Rusiya Müdafiə Nazirliyi yayımladığı bülletenlərdə Azərbaycan ərazilərini qəsdən saxta erməni adları ilə təqdim edir. Rus sülhməramlılar da nazirlikdən aldıqları direktivlər ilə eyni şeyi təkrarlayırlar.
Bu sözləri Axar.az-a rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni terrorçuların fəallaşması və Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı qərəzli mövqeyi haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. General Türkiyə və Azərbaycanın heç vaxt Rusiyanın 10 noyabr bəyannaməsinə zidd hərəkətlərini qəbul etməyəcəyini vurğulayıb:
“Rus sülhməramlıların gözü önündə erməni terrorçu dəstələri Qarabağda xəndəklər qazır, istehkamlar düzəldir, eyni anda bir neçə yerdən Azərbaycan Ordusuna atəş açırlar. Baş verənlər 10 noyabr bəyannaməsinə qəti şəkildə ziddir. Qarabağ Azərbaycan torpağıdır və Putin özü də bunu dəfələrlə təkrar edib. Rus sülhməramlıların himayəsində Ermənistanın Azərbaycanın ərazisi olan Qarabağa silah-sursat daşıması, orada erməni terrorçularının öz mövcudluqlarını davam etdirməsi qəbuledilməzdir. Təəssüflər olsun ki, rus sülhməramlılar Azərbaycan ərazisinə yerləşdirildikləri gündən etibarən öz missiyalarına zidd şəkildə neytral olmaq yerinə, tərəf tutur və ermənilərin vaxt qazanma taktikasına dolayı yolla dəstək verirlər. 10 noyabr bəyannaməsinin şərtlərinin pozulması və erməni terrorçular ilə Ermənistan ordusunun hərbi birləşmələrinin Qarabağda qalmağa davam etməsi sözügedən sənədin qüvvədən düşməsi mənasına gəlir. Əgər vəziyyət belədirsə, Azərbaycan İkinci Qarabağ müharibəsində olduğu kimi, öz işini özü görəcək”.
General bildirib ki, biz problemin mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyü daxilində müzakirələr yolu ilə həll edilməsini istəyirik:
“Vladimir Putinin “Qarabağ Azərbaycan torpağıdır, biz ora müdaxilə edə bilmərik” deməyinə rəğmən, Rusiya Müdafiə Nazirliyinin tam əksinə hərəkət etməsi, məsuliyyət zonalarında rus sülhməramlıların özlərini hökmran kimi aparması, öz mənfəətləri naminə erməni siyasətinə alət olması səmimiyyətsizliyin, ikiüzlülüyün göstəricisidir. Nə Azərbaycan, nə Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingenti, nə də Türkiyə Cümhuriyyəti bunu qəbul edəcək. Əgər Rusiya və Ermənistan normal dövlətdirlərsə və sülh istəyirlərsə, lazımi addımlar atmalıdırlar. Çünki normal dövlətlər hər zaman imzalarına sadiq olurlar. Yoxsa yenə Dəmir Yumruq Qarabağdakı üç-beş quldurun başına enəcək və onlara lazımi dərs veriləcək. Ağıllarını başlarına toplamalı, tərəfsiz şəkildə beynəlxalq hüququn tələblərinə uyğun formada problemlərin həllinə çalışmalıdırlar”.