2022-ci ildə ölkələrin inflyasiya göstəriciləri ilə bağlı müxtəlif rəqəmlər qeydə alınıb.
Belə ki, cari ildə bir sıra ölkələrdə yüksək inflyasiya müşahidə edilsə də, bir sıra ölkələrdə daha az inflyasiya qeydə alınıb. Rəsmi göstəricilərinə görə, bu il Argentinada 92.4% , Türkiyə 84.4%, Azərbaycanda 13.8%, Rusiyada 12.0%, İtaliyada 11.8% . Böyük Britaniyada 10.7%, Avro-zonada 10.1%, ABŞ-da 7.1%, Çində 1.6% inflyasiya qeydə alınıb. Göründüyü kimi, bir sıra ölkələrin Azərbaycanla rəsmi inflyasiya göstəriciləri daha yaxın olsa da, maraq doğuran odur ki, həmin ölkələrlə əməkhaqqı göstəriciləri fərqlidir. Onu da qeyd edək ki, Azərbaycanla bağlı təqdim edilən inflyasiya göstəricisi rəsmi statistikaya əsaslanır, ekspertlərin fikrincə isə qeyri-rəsmi statistikaya görə bu rəqəm daha çoxdur.
Bu gün Azərbaycanda bahalaşma səviyyəsi və əməkhaqqları digər ölkələrlə uyğundurmu?
İqtisadçı-eskpert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, inflyasiya, qiymət artımı Azərbaycanda bu il Avropa ölkələri ilə müqayisəediləcək səviyyədədir:
“Ancaq məsələn, Türkiyədən daha yaxşı vəziyyətdir. Yəni Türkiyədə inflyasiya, daha çox qiymət artımı müşahidə olunur. Ancaq əməkhaqqı Azərbaycanda xeyli aşağıdır. Ölkədə orta aylıq əməkhaqqı 830 manat, minimum əməkhaqqı isə 300 manatdır. Avropa ölkələrində, Türkiyədə əməkhaqqı bizdən daha çoxdur. Bunu qeyd edərkən baxmaq lazımdır ki, ölkədə xərclər necədir, əməkhaqqı ilə yanaşı, xərclər də aşağı ola bilər və bununla kompensasiya etmək lazımdır. Ancaq prinsipcə Azərbaycanda bu gün yaşayış üçün xərclər ən azı Türkiyədən az deyil. Avropa ölkələrində xərclər daha çoxdur. Müqayisə etdikdə Azərbaycanda əməkhaqqı bundan aşağıdır. Vətəndaşların gəlirləri aşağıdır və bu da onunla bağlıdır ki, Azərbaycanda sosial bərabərsizliyin səviyyəsi daha çoxdur. Yəni az sayda insan daha çox qazanır, əhalinin əksəriyyətinin qazancı isə xeyli aşağıdır. Bu da sosial ədalətsizlikdir”.
Nə etmək lazımdır?
Ekspert deyir ki, Azərbaycanda vergi tutulmasına yenidən baxmaq lazımdır:
“Varlı insanlar daha çox vergi ödəməlidir. Varlı insanlar onlardır ki, lüks daşınmaz əmlakları, banklarda çox məbləğdə əmanətləri var. Bu gün Azərbaycanda bank əmanətləri vergidən azaddır. Niyə azad olmalıdır? Hansısa bir insan banka nəinki əmanət qoya bilmir, heç onun gəliri ailəsini saxlamağa imkan vermir, güclə yaşayır. Buna baxmayaraq, o, maaşından vergi ödəyir.
Bankda isə milyonlarla əmanət saxlayan vergi ödəmir. Bu ədalətsizlikdir. Niyə Azərbaycanda lüks, dəbdəbəli villası olan şəxslə, balaca daxması olan eyni vergini verir? Hamımız da başa düşürük ki, Azərbaycanda yüksək gəliri olanların əksəriyyəti o pulu halal yolla qazanmır. Heç olmasa qazanandan sonra əldə etdiyi əmlaka görə daha çox vergi versin. O verginin hesabına ölkədə insanların sosial rifahını artırmaq olar. Bu, yollardan ancaq biridir. Yəqin ki, başqa yollarda var”.
Nigar Abdullayeva
Cebhe.info