Belə bir ehtimal gerçəkləşərsə, bu, İranın sonuncu səhvi ola bilər"
Xəbər verildiyi kimi, dünəndən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimləri keçirilir.
Bu barədə Müdafiə Nazirliyinin etdiyi paylaşımda bildirilir ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Qeyd olnur ki, Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
“Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib”,- deyə məlumatda bildirilir.
Məlum olduğu kimi, Azərbaycanın II Qarabağ savaşından qalib tərəf kimi ayrılması İrandakı müəyyən dairələrin narahatlığına səbəb olub. II Qarabağ savaşı bitər-bitməz İran rejimi ölkəmizə qarşı mütəmadi şəkildə hədyanlar səsləndirməyə, haqsız ittihamlarla çıxış etməyə başlayıb.
Bu qüvələrin zaman-zaman narahtlıqlarını Azərbaycan sərhədinə yaxın ərazilərdə hərbi təlimlər keçirərək nümayiş etdirməsi, Azərbaycan-İran münasibətlərinin böhran mərhəhələsinə qədəm qoymasına, qarşılıqlı münasibətlərin pozulmasına səbəb olub. Qarabağda dini ibadətgahlarımızın təhqir olunduğu, “şiə qardaşı” adlandırdığı ölkənin vətəndaşlarının öz dədə-baba yurdlarından qovulduğu, müsəlman torpağının düşmən tapdağı altında qaldığı 30 illik işğal müddətində bir dəfə də olsun Ermənistan əleyhinə bəyanatla çıxış etməyən İran rejimi II Qarabağ savaşından sonrakı mərhələdə Arazboyu ərazilərdə artıq iki dəfə hərbi təlim keçirməklə, əsl murdar simasını və niyyətini ortaya qoyub.
Bu təlimlərdən sonuncusu oktyabr ayının 17-də baş tutub. İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları Azərbaycanla sərhəddə - Arazboyu ərazilərdə hərbi təlimlər keçirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən cəmi iki həftə sonra, noyabrın 2-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin İranla həmsərhəd olan cənub ərazilərində hərbi təlimləri başlayıb.
İkili münasibətlərin qarşılıqlı güc nümayişi şəratində davam etməsi yaşanan böhranı bir qədər də dərinləşdirib.
Odur ki, dünən başlayan Azərbaycan və Türkiyə ordularının birgə hərbi təlimləri ilə həm də ölkəmizə qarşı düşmən mövqe sərgiləyən dairələrə lazımı mesajlar verilib.
Bu mövzuyla bağlı ehtiyatda olan türkiyəli general Yücel Karauz “AzPolitika.info”-ya şərhində qeyd edib ki, Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə hərbi təlimlə İrana çox ciddi mesajlar verildi: “Bu cür təlimlərin hərbi və siyasi məqsədləri olur. Əgər hərbi əməliyyatlar qonşu dövlətlərin sərhəd bölgələrinə yaxın və üstəlik digər bir bir ölkənin silahlı qüvvətlərinin iştirakı ilə keçirilirsə bu, daha böyük anlam kəsb edir. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin həyat keçrdiyi hərbi təlimlər İrana bir mesaj idi. Bu təlimlələrə İrana diqqətinə çatdırıldı ki, hesab-kitabını düzgün et, yanlış qərarlar vermə və haqq- ədalətdən yana ol”.
“İran hazırkı şəraitdə Azərbaycana qarşı müharibə elan edə bilməz. Normal şərtlərdə belə bir şey mümkün deyil. Çünki İranın Azərbaycana qarşı hər hansı hücumu, eyni zamanda Türkiyəyə və türk dünyasına müharibə elan etməsi anlamına gəlir. Təbii ki, belə bir ehtimal gerçəkləşərsə, bu, İranın sonuncu səhvi ola bilər. Əgər İran məhv olmaq və parçalanmaq istəyirsə bu yola baş vura bilər. Hazırda İranın həm daxildə, həm də xaricdə böyük problemləri var. Atılacaq səhv bir addım nəticəsində İranın hazırkı mövqeyini qoruyub-saxlayacağı mümkün görünmür”,-deyə ekspert bildirib.
"
Hərbi ekspert Elxan Şixəliyev isə “AzPolitika.info”-ya şərhində bildirib ki, birgə keçirilən təlimlər Şuşa bəyannaməsindən sonrakı mərhələdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bərabər fəaliyyətlərinin koordinasiyası kimi qiymətləndirilməlidir: “Təbii ki, zamanlama olaraq bu təlimlərin Azərbaycana qarşı təhdid və təhlükələrin artması fonunda keçirilməsi İranın sərhədlərimizdəki təlimlərinə bir cavab idi. İran mövcud ola biləcək təhdid və təhlükələrdən çəkinmədiyimizi və onlara cavab olaraq istənilən halda əks-təsir imkanlarımızdan istifadə edə biləcəyimizi anlamalıdır. Təlimlərdə bütün Silahlı Qüvvələrimizin xüsusən də, Hərbi Hava Qüvvələrinin mühəndis qoşunlarının, raket artilleriya Qüvvələrinin, xüsusi təyinatlılarının iştirak etməsi və Türkiyə Silahlı Qüvvələri ilə birgə icra edilən tapşırıqlar Azərbaycanın yalnız olmadığı anlamına gəlir. Yəni, İran hər zaman bilməlidir ki, Şuşa bəyannaməsindən sonrakı mərhələdə Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi isə Azərbaycanın təhlükəsizliyidir”.
Ekspert qeyd edir ki, İran öz təhdid və təhlükə ritorikasını bu təlimlərin keçirilməsi fonunda bir daha gözdən keçirməlidir: “Hesab edirəm ki, İran tərəfi bundan sonrakı fəaliyyətində, səsləndiridyi siyasi bəyanatlarda və informasiya polemikasında bütün bunları nəzərə almalıdır. İran Azərbaycanın Zəngəzur koridorunun açılması və Ermənistan qarşısındakı digər tələblərimizi üstlənməlidir. Zəngəzur koridoru açılmalı və buna paralel olaraq bütün bu coğrafi məkanda münasibətlər yenidən normallaşmalıdır”.
E. Bəyməmmədli
“AzPolitika.info”