Tofiq Zülfüqarovdan müharibəylə bağlı sensasiyalı müsahibə: "Rusiya və Fransa Qarabağda..."

23-11-2022, 18:47   


Tofiq Zülfüqarovdan müharibəylə bağlı sensasiyalı müsahibə: "Rusiya və Fransa Qarabağda..."


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanma ehtimalı sıfır həddindən də aşağı olduğunu deyib. 

Diplomat qeyd edib ki, hərbi büdcəsini 47 faiz artıran Ermənistan növbəti müharibəyə hazırlaşır. Ermənistanın Qarabağın reinteqrasiya siyasətunə müdaxilə etməsinə Azərbaycan Zəngəzur istiqamətində güzgü siyasəti ilə cavab vermək məcburiyyətində qalacaq. Tofiq Zülfüqarov hesab edir ki, Laçın dəhlizini yalnız Ermənistandan giriş istiqamətində bağlamaq və tərksilahla bağlı ultimatum elan edildikdən sonra 3 gün ərzində antiterror əməliyyatı keçirmək lazımdır. 

Sabiq nazir Cebhe.info-ya müsahibəsində müharibə təhlükəsi və regionda gözlənilən proseslərdən danışıb: 

- Ermənistanın müharibəyə hazırlaşdığını bu yaxınlarda müdafiə naziri Suren Papikyan da açıqlamışdı. Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda danışıqlar apardığı bir vaxtda Papikyan bildirdi ki, Ermənistan müasir silahlar əldə edib müharibəyə hazırlaşmalıdır. Sizin təhliliniz də göstərir ki, rəsmi İrəvan danışıqlardsan müharibəyə hazırlaşmaq üçün vaxt qazanmaq məqsədilə istifadə edib...

- Əslində, bu, yalnız Ermənistanın qərarı deyil. Söhbət ondan gedir ki, regiondakı əsas geosiyasi oyunçular 30 ildir bu münaqişəni taktiki-siyasi məqsədlərə nail olmaq üçün istifadə etməyə öyrəşiblər. Bu siyahıya Rusiyanı, İranı, Fransanı və ABŞ-ı aid etmək olar. Çünki bu münaqişə həmin dövlətlərin arasındakı rəqabətdə bir-brinə qarşı istifadə olunan alətdir. Dünyanın bir çox regionlarında onlarla belə konflikt-menecmentlər var. Bu siyasi üslubdan hamı istifadə edir. Bizim vəziyyətimiz heç də unikal deyil. Ermənistanın seçimi dedikdə, rəsmi İrəvanı buna təhrik edirlər. Onların vəziyyəti çox pisdir. Çünki onlar güc mərkəzinin Azərbaycan-Türkiyə tandeminin xeyrinə olduğunu başa düşür. Erməniləri düşmənçiliyə təhhrik edir və deyirlər ki, sizə kömək edəcəyik. 

Papikyan müharibədən danışsa da ola bilsin ürəklərində başa düşürlər ki, Ermənistanın gələcəyinin yaxşı olması üçün qonşularla normal münasibətinin olması vacibdir. Amma Ermənistana belə yaşamağa imkan verilmir. Çünki təsir üçün bölgədə siyasi dominantlıq uğrunda rəqabət gedir. Bu rəqabət əsrlərdir davam edir. Tarixə nəzər salsaq, Osmanlı imperiyası, Qacarlar dövləti, Rusiya imperiyası, bəzən Britaniya bu bölgədə öz maraqları uğrunda rəqabətdə iştirak edib. İndi bu proses davam edir. Məqsəd heç də Qarabağı bir ölkədən alıb başqasına vermək, yaxud kimisə qalib və ya məğlub etmək deyil. 

Onlara bu proses lazımdır. Biz vəziyyəti də bu əsasda təhlil etməliyik. Hətta qısa müddət ərzində Ermənistan ictimai rəyində də belə fikir yaranıb ki, sülhə nail olmağın vaxtıdır. Amma bu münaqişəni davam etdirmək üçün Ermənistana silah, maliyyə yardımı vəd edirlər. 

- Bu rəqabətin dərinləşməsinə İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi şəraitin yaranması səbəb oldu, yoxsa Ukraynadakı müharibə nəticəsində Rusiyanın Cənubi Qafqazda təsirirnin azalması? 

-Birinci amil burada öz rolunu oynadı. Rusiyanın regionda təsirinin zəifləməsi Ukraynadakı müharibədən əvvəl müşahidə olunurdu. Türkiyə-Azərbaycan tandemi çox effektiv geosiyasi gücə çevrilib. Rusiyanın zəiflədiyini və Türkiyə-Azərbaycan tandemini görən İran öz iddialarını ortaya qoyub. Uzaqda olan Fransa Türkiyəyə qarşı problemlər yaratmaq üçün Ermənistandan istifadə edir. 

Bu da Türkiyənin Aralıq dənizində, həmçinin enerji ehtiyatları ilə zəngin Liviyada mövqelərinin güclənməsi, Türkiyənin təbii qaz “hub”ına çevrilməsi ilə bağlıdır. Türkiyəni zəiflətmək üçün Suriyanın kürdlər yaşayan bölgələrində qüvvə saxlayırlar, həm də indi ikinci cəbhəni açmaq istəyirlər. Yəni maraqlar Ermənistanla bağlı deyil. Düzdür, ermənilərdən taktiki məqsədləri üçün istifadə edirlər, münaqişəyə təhrik edirlər, onlarda illüziya yaradırlar ki, biz sizə kömək edəndə Azərbaycandan revanş götürəcəksiz. Ona görə də Ermənistanı qarşıdurma siyasətinə məcbur ediblər. Mən də “Facebook”da paylaşdığım yazıda bunu göstərmişəm. Danışıqlar prosesinə gəlincə, belə fikirlər səslənir ki, guya Rusiya ermənipərəst mövqe tutur, Vaşinqtonda gedən danışıqlarda ABŞ Azərbaycanpərəst mövqedən çıxış edir. Bunlar hamısı müvəqqətidir. Onların hamısına danışıqlar prosesi yaratmaq lazımdır ki, vasitəçilik rolunu oynasın. Mən əvvəl də demişəm ki, 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra ovaxtkı xarici işlər naziri Tofiq Qasımov Lissabonda olanda ABŞ-ın Dövlət katibi Uorren Kristofer dedi ki, danışıQlar təşkil etmək lazmdır. Bu danışıqların məqsədi Şuşanı və Laçını azad etmək olmalıdır. Sənəd çox sadə idi və işğalçı qüvvələrin hansı tarixdə Şuşadan və Laçından çıxmasını nəzərdə tuturdu. Yəni bir-iki səhifədən ibarət sənəd idi. Amma bildirdilər ki, danışıların baş tutması üçün siz gərək azərbaycanlı və erməni icmalarını bir masa arxasına gətirəsiniz. Bu məqsədlə vaxt ayrıldı və Minsk qrupu fəaliyyətə başladı. İndi həmin təqvimi yada salan varmı? Yəni faktiki olaraq, fövqəldövlətlərin mövqeyi açıq şəkildə dəyişib və danışıqların bizə qarşı alət kimi istifadə edilməsinə nail olublar. Danışıqlara getdikdə də deyəcəklər ki, ermənilərə nəsə verək ki, onlar razılığa gəlsin. Sonra da ermənilər başqa güzəştlər istəyəcəklər. 

Ona görə də bu danışıqlar görüntü yaratmaq məqsədi daşıyır. Vasitəçi tərəflərə Azərbaycan hökuməti ilə Qarabağda yaşayan ermənilər arasında danışıqlar formatı yaratmaq lazımdır. Onlar Ermənistanın təhlükəsini neytrallaşdırıblar. Çünki sərhədə həm rusların, həm də Avropa İttifaqının missiyası nəzarət edir. İndi həmin vəziyyətə Qarabağda nail olmaq istəyirlər. Rusiya Dövlət Dumasının ermənipərəst sədri Vyaçeslav Volodin deyir ki, Qarabağ Azərbaycanın təhrib hissəsidir, amma ermənilərə Sovet dövründəki muxtariyyəti versinlər. Danışıqlar başlasa, Volodin ayrı bəyanat verəcək. Azərbaycanı aldadıb danışıqlara cəlb etmək istəyirlər. Ona görə də Azərbaycan Prezidenti həmişə deyir ki, münaqişə həll olunub, danışılara ehtiyac yoxdur. 

- Prezident İlham Əliyev dedi ki, biz Qarabağda yaşayan ermənilərlə danışa bilərik. Amma Moksvanın göndərdiyi vardanyanlarla yox. Bu müzakirələrin formatı necə olmalıdır? 

- Mən bunu danışıqlar adlandırmaram. Bu, sadəcə olaraq, təmaslardır. Hər hansı dövlət orqanına müraciət edən vətəndaş həmin qurumun rəhbəri ilə danışıqlar aparmalıdır? Gəl, qanunlara tabe ol, səlahiyyətli orqanlar da müvafiq məsələlərlə məşğul ola bilər. Mən də öz təhlilimdə qeyd etmişəm ki, sülh sazişi problem deyil. Ermənilərin Azərbaycanın ərazi bütövlüyünü tanıması problem deyil. Hətta onlar bizə lağ mənasında deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanımışıq. Azərbaycan da ermənilərə ən yüksək status olan vətəndaşlıq verməyə hazırdır. Bundan böyük status ola bilməz. 

- İkinci Qarabağ müharibəsindən sonra biz regionda Qərbə qarşı Rusiya-Türkiyə tandemindən danışırdıq. Rusiyanın Ermənistanı müharibəyə təhrik edirsə, həmin geosiyasi konfiqurasiyanın pozulduğunu və Moskva-Ankara tandeminin pozulduğunu deyə bilərik?

- Mən bir dəfə demişdim ki, Rusiya ilə münasibətləri saxlamaq lazımdır. Çünki Rusiya bizə qızıl yumurta gətirən toyuqdur. Hətta buna görə məni tənqid etmişdilər. Ancaq “qızıl yumurta” Kəlbəcərdir, Ağdamdır, Laçındır. O vaxt Qazaxın kəndlərinin qaytarılmasını da gözləyirdik. Yəni taktiki baxımdan, kiminlə sərf edirsə, onunla əməkdaşlıq etmək lazımdır. Azərbaycanın maraqları harada təmin olunursa, onunla danışmaq lazımdır. İndi isə Türkiyəyə təsir göstərmək üçün Rusiya Fransa ilə koordinasiyalı fəaliyyətə başlayıb. Ermənistan-Azərbaycan sərhədinə Avropa İttifaqına missiyanın yerləşdirlməsinə Rusiyanın etiraz edəcəyini deyirdilər. Amma bu baş vermədi. Onlar əməkdaşlıq edir və Azərbaycana qarşı təxribat həyata keçirirlər. Biz onların real məqsədlərini görməliyik. Türkiyəyə də təsir etmək üçün Rusiya-Fransa ilə əməkdaşlıq edir. Bu, Rusiyanın Türkiyə ilə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir. Amma bu bir siyasi bazarlıqdır.

- Yoxsul Ermənistanın hərbi büdcəsi birdən-birə 47 faiz necə artdı? Ermənistanın iqtisadiyyatı böyüyüb, yoxsa kimsə onlara silah və maliyyə verib? 

- Əlbəttə, onlara kənardan silah və pul yardımı edilib. Bu dəstəyi Rusiya yox, Qərb verəcək. Çünki Rusiyanın öz problemləri var. Hətta Rusiyanın Ermənistandakı hərbi bazalarında olan silahlarının bir hissəsini istifadə etmək üçün Ukraynaya aparırlar. İndi ermənilərə silahları Fransa verəcək, digər ölkələr maliyyə ayıracaq. Ermənilər də sevinirlər. Amma məhşur misalda deyildiyi kimi, dəvəni toya çağırırlar. Ermənilər də anlamır ki, onları məhv edəcəklər. 

- Bayaq dediniz ki, 30 ildir bu proses gedir. İki böyük müharibənin birində Ermənistan qalib gəlib, ikincidə Azərbaycan. Ona görə də cəmiyyətdə bir sual dolaşır ki, Ermənistan üçüncü müharibəyə başlasa, bunun nəticəsi nə olacaq?

- Müharibə dedikdə iki elementi fərqləndirməliyik. Hərbi əməliyyatları və onun nəticələri. İkincisi, siyasi və diplomatik qarşıdurma. Ermənilər mövcud şəraitdə hərbi nəticələri dəyişdirə bilməz. Hərbi baxımdan, balans Azərbaycan-Türkiyə tandeminin xeyrinədir. Ermənilər ümid edirdilər ki, İran kömək edəcək. Ancaq İranın başı öz problemlərinə qarışıb. Onun hərbi baxımdan Ermənistana kömək etməsi mümkün deyil. Rusiyanın vəziyyəti göz qabağındadır. Fransanın da kömək edəcəyi şübhə doğurur. Prezident Makron Fransanın Hərbi Dəniz Donanmasının helikopter daşıyan flaqmanlarından birində çıxışı zamanı belə bir ifadə işlədib,  deyib ki, Fransa dövləti kənar hərbi əməliyyatlarda iştirak edə bilməz. Guya Fransanın hərbi imkanları məhduddur. Rəsmi Paris bəyan edir ki, Fransa yeni hərbi doktrina qəbul edib gələcəkdə kənar hərbi əməliyyatlarda iştirak imkanı yaratmalıdır. Fransa Prezidentinin bu açıqlaması ermənilərin ümidlərinə son qoyub. 

- Siz yazmısınız ki, Azərbaycan bu təxribatlara adekvat olaraq Laçın dəhlizini bağlamalı, Zəngəzurda cavab vermək məcburiyyətrində qala bilər. Bu halda, Ermənistana havadarlıq edən Fransa və digər dövlətlərin Azərbaycana qarşı sanksiyalaşdırıcı qərarlar qəbul etmək imkanlarından istifadə etmək təhlükəsi özü bir silahdır...

- Biz həmin məsələyə gəlirik. Hərbi elementləri təhlil etdik. Diplomatik elementlərə gəlincə, bu məsələdə Fransanın imkanları genişdir. Müharibə vaxtı olduğu kimi, bu dəfə də məsələni BMT Təhlükəsilik şUrasının gündəliyinə çıxarıb Azərbaycanın əleyhinə qətnamə qəbul edə bilərlər. Yəni sülhə məcburetmə əməliyyatlarına başlanılmasına dair mandat ala bilər. Əvvəllər Böyük Britaniya iki dəfə bunu əngəlləyib. Rusiya da deyib ki, belə bir təklif olsa, biz ona veto qoyacağıq. 

Amma indiki mərhələdə hesab edirəm ki, Rusiya Fransanın təklifinə bəlkə də veto qoymayacaq. Çünki Rusiya sülhməramlıları BMT-nin missiyası kimi mandat alacaq. Amma onlara bu məsələni başlamaq üçün hansısa təxribatı törətmək lazımdır. Ermənilər bu barədə danışırlar. Balasanyan, Vardanyan artıq hərbi müqavimətə hazır olduqlarını deyirlər. Onlar hərbi təxribatlara əl ata bilər. Sərhəddən sonra növbəti gərginlik Qarabağa keçir. Sentyabr ayında sərhəddə bizim əsgərlərimizi gecə yatdığı yerdə öldürüb sonra da yalandan deyiblər ki, guya Azərbaycan Ermənistanın ərazisini işğal edib. Bunu istifadə edərkən bölgəyə missiyanı gətiriblər. Ona görə də Rusiyanın və Fransanın birlikdə belə bir təxribatı Qarabağda həyata keçirməyə hazırlaşdıqlarını istisna etmirəm. Sonra da haray salıb dünyaya belə təqdim edəcəklər ki, Azərbaycan ermənilərə qarşı “soyqırım” törədir və Qarabağa missiya göndərmək mlazlmdır. Amma Azərbaycanın 24 saat ərzində bu bölgəni tam nəzarətdə saxlamaq imkanları var. Azərbaycan həm özünün, həm də atəşkəsə nəzarət üzrə monitorinq qrupuna daxil olan Türkiyənin imkanlarından istifadə edib təxribatlarla bağlı faktları açıq şəkildə ortaya qoya bilər. Bunu həm peykdən, həm də pualadan çəkilmiş görüntülər əks etdirir. Onu da deyim ki, Fransa Ordusunun tərkibində müxtəlif regionlarda hərbi əməliyyatların keçirilməsində təbliğati, texniki vasitələrdən istifadə etməklə iştirak edir. Biz bu cür təxribat xaraktereli təbliğatlara hazır olmalıyıq. 

- Azərbaycan bu cür təzyiqlərdən yayınmaq üçün hərbi əməliyyatlarda iştirakdan imtina etməlidir? 

- Biz assimmetrik cavabları verməliyik. Ancaq təbliğati hissəsini nəzərdə saxlamalıyıq. Ermənilər tarix boyu təxribatla məşğul olub. Bu mənada, haqqında danışdığımız təxribat gözlənilən hadisələrdən biridir. 

- O zaman sülh sazişinin və ya onun mətninin gözlənilən müharibənin nəticəsindən asılı olacağını deyə bilərik? 

- Biz sülh müqaviləsi deyəndə nəyi nəzərdə tuturuq? Əgər Azərbaycanın ərazi bütövlüyünün tanınmasından söhbət gedirsə, həmin sənəddə onun həyata keçirilməsi mexanizmləri olacaqmı? Bu bəyanat şəklində qeyd edilə bilər. Lakin ermənilər bu bəyanatın qiymətini çox aşağı salırlar. Deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildən tanıyırıq. Bizə isə başqa razılaşma lazımdır. Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsinə son qoyulmalıdır. Deməli, orada implimentiv hissə olmalıdır. Yəni sülh sazişində konkret göstərilməlidir ki, erməni silahlı birləşmələri filan tarixdə Azərbaycan ərazisini tərk etməlidir. Qarabağdakı ermənilərə Ermənistan büdcəsindən maliyyə ayrılması tamamilə dayandırılmalıdır. Ermənistandan Qarabağa gəlmək ermənilər üçün Azərbaycan qanunları əsasında olmalıdır. Bu hissə olmasa, real vəziyyətə heç bir təsiri olmayan növbəti bəyanat görəcəyik. Sülh sazişi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması eyni məsələ deyil. Sülh sazişinin mətnində onun təmin olunması öz əksini tapmalıdır. Ancaq vəziyyətin təhlili göstərir ki, Ermənistan buna razı deyil. Əgər ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, yazsın ki, mən Ermənistan olaraq Azərbaycanın işlərinə müdaxilə etməyəcəyəm. Onun ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyıram. Qarabağ məsələsi Azərbaycanın qanunları əsasında həll olunsun. Alma-Atı Bəyannaməsi kimə lazımdır? Çünki onlar sülh istəmirlər. Onlar bunu istəsələr də Rusiya, Fransa, ABŞ, İran imkan verməz. Çünki bu ölkələrin bölgə ilə bağlı planları var. İkilikdə isə Azərbaycandan qorxur və nə istəsək ona imza atarlar. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar