İranın milli futbol yığması Dünya Kuboku çərçivəsində İngiltərə ilə oyundan əvvəl ölkələrində hökumət əleyhinə başlayan etirazlara dəstək ifadə edərək, milli himnlərini oxumaqdan imtina ediblər.
Bəzi azarkeşlər himn səslənərkən müxtəlif şüarlar səsləndiriblər, digərləri isə üzərində "Qadın, Həyat, Azadlıq" yazılan lövhələr qaldırıblar.
İran dövlət televiziyası himn səslənən kadrı kəsərək, stadionun ümumi görüntüsünü verib.
Artıq bir neçə aydır İranda hökumət əleyhinə davam edən nümayişlər hüquq mühafizə orqanlarının güclü təzyiqi ilə üzləşib, ölkə boyu davam edən aksiyalarda ölən və yaralananlar var.
Ölkədə etirazlar sentyabrda başörtüsü qərarını pozmaqda günahlandırılaraq əxlaq polisi tərəfindən saxlanılan, daha sonra saxlanma kamerasında vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanıb.
İnsan haqları fəalları etirazlar başlayandan bugünədək 400-dən çox aksiya iştirakçısının öldürüldüyünü və 16 min 800-dən çox nümayişçinin isə həbs edildiyini bildirib.
İran liderləri etirazları ölkənin xarici düşmənləri tərəfindən təşkil edilən "iğtişaşlar" adlandırıb.
İranlı azarkeşlər oyunun ilk yarısında etiraz aksiyalarının əsas simalarından biri olan və İslam Respublikasını açıq şəkildə tənqid edən keçmiş futbolçunun adını çəkərək, "Əli Kərimi" deyə qışqırıblar
Futbol fanatları həmçinin etiraz aksiyalarında İranda təhlükəsizlik qüvvələri əleyhinə istifadə edilən "Bişərəf!" ifadəsini də yüksəkdən qışqırıblar.
Hökumət qüvvələri əleyhinə olan bir çox müxalif təmsilçilər futbol komandasını ötən həftə Prezident İbrahim Rəisi ilə görüşdüyünə və nümayişlərə açıq dəstək vermədiklərinə görə tənqid edirdilər.
Oyun başlamazdan əvvəl danışan İran milli komandasının kapitanı Ehsan Hacsafi oyunçuların etirazlarda ölənləri "dəstəklədiyini" bildirib.
İran milli yığmasının 32 yaşlı kapitanı Ehsan Hacsafi mətbuat konfransında bildirib ki, komanda üzvləri [nümayişlərdə] ölənləri "dəstəkləyir".
"Qəbul etməliyik ki, ölkədəki vəziyyət yaxşı deyil və insanlar xoşbəxt deyillər", - Ehsan Hacsafi qeyd edib.
"Hər şeydən əvvəl İranda yas içində olan ailələrə başsağlığı vermək istəyirəm", - komandanın kapitanı Hacsafi mətbuat konfransının açılışında deyib.
Turnirə hazırlıq zamanı İranın Dünya Kubokundan kənarlaşdırılması ilə bağlı çağırışlar edilib. Bu kampaniyanı başladanlar Ukraynanın işğal edilməsində İranın Rusiyaya hərbi dəstək verməsini və İranda qadın hüquqlarının pozulmasını əsas gətiriblər.
Bazar ertəsi İran komandası İngiltərə yığması ilə qarşılaşıb və 2:6 hesabı ilə məğlub olub.
İranda fəallar İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin doğulduğu evi yandırıblar. Sosial mediada görünən fotolarda Xomeyn şəhərindəki evin qismən yandığı görülür.
Xəbər agentlikləri paylaşılan videonun yerini təsdiqləyib, yerli hakimiyyət isə bunun qəsdən yandırılma olduğunu təkzib edib.
Ayətullah Xomeyninin sonradan muzeyə çevrilən bu evdə doğulduğu deyilir.
Xomeyni 1989-cu ilə, vəfat edənə qədər ölkənin mənəvi lideri olub.
Xomeyni şəhərindən yayılan videolarda evin yandığı vaxt onlarla insanın sevinclə alqış etdiyi görünür. Müxaliflər videonun cümə axşamı günü axşam saatlarında çəkildiyini deyir.
Bununla belə, yarı rəsmi Tasnim xəbər agentliyi Xomeyn şəhərinin yerli məmurlarının evə hücum olmadığını açıqladığını yayıb.
Agentlik azsaylı fəalların evin qarşısında toplaşdığını və daha sonra evin videosunu paylaşaraq, oranın hələ də "zəvvarların və mərhum İmamı sevənlərin üzünə açıq olduğunu" bildirib.
"Böyük inqilabın banisinin evinin qapısı ictimaiyyətə açıqdır", - deyə agentlik əlavə edib.
Xomeyninin doğulduğu evdəki yanğın bütün ölkədə Xomeyninin varisi Ayətullah Əli Xameneyi və onun hökumətinə qarşı keçirilən nümayişlərin son hadisələrindən biridir.
İran rejiminə qarşı etirazlar 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına əməl etmədiyi səbəbilə saxlanıldıqdan sonra ölməsi ilə başlayıb.
İranın rəsmi mediasının məlumatına görə, son hadisələrdə beş mühafizəçi həyatını itirib.
Eyni zamanda, təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilən gənc iranlıların dəfn mərasimlərində yeni aksiyalar baş verib.
Ailəsinin verdiyi məlumata görə, ölkənin şimal-qərbindəki İzeh şəhərində təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülən 9 yaşlı Kian Pirfalak üçün təşkil edilən dəfn mərasimində izdiham "Xameneyiyə ölüm" şüarları səsləndirib.
Təbriz, Mahabad və Zahedan şəhərlərində təhlükəsizlik qüvvələrinin səbəb olduğu iddia edilən mülki ölümlərə qarşı etirazlar keçirilib.
BBC.com