Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sülhə əngəl sülhməramlılar: Azərbaycanı nəyə vadar edir?

16-12-2022, 17:20   


Sülhə əngəl sülhməramlılar: Azərbaycanı nəyə vadar edir?

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.

Bu barədə monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib.

Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş "yol xəritəsi"nə uyğun olaraq "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır.

Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.

Qeyd edək ki, azərbaycanlı aktivistlər bir neçə gündür Laçın yolunda adıçəkilən yataqların qanunsuz istismar olunması və talanmasına qarşı etiraz aksiyası keçirilər. Beş gündür gecə-gündüz davam edən aksiyada separatçılar və Rusiya sülhməramlılarına qarşı şüarlar səsləndirilir. Lakin onların haqlı tələblərinə cavab verilmir və sülhməramlıların komandiri Andrey Volkov da aksiya iştirakçıları ilə görüşə gəlməməkdə israr edir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, görüşün növbəti dəfə nəticəsiz başa çatması bölgədə yerləşdirilən Rusiya hərbi kontingentinin heç bir halda sülhməramlı missiya yerinə yetirmədiyini göstərir:

“Onlar, heç bir halda Azərbaycanın suveren hüquqlarını və ərazi bütövlüyünü tanımırlar. Görünən odur ki, Vladimir Putin 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında imzalanan Bəyanatın altındakı imzasına da hörmət etmir.

Çünki sülhməramlı missiya adı altında bölgədə yerləşdirilən rus hərbi kontingenti özbaşına qərarlar vermir. Birmənalı olaraq, onların verdiyi qərarlar Kremldən alınır. Həmin kontingentin atdığı addımlar birbaşa Rusiyanın siyasi və hərbi rəhbərliyi tərəfindən yönləndirilir. Rəsmi Bakı bununla bağlı Rusiyanın siyasi-hərbi rəhbərliyinə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qarşı tərəf Azərbaycanın suveren hüquqlarını və ərazi bütövlüyünü tanımayan addımlar atmağa davam edirlər.

Bu o fonda baş verir ki, 10 noyabr Bəyanatı ilə yanaşı, Azərbaycan və Rusiya arasında bu ilin 22 fevralında imzalanmış müqavilə də var. Həmin sənədə əsasən də, tərəflər ərazilərində separatçılara və terrorçulara qarşı birgə mübarizəni hədəfləyiblər. Eyni zamanda, Azərbaycan ilə Rusiya bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib”.

Partiya sədri vurğulayıb ki, rus sülməramlılarına adekvat cavab verilməlidir:

“Hesab edirəm ki, 5 ili gözləmədən rus hərbi kontingentinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı prosedura başlanılmalıdır. 10 noyabr Bəyanatının şərtlərinə əməl olunmaması Azərbaycan tərəfinə bu addımı atmağa tam əsas verir. Yəni 10 noyabr Bəyanatının qüvvədən düşdüyü elan olunmalı və Azərbaycan ərazilərində digər ölkənin hərbi kontingentinin mövcudluğuna son qoyulması üçün addımlar atılmağa başlanılmalıdır.

Belə olmayacağı təqdirdə, onların digər addımlarının da şahidi olacağıq. Yəni orada məskunlaşmış separatçı rejim və qondarma dövlət qurumları formalaşması fonunda Azərbaycan ərazilərində suveren hüquqlarımızın tanınması, hətta Azərbaycan ərazisinin həmin hissəsinin ilhaq olunması istiqamətində addımlar ata bilərlər. Bunun qarşısı alınmalıdır. Qarşıdurmaya gediləcəksə belə, zamanında gedilməlidir ki, gələcəkdə daha ciddi fəsadlar törədilməsin”.

Elmir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar