"Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan 2023-cü ildə KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcək. Baş nazirin sözlərinə görə, Ermənistanın hazırkı vəziyyətində KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil. Paşinyan Rusiyadan ittifaq dövlətinə daxil olmaq üçün rəsmi təklif almadığını, ancaq reallıqda hər şeyin göründüyü qədər açıq olmadığını da bildirib.
Musavat.com-un xəbərinə görə, politoloq Elxan Şahinoğlu hesab edir ki, Nikol Paşinyanın cümləsinin ikinci hissəsinin mənası budur:
"Birincisi, Kremldən Ermənistanın Rusiya-Belarus ittifaqına qoşulmasıyla bağlı şifahi təklif alıblar. İkincisi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Rusiya bizə bu məsələdə təzyiq edib” deyərkən həqiqəti söyləyib".
E.Şahinoğlunun fikrincə, Paşinyanın Rusiyadan narazılığının nəticəsidir ki, o, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə ev sahibliyi etməyəcəyini dilə gətirib:
“Paşinyan söyləyib ki, Ermənistan hazırkı vəziyyətdə KTMT təlimlərinin keçirilməsini yersiz hesab edir. Paşinyan bu gedişlə bir müddət sonra Ermənistanın KTMT-də üzvlüyünün davamının mənasız olacağını səsləndirəcək”.
E.SEYİDAĞA,
Musavat.com