Zərdüşt Əlizadə: “Qarabağdakı ermənilər arasındakı təcrübəli adamların hamısı bilir ki, Vardanyanın gələcəyi yoxdur və onu Azərbaycan qəbul etmirsə, deməli, Vardanyan heç kimdir”
“Rusiyanın mövqeyini Xankəndidə Ruben Vardanyan səsləndirir...”
Qarabağ ətrafında gərgin vəziyyət davam edir. Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağın bir-neçə rayonunda qalan erməniləri sakit olmağa, anti-Azərbaycan bəyanatları səsləndirməməyə, Bakının əlinə əlavə səbəblər verməməyə cağırması göstərir ki, İrəvan rəhbərliyi ilə Xankəndi separatçıları arasında müəyyən ziddiyyətlər var. Bunun hansı nəticələr yaradacağı olduqca vacib məsələdir.
Eyni zamanda, Xankəndi şəhərindədəki erməni sepratçıların daxilində də ciddi rəqabət var. Bütün bunlar Bakının əlinə əlavə arqumentlər verir və yeni imkanlar açır.
“AzPolitika.info” bu mövzunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib.
- Zərdüşt bəy, Ruben Vardanyanla Ermənistan rəhbərliyi arasında qarşıdurma olduğunu müşahidə edirik. Sizcə, Qısa müddətdə Xankəndidə nəzarəti əldə edən Vardanyan ilə Baş nazir Nikol Paşinyan arasındakı bu qarşıdurmanın arxasında nə durur?
- Ümumi mənzərə ondan ibarətdir ki, erməni cəmiyyəti uzun illər ona təlqin edilən əsatirdən xilas olmaq istəyir. Bu əsatir ondan ibarətdir ki, bütün dünya ermənilərə borcludur, ermənilər “tarixi torpaqlarını” bərpa etməlidirlər, “Böyük Ermənistan” qurmalıdırlar və s. Qərb, şərq, cənub və şimal da onlara minnətdar olmalıdır ki, onlar “dünyada mədəniyyətin və həqiqətin rəmzidirlər”. Bu fikirlər uzun illər erməni cəmiyyətinə təlqin olunub.
Amma indi həyat elə gətirib ki, bu əsatir dağılmağa başlayır. Ermənistan blokadaya düşdü, Qarabağı özünə qata bilmədi, ölkə dərin iqtisadi və mənəvi tənəzzülə uğradı, əhali seyrəlməyə, Ermənistandan getməyə başladı və Rusiyadan tam asılı vəziyyətə düşdü. 44 günlük müharibədə isə ağır məğlubiyyətə uğradı. Rusiya son anda Qarabağda erməni separatçıların qalmasına nail oldu. Məcbur olduq ki, rus sülhməramlıların orada yerləşməsinə razı olaq. Ermənilər isə həm Qarabağ ətrafında işğal etdikləri yeddi rayondan çıxarılıblar, həm də separatçıların nəzarətində olan keçmiş “dağlıq Qarabağın” 25-30 faizində Azərbaycan dövlətinin suverenliyi təmin olunub. Belə bir şəraitdə erməni cəmiyyəti təbii olaraq, dərin böhran içindədir.
Paşinyan hökuməti isə addım-addım, inadla və ardıcıl olaraq Ermənistanı Rusiyadan qoparmağa çalışır. Bu məsələdə Qərb Paşinyana dəstək verir. Ermənistan cəmiyyətində ruspərəst qüvvələr çox atılıb- düşdü, ancaq parlament seçkilərində cəmi 25 faiz səs qazandı və mitinqlərə əhalini cəlb edə bilmədi. Onların kütləvi etiraz aksiyaları ilə hakimiyyətə gəlmək imkanları yoxdur. Belə bir şəraitdə Rusiya Ermənistanı tam ram edə bilmir. Paşinyan açıq şəkildə deyir ki, KTMT-dən, Avrasiya İttifaqından da çıxa bilərlər, gələcəyimiz Qərblə bağlıdır və biz Azərbaycanla hansısa bir formada dil tapmalıyıq. Paşinyan bunları deyir, lakin Xankəndidə vəziyyət bir qədər fərqlidir.
- Bu fərq özünü nədə göstərir?
- Xankəndidə rus sülhməramlıları var. Üstəlik orada rus kəşfiyyatına bağlı olan erməni əsilli casuslar erməni icmasını nəzarətdə saxlayır. Həmin erməni cəmiyyəti dərin böhran içindədir. Mən onları izləyirəm, şərhlərdə yazırlar ki, biz gələcəyi olmayan cəmiyyətik, necə yaşayacağımızı bilmirik, böyük qüvvələrin əlində oyuncağıq və s.
Qarabağın erməni icmasının liderləri məsələnin nə yerdə olduğunu dərk edərək çalışıblar ki, Azərbaycan tərəfi ilə dil tapsınlar. Əslində Xankəndidəki separatçılar bizdəki korrupsioner məmurlardan ciddi fərqlənmirlər. Onlar da rüşvət alır, erməni icmasını əzir, korrupsiya ilə məşğul olur və s. Prinsipcə onlar Qarabağda erməni məmuru kimi qalıb, erməniləri “çapmaqda” davam etmək üçün Azərbaycan tərəfi ilə danışmağa razıdırlar.
Vitali Balasanyan və digərləri Azərbaycanla münasibətdə düşünürdülər ki, bizi təyin edin Qarabağdakı ermənilərin rəhbəri, büdcədən maliyyə ayırın və görün onu necə həzmdən keçiririk. Amma rus kəşfiyyatı bütün bunları görürdü. Bəli, ruslar onları sıxırdı, təzyiqlər edirdi, sadə erməniləri qorxudurdu. Amma Vitali Balasanyanı qorxutmaq mümkün deyil. O, deyirdi ki, Azərbaycanla danışıram, əcəb edirəm, əhalini saxlamaq istəyirəm və s. Beləcə, ruslar gördülər ki, Qarabağdakı separatçıların başçılarına bel bağlamaq olmaz, bunlar Azərbaycanla dil tapmağa hazırdırlar. Dərhal götürüb Ruben Vardanyanı desant kimi Xankəndinə atdılar. Vardanyan da başdan-ayağa çirkaba bulaşan, zənginliyinə görə Rusiyaya minnətdar olan birisidir. Beləcə, onu Xankəndinə gətirdilər və Araik Arutunyanı məcbur etdilər ki, bu şəxsi “dövlət naziri” qoysun. O da başladı ki, Qarabağ adından mən danışa bilərəm. Beləcə, Qarabağdakı erməni “liderləri” keçdi ikinci plana, onların səsi olmadı.
Siyasi baxımdan Rusiyanın mövqeyini Xankəndidə Ruben Vardanyan səsləndirir. Prezident Əliyev də dedi ki, sən kimsən, biz səni tanımırıq. Nəticədə Vardanyan qaldı asılı vəziyyətdə və özünü Qarabağdakı ermənilərə sırımaq üçün addımlar atmağa başladı. Balasanyanı kənarlaşdırdı, “kabineti” buraxdı, Samvel Babayanı kənara atdı və s. Eləcə də erməni icmasına müəyyən vədlər verməyə başladı - dünyanın varlı ermənilərini yığacam, burada cənnət quracam, iş yerləri, gözəl binalar və s.
Belə bir məqamda Azərbaycan dövlət qurumları rus sülhməramlılardan tələb etdi ki, filiz mədənlərində monitorinq aparmağa şərait yaradılsın. Sülhməramlılar razılaşdı, amma bizim nümayəndələr mədənlərə gedəndə Vardanyan ətrafına adamları toplayaraq guya xalq nümayişi düzəltdi və elan etdi ki, Qarabağın erməni cəmiyyəti mədənlərdə araşdırma aparılmasına razı deyil və buna imkan verməyəcək. Beləliklə, rus kəşfiyyatının Qarabağda erməni kartından və “vətəndaş cəmiyyəti”ndən istifadə etdiyini gördük. Ruslar bizə dedilər ki, sizə razılıq vermişdik. Lakin əvvəla, bizə mandat verməmisiniz, həmçinin də bizim indiki səlahiyyətlərimizdə vətəndaş cəmiyyətinə qarşı çıxmaq imkanı verən maddə yoxdur.
Bizimkilər də rusa dedilər ki, yaxşı, indi biz sənə başqa bir vətəndaş cəmiyyəti göstərərik. Bundan sonra bizim ekofəallar Laçın yolunun Şuşa istiqamətində aksiyaya başladı və bir aydan çoxdur ki, bu aksiya davam edir.
Hazırda Xankəndidə dərin böhran var. Qərbdə bəzi qüvvələr elan edirlər ki, yol açılmalıdır, Qarabağın erməni əhalisi acından ölür və s. Halbuki, Qarabağdakı varlı ermənilər səhər xaş, axşam kabab yeyirlər.
Bununla paralel olaraq, Ermənistanda Rusiyanın onların təhlükəsizliyinə zamin dura bilməməsi açıq deyilir, aksiyalar olur. Erməni mediasında Rusiya və KTMT haqqında “itin sözünü” yazırlar. Paşinyan da açıq şəkildə Rusiyadan üz döndərir.
Xankəndidə isə vəziyyət hələlik qeyri-müəyyəndir. Çünki Vardanyan Qarabağ ermənilərinin müəyyən hissəsinin dəstəyinə, rus sülhməramlı qoşunlarına və bir də Azərbaycanın dözümünə söykənir. Azərbaycan haqlı olaraq zor işlətmək istəmir, bunun bizə xeyri də yoxdur.
- Bəs, bundan sonrakı proseslər necə olacaq?
- Bütün kartlar Azərbaycanın əlindədir. Azərbaycansız nəsə etmək mümkün deyil. Amma bizim də zəif tərəfimiz var. Xüsusilə, insan haqları məsələsində.
- Sizcə, zamanla Qarabağdakı erməni əsilli rus casusları ilə Paşinyan hökuməti arasında münasibətlər necə inkişaf edəcək?
- Düşünürəm ki, Qarabağda qalan erməni separatçılarının “liderləri”nin cəmiyyətdə mövqeyi daha güclüdür. Üstəlik, nəzərə alsaq ki, Azərbaycan onların hamısını olmasa da, müəyyən hissəsini qəbul etməyə hazırdır. Onların Azərbaycanın tərkibində Xankəndidə məmur işləməsini də müzakirə etmək olar. Bu, müsbət məqamdır. Həm də aydındır ki, camaat ağır vəziyyətdə olanda heç kimin keçmişinə baxmırlar. Xankəndidəki erməni cəmiyyəti də yadına salmır ki, bu “liderlər” bizi 30 il əvvəl cəhənnəm oduna salıblar, münaqişə girdabına atıblar, bizə zillət yaşadıblar və s. Əksinə, onlar deyəcəklər ki, bu adamlar Azərbaycanla dil tapırlar, heç olmasa Azərbaycan hökuməti bura gəlsin, bəlkə evimizi yaxşı qiymətə satıb İrəvandan ev ala bilək. Yəni, hamı özünü, balasının gələcəyini düşünür. Əlbəttə, Xankəndidə Asan Xidmət olsa və bir-iki erməni evini yaxşı qiymətə sataraq gedib Ermənistanda özünə ev ala bilsə, inanın ki, Asan Xidmətin qabağında uzun növbələr yaranacaq.
- Vardanyanla Paşinyan arasındakı ziddiyyət hansı ssenari əsasında inkişaf edə bilər?
- Vardanyan hələlik Xankəndidə ikinci və üçüncü dərəcəli yerli erməni “liderlər”lə itələşir və hələlik Paşinyanla üz-üzə gəlmir. Həm də Paşinyanla itələşmək üçün Robert Koçaryan, Serj Sarkisyan var. Amma onlar məğlub olublar. Ruben Vardanyan hələlik çalışır ki, Qarabağ ərazində qalan erməni cəmiyyətində üstün məqam tutsun, “qəhrəmanlıq” göstərsin. Amma heç nə alınmır. Onun leqallaşmasının yeganə yolu Azərbaycan hakimiyyətinin onu tanımasıdır. Azərbaycanınsa mövqeyi bəllidir.
Qarabağdakı ermənilər arasındakı təcrübəli adamların hamısı bilir ki, Vardanyanın gələcəyi yoxdur və onu Azərbaycan qəbul etmirsə, deməli, Vardanyan heç kimdir. Qarabağ erməni icmasının təcrübəli hissəsi bu reallığı anlayır. Amma ermənilərin bisavad kəsimi anlamır ki, Vardanyan heç kimdir, o, heç vaxt 610 milyon dollarını gətirib onlara paylamayacaq.
İkincisi, reallığı bilən yerli erməni “liderlər” nə qədər ki, rus sülhməramlılar var Vardanyanla toqquşmaya getmirlər. Fikirləşirlər ki, görən Azərbaycan nə edəcək, proseslər hansı istiqamətə gedəcək, şərtlər necə olacaq və s. Nəzərə alın ki, siyasi meydanda Azərbaycan da oynayır. Üzük qaşı kimi Azərbaycan ordusunun əhatəsindədirlər. Orada 50 minlik Azərbaycan Ordusu, 5 minlik Ermənistan ordusu, 2 minlik rus sülhməramlısı və 2 minlik də separatçı qoşunları var. Onlar hamısı faktiki Azərbaycanın 50 minlik ordusunun əhatəsindədirlər. Ona görə də ciddi zorakılıq əməllərinə əl atmırlar.
Ruben Vardanyanın başına güllə çaxa bilərlər, amma onlar indi situasiyaya baxırlar. Terror, sui-qəsd onlar üçün qeyri-adi bir şey deyil. Məsələn, Valeri Qriqoryan zamanında Ayaz Mütəllibovla dil tapmaq istəyirdi. 1991-ci ildə Xankəndidən Bakıya nümayəndə heyəti gəldi, onlar Mütəllibovun qəbulunda oldular. Dedilər ki, biz Azərbaycan rəhbərlərini tanıyırıq, seçki keçirib vilayət sovetini yenidən seçərik və s. Amma Xankəndinə qayıdan kimi həmin nümyəndə heyətinə rəhbərlik edən hadrutlu Valeri Qriqoryana küçənin ortasında 17 güllə vurdular. Sonra bir başqası saxtakar qurumun “prezidenti” seçildi, amma Koçaryan onu da güllələdi və özü hakimiyyəti ələ götürdü. Elə Arkadi Qukasyanın özünü də partlatdılar, amma möcüzə nəticəsində sağ qaldı. Əvəzində Samvel Babayan həbs olundu. Orada kimisə öldürmək, aradan götürmək adi şeyir. Amma indi 5 min Ermənistan, 2 min rus və 50 min Azərbaycan qoşunlarının olduğu şəraitdə kimsə risk edib qəti hərəkətə keçməz.
- Bütün hallarda son nəticə danışıqlara bağlıdır. Amma dekabrın əvvəllərindən danışıqlar dayanıb...
- Mən, sizin kimi düşünmürəm, hesab edirəm ki, danışıqlar dayanmayıb, proses gedir. Moskva vasitəsilə, Brüssel xətti ilə kontaktlar var. Amerika da çalışır ki, danışıqlarda əsas rolu özü oynasın. Üzdə danışıqlar getməsə də, arxada proses var. Tərəflər arasında birbaşa əlaqələr də olmamış deyil. Yaxşı haldır ki, danışıqlar gedir, tərəflər bir-birinin mövqeyini öyrənir, uzlaşdırır, ortaq məxrəci tapmağa çalışır. Əslində, bütün bunlar çox müsbət haldır.
Rasim Əliyev
“AzPolitika.info”