“Mollaların gedəcək yeri yoxdur, heç kəs onları qəbul edən deyil...”
İranda molla rejiminə qarşı etirazlar səngimək bilmir. Artıq müxtəlif əyalətlərdə, o cümlədən Cənubi Azərbaycanda soydaşlarımız öz milli hüquq və haqlarının təmin edilməsi tələbini səsləndirirlər. İki aya yaxındır davam edən mitinqlərdə 350-dən çox insan öldürülüb, minlərlə İran vətəndaşı həbsə atılıb. Buna rəğmən insanlar mollalara qarşı müqaviməti davam etdirir.
Qeyd edək ki, dörd bir yandan alov içində olan İran hökumətinin Azərbaycana münasibəti bəllidir. Məlum hərbi təlimləri və bəyanatları ilə ölkəmizə qarşı düşmən münasibəti sərgiləyən bu rejim Ermənistana münasibətdə “bir dövlət iki millət” prinsipindən çıxış edir...
“AzPolitika.info” İran mövzusunu Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) lideri Etibar Məmmədovla müzakirə edib.
- Etibar bəy, İranda iki aya yaxındır ki, etiraz aksiyaları davam edir. Sizcə, bu etirazların əsas mənbəyi nədir və irəlidə hansı gözləntilər ola bilər?
- İranda baş verənlər gözlənilən idi. Burada əhalinin hakimiyyətdən narazılığı əsasdır. İran əhalisinin az qala 90 faizi dini rejimdən narazıdır, bu rejimin tətbiq etdiyi məhdudiyyətlərdən əziyyət çəkir. Kiçik qığılcım lazım idi ki, bütün bunlar ortaya çıxsın. Belə bir qığılcım da baş verdi. İndi orada vəziyyət inqilabi situasiyaya yaxınlaşır. Eyni zamanda, sosial, mədəni, iqtisadi məsələlərlə yanaşı, milli məsələlər də önə çıxır. Ümumi narazılıq fonunda milli əyalətlərdə hakimiyyət strukturlarının azərbaycanlı türklərə qarşı davranışı öz nəticəsini göstərir. Yəni, sosial-mədəni inqilabla yanaşı, milli inqilab da gözləniləndir.
- Sizcə, İranda baş verən proseslərdə xarici təsir amili varmı, yoxsa baş verənlər yalnız daxili problemlərdən qaynaqlanır?
- Daxildə ciddi problemlər var və bu, artıq üzə çıxıb. Aydındır ki, hər hansı bir ölkə rəqabət apardığı digər ölkənin daxilində baş verən proseslərə məqamı gəldikdə təsir etməyə cəhd edir və çox zaman da belə müdaxilə olur. Odur ki, xarici qüvvələr bu prosesdən öz xeyrinə istifadə etməyə çalışır və gələcəkdə də çalışacaqlar.
- Bu təlatümlərin İranda köklü dəyişikliklərə səbəb olacağı ehtimalı varmı?
- Bu, gözləniləndir. Çünki İrandakı rejimin əhali arasında dayağı yoxdur. O, günü-gündən zəifləməyə başlayıb. Məncə, bu baş verənlər böyük itkilərə gətirib çıxaracaq. Çünki şah idarəçiliyi zamanında durum fərqli idi. Şah xalqa qarşı dura bilmədi və sonda qaçıb getdi. Şahın tərəfdarları da məcburən mühacirətə getməli oldu. Amma mollaların getməyə yeri yoxdur, heç kəs də onları qəbul edən deyil. Buna görə də mollalar ölümünə müqavimət göstərmək niyyətindədirlər. Yəni, orada ölüm-qalım savaşı olacaq.
- Bu proseslərdə siz Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın yerini və rolunu necə görürsünüz?
- İranda rejim dəyişikliyi ilə yanaşı vacib məsələlərdən biri də ən böyük milli qüvvə olan azərbaycanlıların problemləridir. Onların hüquqları mütəmadi pozulur. Bizim oradakı soydaşlarımızın heç bir hüququ indiyə qədər tanınmayıb. Odur ki, soydaşlarımız da öz mədəni-milli hüquqlarını, eyni zamanda ölkə daxilində hüquqlarını müdafiə etmək üçün geniş hərəkat aparırlar. Mənim fikrimcə, rejimin sınma nöqtəsi azərbaycanlılardan asılı olacaq. Çünki ordunun, siyasi elitanın böyük hissəsi azərbaycanlılardan ibarətdir. Baxmayaraq ki, çoxu farslaşmış soydaşlarımızdır. Amma onların içərisində millətini sevən, milli hüquqların həyata keçməsini istəyən qüvvələr də var. Onların dönüş nöqtəsində hərəkət etməsindən çox şey asılı olacaq. Odur ki, prosesin dayanmasına imkan vermək olmaz, etiraz mərhələsi davam etməlidir.
Orada soydaşlarımızın ümidi şimala -Azərbaycan Respublikasınadır. Bura ümidlə baxırlar, buranı öz vətənləri sayırlar. Müsbət hal odur ki, son vaxtlar Azərbaycan da dövlət səviyyəsində İrandakı azərbaycanlıların hüquqları məsələsinə münasibət bildirir. Prezident də bu barədə danışıb. Hazırda Azərbaycanda cənubdakı soydaşlarımıza böyük dəstək prosesi başlayıb. Bu da soydaşlarımızın mövqelərini həm gücləndirəcək, həm də onları daha məqsədyönlü fəaliyyətə sövq edəcək.
- Biz Azərbaycan dövləti, xalqı olaraq cənubdakı soydaşlarımız üçün nə edə bilərik?
- Dəfələrlə demişəm ki, Azərbaycan ilk olaraq rəsmi şəkildə dünyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəçisi və qarantı olduğunu ifadə etməlidir. Yəni, dövlət olaraq Azərbaycan dünyada yaşayan azərbaycanlıların himayədarı olduğunu rəsmiləşdirməlidir.
İkincisi, bizim cənubda olan soydaşlarımız, onların inkişafı üçün proqram hazırlanmalıdır. Bizdə dövlət büdcəsi qəbul edilir, müzakirələr aparılır. Mən çox istərdim ki, bizim cənubda olan gənc soydaşlarımızın təhsilinə rəsmi olaraq vəsait ayrılsın. Buradakı ali məktəblərdə onlar üçün kvota ayrılsın, onlar müxtəlif istiqamətlərdə təhsil ala bilsinlər, özü də Azərbaycan dövlətinin hesabına. Açıq şəkildə bunu edə bilərik.
Üçüncüsü, Güney Azərbaycan məsələsini beynəlxalq səviyyəyə qaldırmaq, müzakirə predmetinə çevirmək lazımdır. Hələlik, buna nail ola bilməmişik. Dünyada elə məsələlər var ki, BMT və digər beynəlxalq qurumların gündəliyinə salınıb. Hələ ki, biz Cənubi Azərbaycan məsələsini uğurlu şəkildə dünyanın gündəminə gətirə bilməmişik. Məncə, Azərbaycan öz dövlət resurslarından istifadə etməlidir ki, bu məsələni dünyanın gündəminə gətirsin və o, müzakirə obyekti olsun.
Nəhayət, müxtəlif üsullar və vasitələr var ki, Azərbaycan dövlət və qeyri-dövlət formatında soydaşlarımıza yardım göstərə bilər.
- Bütün bu proseslər İranla Azərbaycan arasındakı gərgin münasibətlər fonunda yaşanır. İrandan Azərbaycana qarşı hədə və təhdid ritorikası dayanmır. İki ölkə arasında yaşanan bu gərginliyi necə qiymətləndirirsiniz?
- Gərginliyə səbəb İran dövlətidir. Onlar Azərbaycanla rəsmi müharibə vəziyyətində olan, azərbaycanlılara qarşı soyqırım siyasəti aparan və düşmənçilik edən Ermənistanla müttəfiq olduqlarını bəyan edir, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi elan edirlər. Üstəlik, 44 günlük müharibə zamanı İran dövlət səviyyəsində anti-Azərbaycan kampaniyası aparıb. İran “Azərbaycanla dostuq, qonşuyuq” kimi açıqlamalar versə də, dediklərim açıq-aşkar Azərbaycana qarşı düşmən münasibətin təzahürüdür. İran öz fəaliyyətində Azərbaycana dost deyil, düşmən münasibətdə olduğunu göstərir. Odur ki, münasibətlərin gərginlik istiqamətində inkişaf etməsinin səbəbkarı İran dövlətidir.
Diqqət etsəniz, son 30 ildə Azərbaycan dövlət məmurlarından heç kim İran daxilindəki vəziyyətə reaksiya, şərh verməyib. Ancaq bunun əksinə olaraq İran tərəfindən Azərbaycana müdaxilələr olub. Gənclərimizin beyinlərini doldurublar, ölkəmizdə təşkilatlar yaradıblar və bu, mütəmadi olaraq həyata keçirilib. Yəni, düşmənçiliyə ilk olaraq onlar başlayıblar. Hər şeyin həddi var, bu hədd keçildikdən sonra Azərbaycan öz reaksiyasını və mövqeyini ifadə etməli idi və etdi.
- Azərbaycanda İran rejiminin casuslarına qarşı prosesin başlanması fonunda Azərbaycan-İran münasibətlərinin perspektivini necə proqnozlaşdırmaq olar?
- Rejim özünü qoruyub saxlaya bilsin, bundan sonra münasibətlər haqqında danışarıq. Rejim dağılcaq. Sadəcə bu, bir qədər zaman aparacaq və həm də bu proses qansız keçməyəcək, itkilər olacaq.
- Bəs, İran-Azərbaycan münasibətləri kontekstində rəsmi Bakının Təl-Əvivdə səfirlik açması nəyi dəyişəcək?
- Səfirlik çoxdan açılmalı idi, çünki İsrail Azərbaycan üçün vacib dövlətdir. İsrail Azərbaycanla çox səmərəli dostluq və müttəfiqlik siyasəti həyata keçirir. İqtisadi, hərbi, texnologiya sahəsində və beynəlxalq səviyyədə Azərbaycanın maraqlarının qorunmasında İsrailin xidmətləri böyükdür. Odur ki, indiyə qədər səfirlik açılmalı idi. İndiyə qədər İran mane olurdu, İrandan çəkinirdilər. Üstəlik, ərəb dövlətlərinin də mövqeyi nəzərə alınırdı. Ancaq indi ərəb ölkələrinin özləri İsraillə diplomatik münasibətlər yaratmağa başlayıblar, səfirliklər açırlar. Azərbaycanın da İsraildə səfirlik açması mühüm addımdır. Bunun ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin güclənməsində mühüm rolu olacaq. Bununla İranın Azərbaycana qarşı daha bir təzyiq vasitəsi ortadan qaldırıldı.
Əslində, İrandan çəkinməyə ehtiyac yox idi. İran rəsmi olaraq Azərbaycana qarşı düşmən siyasəti aparır. Azərbaycana sionizm iddiası ilə təzyiq məntiqsiz yanaşma idi. İran tədricən müttəfiqlərini itirir, daxildə də əhalinin ciddi müqaviməti ilə üzləşir. Sadəcə, zaman lazımdır ki, İran silahlı qüvvələri öz mövqeyini bildirsin. Mollalar əsasən İnqilab Keşikçiləri Korpusuna və Bəsic qüvvələrinə güvənir. Məncə, burada ordunun öz mövqeyini ifadə etməsi əsas olacaq. Ehtimal edirəm ki, yaxın zamanlarda ordu öz mövqeyini ifadə edəndə vəziyyət aydınlaşacaq.
Rasim Əliyev
“AzPolitika.info”