“İranla imzalanan anlaşma memarandumu Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən marşrutunun şaxələndirilməsidir, Zəngəzur dəhlizinin alternativi deyil”.
Musavat.com-un məlumatına görə, bu fikirlər siyasi şərhçi Elçin Mirzəbəyliyə məxsusdur.
Analitik saytımıza açıqlamasında İran və Azərbaycan arasında Naxçıvana keçidi təmin edəcək yolla bağlı vəziyyətlə bağlı danışarkən söyləyib. “Bütövlükdə isə, İranla birgə həyata keçirilən layihələr bir qayda olaraq, molla rejiminin qeyri-müəyyən davranışları və hikkəli siyasəti səbəbindən ya yarımçıq qalır, ya da tarixin arxivinə atılır”-siyasi şərhçi deyib.
Ekspertə görə, bu xüsusda Rəşt-Astara dəmir yolu ilə bağlı molla rejiminin hər fəsildə 4 dəfə dəyişən ovqatını, layihənin başa çatdırılacağı zaman kəsiyi ilə bağlı verilən ziddiyyətli, anlaşılmaz açıqlamaları da nümunə gətirmək olar: “Məsələn, 44 günlük müharibəyədək Rəst-Astara dəmir yolu ilə bağlı gurultulu bəyanatlar verən molla rejiminin sənaye, mədən və ticarət nazirinin müavini, Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peymanpak təxminən 20 gün öncə bəyan etmişdi ki, layihə yaxın üç il ərzində tamamlanmaya bilər. Çünki bu layihə uzaq gələcək üçün planlaşdırılıb. Amma İranın Dəmir yolu və liman tikintisi şirkətinin direktor müavini Abbas Xətibi elə bu ilin aprelində iddia edirdi ki, layihənin 68%-i artıq başa çatdırılıb və dəmir yolu xətti 2022-ci ilin sonunadək istismara hazır ola bilər. Güney Azərbaycanda məşhur olan atalar sözündə deyildiyi kimi, “Molla Turab banladı, kim bildi, kim anladı?!” İndi bunlar səhər namazında bir söz deyirlər, günorta namazında başqa söz, axşam namazında isə hər ikisini unudurlar. Dediklərinə də o qədər rəng qatırlar ki, həqiqətlə yalanın yeri bilinmir”.
Şərqi Zəngəzurdan İran ərazisindən keçməklə Naxçıvana çəkilməsi nəzərdə tutulan yola gəldikdə, E.Mirzəbəylj deyib ki, bununla bağlı yalnız memarandum imzalanıb: “Memarandum niyyət protokoludur. Ortalıqda sözügedən istiqamətdə görüləcək işləri, öhdəlikləri müəyyənləşdirəcək hər hansı bir sənəd yoxdur.
Molla rejiminin Zəngəzur dəhlizi ilə bağlı qarın ağrısına gəldikdə isə, bəlli olduğu kimi, Tehran dəhlizdən daha çox, onun 10 noyabr üçtərəfli bəyantından irəli gələn eksterritorial - maneəsiz - statusundan narahatdır. Rejimin qənaətinə görə, maneəsiz dəhliz İranın Ermənistanla əlaqələrinə maneə yaradacaq. Başqa bir narahatlıq isə İranın uzun illərdən bəri reallaşdırmaq istədiyi Şimal-Cənub dəhlizinin Ermənistan-Gürcüstan marşrutu ilə bağlıdır.
İran Qərb istiqamətində olan yük daşınmalarının Azərbaycan vasitəsilə həyata keçirilməsinin və Azərbaycandan bu məsələdə asılı olmağın əleyhinədir.
Burada da strateji hədəfləri var, şübhəsiz. Məqsəd Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasındakı İran üzərindən keçən indiki yolu ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. İndiki halda Gürcüstana doğru yükdaşınmalarını Azərbaycan üzərindən həyata keçirdiyi üçün bu addımı ata bilmir”. Siyasi şərhçi digər vacib məqama da toxunub: “Yükdaşınmalarını Ermənistan vasitəsilə Gürcüstana, oradan da Qara dəniz üzərindən həyata keçirmək imkanı əldə edəcəyi təqdirdə isə, şübhə etmirəm ki, Naxçıvanla quru əlaqələrimizə maneələr yaradacaq və bunu bizə qarşı istifadə etməyə çalışacaq. Panfarsist, ultramillətçi Tehran rejiminin məkrli məqsədi bundan ibarətdir və bu məkr də onun sonunu gətirəcək”.
E.Paşasoy,
Musavat.com