Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Covid: pandemiyadan sonrakı iki il ərzində peyvəndlərin effektivliyi və yan təsirləri haqqında nələri öyrəndik?

5-01-2023, 12:18   



Vaksinlər

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

8 dekabr 2020-ci ildə Britaniyada Covid-19 epidemiyasına qarşı ilk peyvənd hazırlanandan bu yana dünya miqyasında 13 milyard doza peyvənd vurulub. Aradan keçən iki ildə vaksinlərin effektivliyi və yan təsirləri haqqında nələr üzə çıxdı?

Tədqiqatlar göstərir ki, onlar xəstəliyin ağırlaşmasına və ölüm hallarının artmasına mane olur. İctimai səhiyyə qurumları bildirirlər ki, peyvəndlərin ciddi yan təsirlərinə nadirən rast gəlinir.

Peyvəndlərin təsirləri

Vaksinasiya başlayandan sonra ambulator müalicəyə ehtiyacı olanların və ölənlərin sayı əhəmiyyətli dərəcədə azaldı.

Koronavirusun Omicron kimi daha yoluxucu variantlarının ortaya çıxmasına baxmayaraq insanların əksəriyyəti məhz peyvənd sayəsində xəstəliyi yüngül keçirdi.  

ABŞ-ın Commonwealth Fund təşkilatı dekabrın 13-də dərc etdiyi sorğuda Yale Universitetinin İctimai Səhiyyə Məktəbinin alimlərini bu mühüm suala cavab verməyə çağırıb: "Peyvəndlər olmasaydı, vəziyyət necə olardı?" 

Nəticələr göstərir ki, son iki il ərzində ABŞ Covid-19 nəticəsində 18,5 milyon əlavə xəstəxanaya yerləşdirmə və 3,2 milyon ölümlə üzləşə bilərdi.  

Bundan başqa, digər infeksiyaların müalicəsinə xərclənəcək 1,15 milyon dollar məbləğində vəsaitə məhz vaksinasiya sayəsində qənaət edilib. 

Sorğunun nəticələrinin qiymətləndirən müəlliflər yazırlar ki, "12 dekabr 2020-ci ildən bu yana ABŞ-da 82 milyon infeksiya, 4,8 milyon xəstəxanaya yerləşdirilmə və 798 min ölüm halı qeydə alınıb. Başqa sözlə, peyvənd vurulmasaydı, ABŞ-da 1,5 dəfə çox yoluxma, 3,8 dəfə çox xəstəxanaya yerləşdirmə, 4,1 dəfə çox ölüm halları olacaqdı”. 

Braziliya İmmunlaşdırma Assosiasiyasının (SBIM) vitse-prezidenti Isabella Ballalai deyir ki, "kovidə qarşı peyvənd bir çox insanlar üçün ölmək, yoxsa sağ qalmaq fərqini yaratdı".

Braziliya yoluxma sayının ən çox olduğu ölkələrdən biriydi və vaksinlərin faydalarını görmək üçün yaxşı nümunədir.


Peyvəndlərin yan təsirləri hansılardır?

Ballalai həmçinin qeyd edir ki, "Dozaların sayı artdıqca, peyvəndlərin təhlükəsizliyinə daha çox əmin oluruq".  

Dərmanları təsdiq edən təşkilatlar və ictimai səhiyyə qurumları son iki il ərzində peyvəndlərin mənfi təsirlərini araşdırmaq üçün böyük səy göstəriblər.

Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) "ciddi yan təsirlərə nadirən rast gəlindiyini" bildirib.  

Peyvənd vurulandan sonra ən çox müşahidə olunan hallar aşağıdakılardır:

  • peyvənd vurulan yerdə ağrı;
  • yorğunluq:
  • baş ağrısı;
  • bədən ağrısı;
  • yüksək temperatur;
  • özünü pis və ya xəstə hiss etmək.

Səhiyyə qurumu qeyd edir ki, "bu yan təsirlərin əksəriyyəti yüngül xarakter daşıyır və bir həftədən az davam edir".

İnyeksiya

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Bəs ciddi yan təsirlərə necə, rast gəlinibmi?

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, ən ciddi mənfi təsirlərin indiyə qədər məlum olan nisbəti aşağıdakı kimidir:

  • Anafilaksiya (peyvəndə ağır allergik reaksiya): hər milyon dozaya 5 hal;
  • Janssen peyvəndinin yaratdığı tromboz: hər milyon dozaya 4 hal;
  • Janssen peyvəndinin yaratdığı Guillain-Barré sindromu: rəsmi statistika  yoxdur, amma Pfizer vurulmuş şəxslərlə müqayisədə 50+ yaşlı kişilərdə "kiçik bir artım" müşahidə olunur (Guillain-Barré əzələ zəifliyinə, reflekslərin itməsinə və  uyuşmaya səbəb olan, müvəqqəti iflic yarada bilən nevroloji xəstəlikdir);
  • Pfizer peyvəndi vurulmuş gənclərdə miokardit və perikardit (ürək iltihabı): 12-15 yaş aralığında hər milyon dozaya 70,7 hal; 16-17 yaş aralığında hər milyon dozaya 105,9 hal; 18-24 yaş aralığında hər milyon dozaya 52,4 hal.

Növbədə nə var?

 

Koronavirus tam nəzarət alıtna alınmadığı üçün bir çox problemlər qalmaqdadır.  

"Dünya miqyasında baxsaq, vaksinasiyada çox geri qalan ölkələr var" - epidemioloq André Ribas Freitas belə deyir.  

Məsələn, Haitidə əhalinin yalnız 2%-i ilk iki dozanı qəbul edib. Əlcəzair (15%), Mali (12%), Konqo (4%) və Yəmən (2%) kimi ölkələrdə də göstəricilər çox aşağıdır.  

Freitas qeyd edir ki, “Bu, çox böyük bir narahatlıq mənbəyidir, çünki yoluxma sayının sürətlə artması və daha çox yoluxucu və ya patogen variantların ortaya çıxması riski yaradır".

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar