindən dəstək alması da önəmli rola malikdir. Yəni, bütün bu amillərin hamısı bir yerdə Azərbaycanın dövlət başçısına imkan verir ki, çəkinmədən belə bəyanatlarla çıxış etsin. Yəni bu, bir qədər gecikmiş olsa da, doğru istiqamətdə atılan addımdır.

Bundan sonra İranla münasibətlərdə müvəqqəti fasilələr, siyasi-diplomatik “atəşkəs” yaşana bilər. Amma mahiyyət etibarı ilə ortadakı ziddiyyətlər barışmaz ziddiyyətlərdir. Bu dövlətlər təbiət etibarı ilə bir-birinə zidd dövlətlərdir. Ya İranda rejim dəyişməli, demokratik rejim qurulmalıdır, ya da İran aqressiv, millitarist xarici siyasət yürütməkdə davam edəcəksə, bu, İslam Respublikasının dağılması ilə nəticələnəcək. Hər halda, İran SSRİ-dən güclü dövlət deyil.

Fikrimcə, İran-Azərbaycan münasibətlərində gərginlik artacaq, münasibətlər zaman-zaman kəskinləşəcək. Odur ki, Azərbaycan ilk olaraq öz daxili gücünü - hərbi, siyasi, iqtisadi, maliyyə, kəşfiyyat, sosial-siyasi, milli birlik baxımından gücünü artırmalıdır.

İkincisi, onun Türkiyə ilə strateji müttəfiqliyi real məzmun kəsb etməlidir. Azərbaycan öz ərazisində Türkiyə bazalarını yerləşdirməlidir. Bu, ən təsirli güc ola bilər. Təkcə İran üçün deyil, digər güclər üçün də.

Üçüncüsü, Azərbaycan Türk Dövlətləri Təşkilatında aktiv rol oynamalıdır və hazırda oynayır da. Bunu da müsbət qiymətləndirirəm. Həqiqətən, Bakı bu təşkilatda fəal rola malikdir.

Nəhayət, Azərbaycan yeni dünya nizamı quruculuğunu, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğunu və bu qarşıdurmada ən böyük güclərin kim olduğunu bilərək addımlar atmalıdır.

Birincisi, Böyük Britaniya ilə strateji əməkdaşlıq və müttəfiqlik sazişi imzalamalıdır.

İkincisi, İsrailin və dünya yəhudiliyinin oynadığı rolu nəzərə alaraq yubanmadan Təl-Əvivdə səfirliyini açmalı, bu ölkə ilə strateji müttəfiqlik haqqında saziş imzalamalıdır.

Nəhayət, London və Təl-Əviv üzərindən ən vacib mərkəz olan Vaşinqtonla münasibətləri normallaşdırmalıdır. Bu dəqiqə bizim üçün ən vacib məsələ Bakı-Vaşinqton münasibətlərinin normal xəttə gətirilməsidir. Mümkündürsə, ABŞ-ın Gürcüstanla imzaladığı və ondan əvvəl Azərbaycana təklif etdiyi strateji tərəfdaşlıq xartiyası imzalanmalıdır.

Həmçinin, Avropa Birliyi və NATO ilə münasibətləri yeni səviyyəyə qaldırmaq lazımdır. Məsələn, Azərbaycan Avropa Birliyi ilə müzakirə etdiyi sazişi nə qədər uzadacaq? Bunu da imzalamaq lazımdır.

Eyni zamanda, Pakistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmalıdır. Azərbaycan həm də Çinin regional maraqlarından istifadə etməlidir. Çinin orta dəhlizin açılmasında ciddi marağı var və Zəngəzur dəhlizi də əslində həmin dəhlizin bir hissəsidir.

Rusiyaya qarşı sanksiyalar işə düşdükdən sonra Mərkəzi Asiyadakı qardaş dövlətlərin Transxəzər, Azərbaycan-Türkiyə yoluna ehtiyacı artıb. Odur ki, ikitərəfli münasibətlərimizi qardaş türk dövlətləri ilə gücləndirməliyik. Bu addımları atmaq lazımdır. Bu addımları atsaq, Tehran rejimi Azərbaycana heç nə edə bilməz. Mən bu təklifləri illərdir deyirəm.



- Siyasi-diplomatik gərginlik fonunda birinci İran, daha sonra Azərbaycan sərhəddə hərbi təlimlər keçirdi. Sizcə, ümumilikdə hərbi-siyasi durumun kəskinləşməsi fonunda hərbi qarşıdurma ehtimalı nə dərəcədədir?

- Nəzəri olaraq heç nəyi istisna etmək olmaz. Əgər İran rejiminin necə aqressiv, millitarist xarici siyasət apardığını, dünyada terrozimi dəstəklədiyini, nüvə proqramını sürətlə həyata keçirdiyini nəzərə alsaq, ən azı görünən perspektivdə belə təhlükə var. Azərbaycanı belə bir təhdid gözləyir. Odur ki, Azərbaycan yuxarıda qeyd etdiyim addımlar haqqında düşünməli, onları atmalıdır. İran rejimi xüsusən Rusiyanın dəstəyi sayəsində nüvə silahı əldə edərsə, bir anlıq təsəvvür edin ki, İrandan qaynaqlanan təhlükə Azərbaycan üçün necə artacaq. İranın Suriyada, İraqda və Yəməndə iştirak formasını unutmamalıyıq.

- Hazırda regiondakı Azərbaycan-Türkiyə birliyi fonunda demək olarmı ki, İran, Rusiya və Fransa eyni mövqedən çıxış edir?

- Qeyd etdiyim kimi, yeni dünya nizamı qurulduqca və geopolitik qarşıdurma inkişaf etdikcə Rusiyanın mövqeyi bütün regionlarda, eləcə də Cənubi Qafqazda zəifləyir. Bu tendensiya getdikcə artacaq. Bu boşluğu İran doldurmağa çalışır. Digər tərəfdən, regionda Türkiyənin təsiri və gücü getdikcə artır. Bu baxımdan həm İran, həm də Rusiya narahatdır. Həmçinin, regionumuzda Türkiyənin güclənməsini istəməyən digər güc mərkəzləri də narahatdır. İran və Rusiyadan gələn təhlükə dolayısı ilə Ermənistan üzərindən dönüb Azərbaycana gələ bilər. Bir anlığa təsəvvür edin ki, münaqişə yenidən hərbi fazaya keçir, Fransa, İran və Rusiya Ermənistana hərbi dəstək verir.

Konkret Fransaya gəldikdə, Ruhulla Xomeyninin İslam inqilabı zamanı Tehrana haradan gəldiyini unutmayın. Xomeyni buna qədər Parisdə yaşayırdı və İrana da Parisdən gəldi.

- Hazırda Azərbaycan xüsusi xidmət orqanları ölkəmizdəki İrana bağlı təsir və casus şəbəkələrini ifşa edir. Görünən budur ki, proses bir müddət davam edəcək...

- Mən bunları bir qədər gecikmiş addımlar sayıram. Lakin gecikmiş olsa da, düzgün istiqamətdə atılan addımlardır. Görünür, Azərbaycanın özünə inamsızlığı var idi və düşünürmüş ki, İrana qarşı belə sərt addımlar atacağı təqdirdə Tehrandan gələcək cavab addımlarına hazır deyil. Zamanında Azərbaycan təhlükəsizlik xidmətində məlum səbəblərdən yaranan vəziyyət də buna imkan vermirdi. Amma xüsusi xidmət orqanlarında aparılan islahat və kadr dəyişikliyindən sonra görünür ki, bu xidmətdə özünə inam yaranıb. Həm də burada siyasi iradə məsələsi var. Üstəlik, ola bilsin ki, Azərbaycan öz müttəfiqləri və tərəfdaşlarından dəstək alır. Odur ki, bu addımlar doğru addımlardır.

Unutmayaq ki, Azərbaycan müstəqillik qazanar-qazanmaz İran bizim ölkəmizdə aktiv kəşfiyyat fəaliyyəti aparmağa başlayıb. Bu, gələcəkdə də kəşfiyyat müharibəsinin aparılmasını istisna etmir. Yeri gəlmişkən, biz müharibə dedikdə daha çox klassik müharibə haqqında düşünürük. Lakin müasir müharibələr strateji xarakter alır və belə müharibələrdə döyüşlərin müxtəlif formalarından istifadə edilir. Strateji müharibə çoxyönlüdür, bunun iqtisadi, siyasi, maliyyə, kəşfiyyat, informasiya, hərbi təhlükəsizlik tərəfləri var.

- Biz daim qeyd edirik ki, Rusiyanın ölkəmizdəki “beşinci kolon”u olduqca güclüdür. Bəs, İranın Azərbaycandakı “beşinci kolon”u, onun gücü, təsir dairəsi və imkanları haqqında nə demək olar?

- Dediyim kimi, İran artıq 30 ildir ki, Azərbaycanda aqressiv şəkildə fəaliyyət göstərir. Həm kəşfiyyat, təhlükəsizlik xidmətləri, həm də dini-ideoloji baxımdan. Bu mənada İranın da Azərbaycanda “beşinci kolon”u var, lakin o, Rusiya “kolonu” ilə müqayiqsə edilə bilməz. Bununla yanaşı, Rusiya və İranın “kolon”larının birgə hərəkət etməsi halında Azərbaycan ciddi qüvvə ilə üz-üzə qala bilər.

- Bəs, Azərbaycan buna hazırdırmı?

- Mən hökumətdə deyiləm. Odur ki, belə bir hazırlığın olub-olmamasından, əgər varsa, hansı səviyyədə olmasından xəbərim yoxdur.

- Ancaq əlamətlərə baxıb ümumi qənaətə gəlmək mümkündür...

- Hər halda, Azərbaycan belə addımlar atırsa, ortaya siyasi iradə qoyursa, deməli, həm müəyyən hazırlıq, həm də dəstək var.

Rasim Əliyev

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar