Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tanınmış astroloq: “2023-cü ildə Zəngəzur dəhlizi açılacaq”

31-12-2022, 13:39   


Təzə illə bağlı maraqlı proqnozlar

“Qoroskop” qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli 2023-cü illə bağlı proqnozlarını “Yeni Müsavat”a açıqlayıb. Müsahibəni təqdim edirik:

- Səbuhi bəy, 2022-ci illə artıq vidalaşırıq. Bu ili necə dəyərləndirərsiz? Deyirlər, astrologiya elminin imkanlarından istifadə olunarsa, insanları bəzi təhlükələrdən qorumaq olar. Ötən il nələr etmək olardı, edilmədi?

- 2022-ci ili səhvləri və düzləri ilə hər kəs bilir. Necə deyə bilərəm ki, Laçında bunu belə yox, elə edərdik. Çünki siyasi təbəqələr var, ən üst təbəqədə nələrin baş verdiyini biz anlaya bilmərik. Misal üçün, niyə Xankəndidən ordumuz çıxdı, bəlkə Rusiya Bakıda terror edə bilərdi. Biz amma “niyə çıxdıq, alacaqdıq” kimi fikirlər səsləndi. Üst qatları bilmək üçün gərək üst qatda olasan. Nəyin doğru, nəyin yanlış olduğu artıq əhəmiyyətli deyil. Siz deyirsiniz, düşünürəm, amma astrologiyanı ora uyğunlaşdıra bilmirəm. Gərək mənə təklif gələydi ki, necə edək ki, uğurla olsun. Amma mənə elə təklif də gəlməyib.

-  Ümumiyyətlə, sizdən məsləhətləşiblərmi bu vaxta kimi? Astroloqlara müraciətlər olurmu?

- Olur, bunun əksəriyyəti dövlət sirridir.  Ümumiyyətlə Azərbaycanda astroloq var ki... Mediada olan Firudun Qurbansoyla mən idim. Qalanları müştəri ilə işləyir, pul qazanmaq üçün. Mən o işlə məşğul deyiləm, mediada çalışıram, nə var ortadadır. Firudun Qurbansoy da başqa işlərlə məşğuldur, mən tək edirəm. Zaman-zaman olub, açıqlama da vermişik. Amma insanların maariflənməsi hələ o dərəcəyə çatmayıb, bu cür elmə ulduz falı deyirlər. Dini kəsim də diksinir ki, bu yəqin faldır. Dörd dəfə TV-lər mənim proqnozu hazırlamaq prosesimi çəkiblər, amma efirə verməyiblər. Bunun elmiliyi maraqlı deyil. Yazırlar, filan bürc alma yeməyi xoşlayır, axı astrologiya elmində o yoxdur. Bunlar hamısı şoulaşıb.

- Pandemiya ilə bağlı müxtəlif proqnozlar verilir. Bitdi sanırıq, amma bəzi nüfuzlu şəxslər, dünya milyarderləri yeni virusun olacağı, insanların yarıdan çoxunun öləcəyi barədə proqnozlar verirlər? Sizcə, bu nəyə əsaslanır?

- Siyasətçilər də, iqtisadçılar da, məntiqi düşüncə ilə tarixçilər də proqnoz verir. Astronomik proqnozlar da olur. Sadəcə, bir qisim şəxslər var ki, insanları təlaşda saxlayıb sensasiyalı məlumatlarla diqqət çəkmək istəyirlər. Bizdə də var, deyirlər ki, avqustda nüvə müharibəsi olacaq. Gah deyirlər, zəlzələ olacaq. Amma mən deyirəm ki, bu il sakitlik olacaq. 2012-ci ildə hələ dedim ki, dünyanın axırı-filan deyil, mənə heç kim inanmadı. İki min tiraj kitab çıxardım alan olmadı, amma 5-6 min nəfər qara şüşə, şam, yemək, konserv alıb soyuducuları doldurdular. Maariflənmə gec gedir. İnsanlar hələ də təlaşdadır. Kimsə desə ki, yanvarda zəlzələ olacaq, yenə qorxacaqlar. Mənim 2022-ci ilin yarısında proqnozum beləydi ki, pandemiya öz əhəmiyyətini itirəcək. Ondan sonra həqiqətən də əhəmiyyətini itirdi. Amma son dövrlərdə ÜST insanları təlaşda saxlayan proqnozlar verdi. Sonra anladım ki, bütün bunlar nəyəsə hesablanıb, insanları nə qədər təlaşda saxlasan, onları bir o qədər idarə etmək asan olur.

- 2023-cü il üçün bir çox beynəlxalq təşkilatların iqtisadi proqnozları heç də ürəkaçan deyil. Sizin proqnozlarınız nə deyir, bolluq olacaq, ya aclıq?

- Düzü, mən demişdim, ictimai siyasi proqnozları deməyəcəyəm, amma “Yeni Müsavat” öz qəzetimizdir. Bəzən 7-8 iqtisadçı, misal üçün, deyir ki, yanvar ayında un qıtlığı olacaq. Nəticədə insanlar əvvəllər bir kisə un alırdısa, bundan sonra üç kisə alacaq. Əvvəllər mənə də deyirdilər ki, nələr olacaq, proqnozları de, buna razılaşmamışam. Mən ideoloji silah deyiləm ki. Hətta səkkiz adam eyni məsələni deyirsə, cəmiyyət özü bunu reallaşdırır. Müharibə vaxtı, üzdə olan adamlar mənə deyirdi ki, “de ki Şuşa, Xankəndi, Ağdərə, Hadrutdan başqa hər yer alınacaq. Mən bunu necə deyə bilərəm axı. Deməli, plan olub, mənim dilimdən deyilməsini istəyirlər ki, sonradan desinlər ki, Səbuhi demişdi.

Amma sifarişlə proqnoz vermək olmur, hesablamadan olmur. Amma yarısı alındı, Şuşa ilə Hadrut alındı. Bəzən elə bilirlər ki, mən hər şeyi özümdən icad edirəm, bütləşdirirlər. Ukrayna ilə bağlı deyirdilər, ölkədə aclıq olacaq, amma gördünüz ki, taxıl gətirildi, o qədər də bahalıq olmadı. Pələng ili həmişə müharibə ili kimi yadda qalıb. İki dünya müharibəsi, bir illik müharibə, çoxlu iğtişaşlar həmişə olub. İkinci Dünya Müharibəsindən sonra ən böyük müharibə bu pələng ilində olub. Pişik illəri ümumiyyətlə passiv olub. Son iyirmi ildə pişik illərində baş verən hadisələrə baxanda görürük ki, xalq hakimiyyət qarşıdurmaları daha çox özünü göstərib. Üsyanlar olub. Rusiyanın uduzduğu illər olub, Sevastopolu əlində saxlaya bilməyib. İngilislərlə müharibədə uduzublar.

- Bu il Rusiyanın Ukraynaya məğlub olmasını gözləyə bilərik onda?

- 99 faiz. Pişik ili yeni dövlətlərin yaranması ili olub.  Qoparılmış torpaqların geri qaytarılması ili olub. Ümid edək ki, Güney Azərbaycan da müstəmləkədən qopub, öz müstəqilliyini elan edəcək. Pişik ilində nə böyük zəlzələ, nə də böyük daşqınlar olub. Əlbəttə, bu, tektonik zonalara, yaxud ər il daşqın olan ərazilərə aid deyil. 

- Hamını düşündürən sual, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə zaman olacaq və  Zəngəzur dəhlizi açılacaqmı?

- 2023-cü ildə Zəngəzur dəhlizi açılacaq. Onsuz da Prezident 2024-cü ildə açılacağını deyib. Mənim Qarabağda Xankəndi, Ağdərə, Xocalı, Əsgəranla bağlı narahatlığım yoxdur. Narahat edən Zəngəzur dəhlizinin açılması məsələsinin uzanmasıdır. Bu təbii bir prosesdir, qarşısını heç kim ala bilməyəcək.

- 2022  həm də məmurların qeyri-etik, əxlaqsız videoları ilə də yadda qaldı. Eyni zamanda, illərlə oturuşmuş, bəzi korrupsioner məmurların işdən azad olunmasının da şahidi olduq. Bəs bu il nələr olacaq?

- Ötən il demişdim, yerindən qopmaz məmurlar çıxacaq. Onlardan biri Səfər Mehdiyev, Ramiz Mehdiyev, elə Ramiz Mehdiyev qədər yerindən qopmayan Vasif Talıbov idi. Gələn il ümumiyyətlə islahatlar ili, dəyişikliklər ili olacaq. 2023-cü ildə səhlənkar məmurların cəzalandırılmasını görəcəyik. Böyük icra başçıları dəyişdiriləcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar