ATƏT sədri Bakıya gəlir: Gorbagor Minsk qrupu “xortlayacaqmı? - RƏYLƏR

11-01-2023, 18:54   


Arzu Nağıyev: “Qarabağla bağlı bütün məsələlər bizim daxili işimizdir”

Mətin Məmmədli: “Minsk qrupu 30 ilə yaxın dövr ərzində münaqişənin daha da dərinləşməsinə xidmət edib”

ATƏT-in hazırkı sədri Buyar Osmani Azərbaycana və Ermənistana səfər edəcək. Bu barədə hər iki ölkənin XİN başçısı ilə telefon danışığı zamanı razılıq əldə olunub. ATƏT sədri gərginliyin aradan qaldırılması və regionda davamlı sülh üçün şəxsən iştirak etməyə hazır olduğunu söyləyib.

Prezidentin ötən gün yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı önəmli açıqlamalar vermişdi. Bundan başqa, Ermənistan da zaman-zaman ATƏT-in Minsk qrupunu “diriltməyə” çalışır.

Bəs görəsən ATƏT sədrinin gözlənilən səfərində hansı məsələlər müzakirə olunacaq?

arzu-nagiyev-ela.jpg (29 KB)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev ATƏT sədrinin planlaşdırılan səfərini “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, prezidentin çıxışında sülhün bərqərar edilməsi ilə bağlı açıqlaması diqqətçəkəndir: “Azərbaycan sülhün bərqərar olmasında qərarlıdır çünki bizi “Böyük qayıdış” gözləyir. Ermənistanın daim buna mane olacaq amillərlə işləməsinə baxmayaraq, biz qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq. Revanşist ideyalara rəğmən, istər hərbi, istərsə də danışıqlar yolu ilə Azərbaycan fəaliyyətini davam etdirəcək. Bundan başqa Avropa İttifaqı da bilavasitə vasitəçilik ilə Azərbaycan-Ermənistan danışıqlarının baş tutmasında maraqlıdır. Burada Rusiyanın öz marağı var. Son zamanlar Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı da bərpa olunmaq istiqamətində müəyyən addımlar atır. Düşünürəm ki, burada ən maraqlı tərəf məhz Fransadır. Fransanın bitərəf mövqe tutması və 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədri kimi öz funksiyasını yerinə yetirməməsi, yalnız deklorativ bəyanatlar verməsi bir daha göstərdi ki, vasitəçi rolunu yerinə yetirə bilmirlər. ATƏT-nin Minsk qrupunun yenidən regiona qayıtmasını ən çox istəyən Ermənistandır. Əsas məqsəd isə Fransanı regiona gətirməkdir. Azərbaycan üçün prioritet məsələ sülh müqaviləsinin imzalanmasıdır. Qarabağla bağlı bütün məsələlər bizim daxili işimizdir. Buna görə də ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa olunması bizim üçün maraq kəsb etmir çünki onların ciddi təzyiq və təsir mexanizmi yoxdur. Onlar vaxtilə üzərinə düşən funksiyanı yerinə yetirsəydilər, bu gün bu qədər çətinlik olmazdı. Prezident çıxışında vasitəçilik missiyasını  yerinə yetirə biləcək dövlətin olması barədə məqama diqqət çəkdi”.

trend-1665476324.jpg (38 KB) 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və uzun müddət bu təşkilat Ermənistan - Azərbaycan münaqişəsinin həlli ilə bilavasitə məşğul olub: “Təbii ki, bu səfər çərçivəsində Azərbaycan və ATƏT arasında münasibətlərin ümumi istiqamətlərinin, post-münaqişə problemlərinin müzakirə olunacağını gözləyirəm. Keçmiş Minsk qrupunun fəaliyyətinin bərpası ilə bağlı ölkəmizin mövqeyi prinsipialdır və əminəm ki, bu səfər çərçivəsində də bu qrupun fəaliyyətinin yenidən bərpa edilməsinə edilən istənilən cəhd uğursuzluğa məhkumdur. ATƏT-in Minsk qrupu 30 ilə yaxın dövr ərzində vasitəçi kimi tamamilə uğursuz fəaliyyət göstərib və bu fəaliyyəti ilə də münaqişənin həllinə deyil, daha da dərinləşməsinə xidmət edib. Bu baxımdan yenidən bu qrupun fəaliyyətinin bərpa edilməsi heç bir məntiqə uyğun deyil. Həm də nəzərə alsaq ki, ölkəmiz münaqişəni rəsmi olaraq bitmiş hesab edir, vəziyyət daha da aydın olar”.

Xatırladaq ki, prezident İlham Əliyev yerli televiziya kanallarında müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri barədə danışarkən bir sıra məqamlarla bağlı ciddi açıqlamalar verib:

b13c9d13-d599-3df2-ad26-c5a52913cb24_850.jpg (118 KB)

“Mən ümid edirəm ki, artıq Ermənistan açıq-aydın dərk edir ki, təxribatların heç bir nəticəsi olmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik, əksinə, Ermənistan həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından əl çəkmədi və biz məcbur olub tədbirləri gördük, biz onlara xəbərdarlıq etmişdik. Eyni zamanda, avropalı tərəfdaşlarımıza da bildirmişdik ki, əgər biz təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Hesab edirəm ki, o cümlədən ona görə də beynəlxalq aparıcı qüvvələrin reaksiyası bu hadisələrə adekvat olmuşdur. Yəni, bizi heç kim qınamamışdır, heç kim bizi günahlandırmamışdır. Çünki hər kəs görürdü ki, bu, toqquşmaların səbəbkarı biz deyilik.

Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi, eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Hətta Xaçınçay su anbarının təmiri də mümkünsüz idi. Yəni, ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçün. Onlar hesab edirdilər ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt o ərazilərdə hər hansı bir əməliyyat aparmayacaq. Biz bu mifologiyanı da darmadağın etdik. Bu, bizim ərazimizdir və orada ciddi əməliyyat aparmamağımızın səbəbi ondan ibarət deyil ki, kimdənsə qorxuruq, sadəcə olaraq, biz hesab edirik ki, indi istədiyimizə siyasi yollarla nail olmalıyıq. Əfsuslar olsun ki, o, dərs olmadı və Sarıbaba, Qırxqız və digər istiqamətlərdə çox genişmiqyaslı minalama prosesi gedirdi. O minaların hamısı aşkarlandı və 2021-ci ilin Ermənistan istehsalı olan minalar ora necə gəlib çıxdı? Bax, bu suala bu günə qədər Rusiya sülhməramlı qüvvələri cavab verə bilmirlər. Nə cavab verəcəklər? Biz hətta onları da oraya dəvət etdik. Türkiyə-Rusiya Monitorinq Mərkəzinin nümayəndələrini dəvət etdik və göstərdik ki, gəlin baxın, ərazimizə necə keçib, kim daşıyıb, kim buna cavabdehlik daşıyır? Sarıbaba, Buzlux, Qırxqız əməliyyatları, o cümlədən “Qisas” əməliyyatı ona görə idi ki, ermənilər bizim hərbçimizi qətlə yetirmişdilər, şəhidimiz olmuşdu və bir daha gücümüzü göstərməli olduq. Hesab edirdik ki, nəhayət bu, dərs olacaq, yenə də dərs olmadı və sentyabr toqquşmaları qaçılmaz olmuşdu.

Mən indi ümid edirəm ki, bundan sonra belə hallar olmayacaq. Çünki son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Çünki mən bunu demişəm, artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq.

Yenə də demək istəyirəm, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar