İranda etiraz aksiyaları silahlı qarşıdurma müstəvisinə keçib.
Son günlər Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) və Sarıdaş şəhərlərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri ilə əhali arasında qanlı döyüşlər gedir. Əhalinin mübarizəni dayandırmamaq üçün silahlandığı bildirilir. Digər məlumatlara görə, yerli sakinlərə silah paylanılıb. SEPAH əhaliyə qarşı tanklardan, zirehli texnikadan və qumbaratanlardan atəş açıb. Silahlı toqquşmalar başqa şəhərlərə də keçməkdədir.
Güney Azərbaycanın Cavanrud şəhərində dinc etirazçılar gülləbaran edilib. İsfahanda və Kürdüstan bölgəsinin Sənəndəc şəhərində də atəş səsləri eşidilir. İranın ali lideri Ayətullah Seyid Əli Xameneyinin etirazçıları cəzalandırmaq və aksiyaları güc yolu yatırmaq barədə əmr verməsi vəziyyətin daha gərgin mərhələyə keçməsinə səbəb olub. Yəni İran rejimi Suriyada Bəşər Əsədin yol verdiyi və 1 milyondan artıq insanın həyatına son qoyan siyasi səhvi təkrar edib. Artıq İranda hakimiyyətə qarşı vətəndaş müharibəsinin başlandığını demək olar. Ona görə də hadisələrin mövcud ssenari üzrə inkişafı İranda Suriya variantının təkrar olunacağı ehtimalını artırır. Amma başda ABŞ olmaqla Qərb dövlətləri Suriyanın dünyəvi hakimiyyətindən fərqli olaraq, İranda teokratik rejimin devrilməsində maraqlıdır.
Bu baxımdan, proseslərin gedişi İranda Suriyadan daha ağır bir xaotik durumun yarana biləcəyini göstərir. Vətəndaş müharibəsinin baş verməsi bu xaosu dərinləşdirə bilər. Qeyd edək ki, ilkin mərhələdə aksiyalar dinc xarakter daşıyırdı. Sistan-Bəllucistanda və Kürdüstandakı bəzi qruplar istisna olmaqla etirazçılar əsasən dinc mübarizəyə üstünlük verir. Lakin hakimiyyətin aksiyaçılara qarşı atəş açması artıq onları özünü müdafiə üçün silahdan istifadəyə məcbur edib. Bundan başqa, qətlə yetirilmiş insanların, xüsusilə uşaq və gənclərin ailə üzvlərindən ibarət ikinci silahlı qrup formalaşmaqdadır. Onlar qisas almaq məqsədilə silahlı mübarizəyə başlayıb və sıralarının genişlənəcəyi gözlənilir.
Üçüncü səbəb ölkədə vahid, dünyəvi müxalifətin olmamasıdır. Yəni spontan aksiyaların silahlı mübarizəyə transfer etməsi İranı ağır siyasi xaosa sürükləyir. Hakim rejimin devrilməsi İranın milli təhlükəsilik və müdafiə sisteminin çöküşü ilə nəticələnə bilər. Eyni zamanda, İranda yaşayan xalqların milli-azadlıq mübarizəsinə qalxması ölkənin parçalanmasına dair ehtimalları artırır.
Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, İranda Suriya ssenarisinin baş verməsi indiki vəziyyətində qaçılmaz görünür. Bu mənada, İranın Suriya, Livan və İraq kimi bölünəcəyi ehtimalı da yüksəkdir:
“Silahlı toqquşamalar yalnız Güney Azərbaycanın bölgələrində deyil, etirazların baş qaldırdığı digər regionlarda da, məsələn, Əhvazda, Sistan-Bəllucistanda, Kürdüstanda, hətta paytaxt Tehranın özündə də müşahidə olunur.
Əslində, rəsmi Tehran aksiyaların ilk 10-15 günü ərzində etirazçıların tələblərini nəzərə alıb zəruri addımlar atmalı idi. Lakin İran hakimiyyəti bunu etmədiyinə görə proseslər daha gərgin məcralara keçdi. Etirazlar ilk günlər qadın hüquqları ilə bağlı başlasa da, 10-15 gündən sonra aksiyalar siyasi çalar qazandı. Növbəti mərhələdə, yəni bir aya yaxın ötən müddətdə isə etirazlar İranın rəsmi siyasi-ideoloji əsaslarını hədəfə alan müstəviyə yüksəldi. İran İslam İnqilabının banisi və ali rəhbər Ayətullah Ruhullah Musəvi Xomeyninin portretləri, bannerləri, Qasim Süleymaninin heykəlləri yandırıldı. İndi isə artıq iki aya yaxındır davam edən etirazların daha kəskin şəkil almasından danışırıq. Söhbət silahlı qarşıdurmaların baş verməsindən gedir.
Təəssüf ki, İran rəhbərliyinin daha sərt açıqlamalar verməsi vəziyyəti gərginləşdirir. İranın bütün bölgələrində proseslərin silahlı toqquşma mərhələsinə keçməsinin şahidi oluruq. Proseslərin gedişatı göstərir ki, İranda Suriya variantı təkrarlana bilər. Artıq bunun əlamətləri görünür. Bu istiqamətlərdən biri İranın daxilində mövcud olan sosial, etnik və məzhəbsəl qarşıdurmaların körüklənməsi ciddi faktordur. Burada müəyyən xarici təsirlər faktoru da var. Amma bu prosesin belə gərgin məcraya keçməsində əsas səbəb İran hakimiyyətinin dialoqa getmək əvəzinə, xalqla qarşıdurmanı və sərt ritorikanı seçməsi oldu. Nəticədə, İranda qadın hüquqları tələbi ilə başlayan etirazlar artıq dördüncü mərhələdə silahlı qarşıdurma həddinə çatdı”.
Vüqar Zifəroğlu hesab edir ki, baş verən etirazlar İranda yaşayan millətlərin öz hüquqları uğrunda mübarizəyə qalxmasına və proseslərin siyasi-ideoloji müstəvidə cərəyan etməsinə təkan verib.
Qeyd edək ki, İranın parçalanması və Suriyada olduğu kimi siyasi xaosun yaranması Əfqanıstan və Mərkəzi Asiya ilə Yaxın Şərq arasında terrorçu qrupların sərbəst hərəkət etməsi üçün quru yolunun yaranmasına səbəb ola bilər. Bu isə Avropanın təhlükəsizsliyi üçün ciddi təhdid yaradır. Yəni Qərb bir tərəfdən İranda rejimin dəyişməsinə çalışsa da eyni zamanda, İranda vətəndaş müharibəsinin baş verməsi terrorçuluğun fəallaşmasına təkan verə bilər. Ona görə də Qərbin bu təhlükənin qarşısını necə alacağı sualı gündəmə gəlib.
Ekspertin sözlərinə görə, Qərbin, əsasən də ABŞ-ın daxili gərginlikdən istifadə etməklə İran rejimini siyasi güzəştlərə məcbur etməyə çalışdığı istisna olunmur:
“Əgər rəsmi Tehran bu təklifləri qəbul etməsə, dialoqdan yayınsa etirazlar daha ciddi və sərt müstəviyə daxil olacaq”.İranda vahid müxalifətin olmaması və aksiyaların spontan xarakter alması ölkədə siyasi xaosu dərinləşdirə biləcək əsas amillərdən sayılır. Üstəlik, bu prosesin silahlı qarşıdurma məcrasına daxil olması içdən parçalanmanı sürətləndirə bilər.
Vüqar Zifəroğlunun fikrincə, analoji inqilabi proseslər digər Yaxın Şərq ölkələrinə da xasdır:
“Suriyadakı proseslər necə başladı? Tunisdə bir göyərti satanın özünü yandırması bütün Yaxın Şərq ölkələrinə keçən “Ərəb baharı”na səbəb oldu. Liviyada, Suriya və İraqda sektoral bölünmə yaşanmırmı? Qərbin Yaxın Şərq ölkələri ilə bağlı illərdir təcrübədən keçirdikləri ssenarilər var. Onların yerli şərait nəzərə alınmaqla İrana tətbiq ediləcəyini gözləmək olar”.
Müşfiq Abdulla
Cebhe.info