Vardanyanın "qələmi" qırıldı: Kreml erməni fırıldaqçını "xərcləyir"

24-12-2022, 14:10   


Rəsmi Bakı Rusiyanın təxribat emissarı Ruben Vardanyanla bağlı Kremlə artıq ikinci dəfə sərt xəbərdarlıq etdi, bundan sonra onu heç kim qoruya bilməz... Əgər, o, ən qısa zamanda Azərbaycanın Xankəndi və ətraf bölgəsindən qaçmasa, ömrünün qalan hissəsini "dəmir barmaqlıqlar" arxasında keçirtmək məcburiyyətində qala bilər...

Rusiya və Ermənistan arasında ziddiyyətlərin artmaqda olduğu müşahidə olunur. Rəsmi İrəvanın davranışları Kremldə qıcıq doğurur. Üstəlik, son vaxtlar Paşinyan hakimiyyəti Rusiyanı açıq şəkildə şantaj etməklə, Kremlin səbrini tarıma çəkməyi bacarıb. Və böyük ehtimalla yaxın vaxtlarda bunun ilkin nəticələri özünü daha kəskin şəkildə biruzə verməyə başlayacaq.

Məsələ ondadır ki, rəsmi İrəvan Kremlə qarşı sayğısızlıq vərdişlərini artırmaqda davam edir. Rusiyanın patronajlığı altında mövcud olan KTMT-nın yekun sənədini imzalamayan Ermənistan baş naziri Nikol Paşinyan Kremlin nüfuzuna zərbə vurmaqda israrlı davranır. Belə ki, indi də erməni baş nazir əvvəlcə Rusiyanı üçtərəfli anlaşmaları, rus "sülhməramlıları" isə öz missiyalarını icra etməməkdə suçladı. Ardınca isə Ermənistan xarici işlər nazirini Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşə göndərmədi.

Təbii ki, erməni baş nazir bu davranışın Rusiyanın beynəlxalq nüfuzunu zədələyəcəyini anlamamış deyildi. Deməli, elə əsas məqsədi də məhz Rusiyaya sayğısızlıq etməklə, hansısa beynəlxalq siyasi dairələrə mesaj vermək olub. Və Kremldə də erməni baş nazirin Rusiya üzərindən avantürist oyunlara həvəs göstərdiyini diqqətdən qaçırmırlar.

1774139539_0_0_2858_1609_1920x0_80_0_0_384e39cf67aea2a8fb1ed77b497ea11c.jpg (145 KB) 

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə bu məqam qabarıq şəkildə nəzərə çarpdı. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov erməni baş nazirin ittihamlarının qəbuledilməz olduğunu vurğuladı. Eyni zamanda, Şuşa-Xankəndi yolu ətrafında yaranmış vəziyyətə görə ermənilərin günahkar olduğuna eyham vurdu: "Bu problem Azərbaycan ekoloqlarının aksiyası və ya rus sülhməramlıların öz missiyasını yerinə yetirməməsi ucbatından yaranmayıb. Erməni tərəfi Azərbaycan ekoloqlarının faydalı qazıntılar yataqlarında araşdırma aparmasını nəzərdə tutan anlaşmanı pozaraq, onlara əngəl törətdikdən sonra belə bir vəziyyət yarandı".

Göründüyü kimi, Rusiya xarici işlər naziri faktlara istinad edir və bununla da əslində, indi bütün dünyada hay-küy salan erməni tərəfin günahkar olduğuna eyham vurur. Belə vəziyyətdə isə son vaxtlar erməni tərəfinin adından danışmağa can atan Kremlin emissarı, fırıldaqçı erməni milyarder Ruben Vardanyan barədə mövzunun gündəmə gəlməsi qətiyyən təəccüblü deyil. Hər halda, Azərbaycan öz sərhədləri daxilində erməni separatizmini və terrorizmini gücləndirməyə çalışan bir cinayətkarın sərbəst dolaşmasına tolerant yanaşmaq niyyətində deyil.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının erməni fırıldaqçı ilə bağlı prinsipial mövqeyini Rusiya siyasi dairələrinə çatdırıb. O, rus nazirə bildirib ki, Ruben Vardanyan regionu nə qədər tez tərk etsə, bu, hamı üçün bir o qədər yaxşı olar: "Özünü erməni icmasının rəhbəri kimi təqdim edən bu şəxsin Qarabağa heç bir aidiyyəti yoxdur”.

Təbii ki, xarici işlər naziri C.Bayramovun dediklərində Rusiyaya yönəlik üstüörtülü iradın, hətta incə xəbərdarlığın olduğu da diqqətdən yayınmır. Hər halda Azərbaycanın xarici işlər naziri "hamı üçün yaxşı olar" deyərkən, Rusiyanı da bu işin içinə qatdığını anlamaq o qədər də çətin deyil. Yəni, rəsmi Bakı bununla Kremlin diqqətinə çatdırır ki, R.Vardanyanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə Rusiya da məsuliyyəti bölüşməli olacaq.

8d2549ce-6455-4a24-b958-358cf63f8ae3.jpg (206 KB) 

Məsələ ondadır ki, R.Vardanyanın Azərbaycanın Xankəndi və ətraf bölgəsində necə peyda olduğundan rəsmi Bakı ən incə detallarına qədər xəbərdardır. Hər halda, Azərbaycan Prezidenti İlham Əliyevin bu erməni fırıldaqçının Xankəndiyə Moskva tərəfindən xüsusi gündəliklə göndərildiyini vurğulaması hələ unudulmayıb. Üstəlik, bu, rəsmi Bakının Kremlə R.Vardanyanla bağlı ilk açıq məzmunlu və sərt xəbərdarlığı idi. Və xarici işlər naziri C.Bayramovun rus həmkarına erməni fırıldaqçının Azərbaycan ərazilərini tərk etməsinin vacibliyini xatırlatması isə artıq sayca ikinci xəbərdarlıq mesajı hesab oluna bilər.

Rəsmi Bakının bu məsələdə belə prinsipial mövqeyə malik olmasısa, üçüncü xəbərdarlığın olmayacağını düşünməyə əsas verir. Yəni, R.Vardanyan ən qısa zamanda Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılmazsa, bu, erməni fırıldaqçı üçün taleyüklü nəticələr verə bilər. Çünki ardıcıl iki açıq məzmunlu xəbərdarlıqdan sonra rəsmi Bakının R.Vardanyanın zərərsizləşdirilməsi istiqamətində birbaşa addımlar ata biləcəyi qətiyyən istisna deyil. Və erməni fırıldaqçı Kremlin onu qoruya biləcəyinə ümid bəsləyərsə, çox böyük səhv etmiş olar.

Ona görə də, R.Vardanyan Azərbaycanın xarici işlər nazirinin öz rus həmkarına xitabən "tərk etsin" tələbindən mütləq nəticə çıxarsa, bu, ilk öncə onun özü üçün yaxşı olar. Əks halda, rəsmi Bakı yekun qərarı verməli olarsa, bu, erməni fırıldaqçının ömrünün qalan hissəsini "dəmir barmaqlıqlar" arxasında keçirməsi demək olacaq. Yəni, Xankəndi və ətraf bölgədən qaçıb, canını qurtara bilməyəcək, Kreml isə onu xilas etməyəcək.

56da38c26259bbf4054f22ff94738c16.jpg (225 KB) 

Belə ki, rəsmi Bakı artıq ikinci dəfə ardıcıl xəbərdarlıqla, Rusiyanın gələcək bəhanə şansını elə indidən sıfırlamış oldu. Digər tərəfdən, rus xarici işlər nazirinin açıqlaması da erməni fırıldaqçı üçün olduqca təhlükəli məzmun daşıyır. Çünki erməni fırıldaqçı Kremlin təlimatlarını icra etsə də, S.Lavrovun "R.Vardanyanın Rusiya ilə heç bir əlaqəsi yoxdur" deməsi, onun gələcək taleyini təxmin etmək imkanı verir: "R.Vardanyanın öz xahişi ilə Rusiya prezidenti onun vətəndaşlığını ləğv edib. Onun Qarabağa göndərilməsi, siyasi həyatda iştiraka təşviq edilməsi ilə bağlı qərar Rusiyaya aid deyil, olmayıb və olmayacaq".

Buradan belə anlaşılır ki, xarici işlər naziri Sergey Lavrovun bu açıqlaması ilk növbədə Rusiyanın məsuliyyətdən yayındırılması məqsədi güdür. Ona görə də, ehtimal etmək olar ki, Kreml R.Vardanyana müxtəlif təlimatlar verəcək, ancaq erməni fırıldaqçını çətin məqamlarda müdafiə etməyəcək. Və bu, R.Vardanyanın Rusiya üçün sadəcə, "radxodnıy material"dan başqa heç nə ifadə etmədiyini təsdiqləyir.

Belə anlaşılır ki, R.Vardanyanın "qələmi" artıq qırılıb. Erməni fırıldaqçı da onun üçün sonun başlandığını başa düşür. Çünki beynəlxalq səviyyəli bir fırıldaqçı rəsmi Bakının Kremldən onu istədiyini anlamaya bilməz. Kremlin isə onu hər an "xərcləməyə" hazır olması da erməni fırıldaqçının o qədər də çox vaxtının qalmadığını göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar