“Hərbi gərinliyin bu dəfə Qarabağda olması ehtimalı artır...Mövcud vəziyyət Azərbaycan üçün ideala yaxın sayıla bilər”
Qarabağ ətrafında baş verən hadisələr və indiki situasiya bəzən belə bir təsəvvür yaradır ki, Xankəndidəki sparatçı rejimi ortada qalıb, sahib çıxan yoxdur.
“AzPolitika.info” xəbər verir ki, bunu təhlükəsizliksahəsi üzrə ekspert İlham İsmayıl Xankəndi ətrafında yaranmış durumu dəyərləndirərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qarabağa dair iddialarından əl çəkdiyini rəsmən elan edib: “Rusiya Ukraynada elə bir cəhənnəm içindədir ki, Qarabağa istədiyi diqqəti ayıra bilmir. Nikol Paşinyanın Rusiyanı hədəfə alan bəyanatlarına Kremlin Zaxarova səviyyəsində etirazının kifayət dərəcədə sərt olmasına baxmayaraq, reallıq kontekstində rəsmi İrəvanı bir o qədər də narahat etmir”.
Ekspert xatırladır ki, Ermənistan üç aydır ki, Rusiyaya qarşı bir-birinin ardınca kəskin mövqe nümayiş etdirir. Onun sözlərinə görə, həm Ermənistanda, həm Xankəndidə cəmiyyət də, siyasilər də bir neçə yerə parçalanıb və qarşılıqlı ittihamlar baş alıb gedir.
“Xankəndidəki qarşıdurma o həddə çatıb ki, qondarma “parlamentin” separatçı “sədri” Tovmasyan növbədənkənar “prezident” və “parlament seçkilərinin” keçirilməsi ideyasını irəli sürüb və özünün “namizəd” olacağını da tamamilə mümkün sayıb. Araik Arutyunyan qeyri-rəsmi olaraq “istefa verəcəyini” deyib və qəribə olsa da Vardanyan “seçkilərə” qarşı çıxıb. Laçın yolundakı vəziyyətlə əlaqədar Azərbaycana ünvanlanan beynəlxalq çağırışlar “növbətçi narahatlıq arayışını” xatırladır və ermənilərin umduğu təzyiq rolunu oynamır. Xankəndi Vardanyanın “tvit”ləri, müsahibələri ilə yaşayır, amma təskinlik yaratmır”, - politoloq vurğulayıb.
İlham İsmayıl hesab edir ki, mövcud vəziyyət Azərbaycan üçün ideala yaxın sayıla bilər. O, daha sonra hazırki situasiyanın yaxın perspektivdə hansı imkanlar yaradacağını dəyərləndirib: “Ermənistan-Rusiya münasibətlərinin korlandığı bir vaxtda Rusiyanın reaksiyası ənənəvi təsir bağışlamır. Fərrux dağında baş verən məlum hadisədən sonra Rusiya Dövlət Dumasının üzvü Delyagin Bakıya atom bombası atmağın zərurliyini bildirmişdi. Sonra da bir çox siyasilər Bakını hədələməkdən çəkinmədilər. Fərrux hadisəsi ilə müqayisədə Ermənistanın Rusiyaya demarşları strateji xarakter daşıyır və Qərbə yaxınlaşmanın vacib mərhələsi hesab etmək olar. Rusiya isə hələ susur. Rusiya Ermənistana təsir etmək üçün hansı yolu seçə bilər? Moskva Ermənistan qarşısında “günah yuyacaq”, yoxsa “günahkarı” cəzalandıracaq?
Ukrayna müharibəsi Rusiyanın diqqətini Cənubi Qafqazdan azaldıb, amma, tamam yaddan çıxarmayıb. Ermənistanın KTMT -dən uzaqlaşma yolunda olduğu açıq görünsə də, Kremlin son üç ayda Ermənistana münasibətində heç bir sərtlik müşahidə olunmur, hətta Rusiya mətbuatının reaksiyası demək olar ki, yox kimidir. Əksinə, Ermənistandakı ənənəvi rusiyayönümlü qüvvələr, onların mediası Paşinyan hakimiyyətini daha çox tənqid edir. Moskva “günah” yumağa daha meyillidir, nəinki günahkarı cəzalandırmağa. Rusiyadan Qarabağ siyasətində yeni, fərqli bir xətt hiss olunmur, hətta iki ölkə arsında danışıqların əsas vasitəçisi olmasına baxmayaraq, sülh müqaviləsinin imzalanmasını yenə də uzadacağı görünür”.
Bəs, Rusiya yaxın günlərə hansı addımlar ata bilər ki, Ermənistanın ən azı yolla bağlı “ittihamlarını” neytrallaşdıra bilsin?
İlham İsmayıl bildirir ki, Laçın yolu böhranının necə həll edilməsi Rusiya üçün ən yaxın hədəfdir. Onun sözlərinə görə, Laçın yolu Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq kimi iki il uğursuz cəhdlər seriyasından sayılmır: “Burada Rusiya Azərbaycanla qarşılaşacaq. Zatən, Qarabağda qarşı- qarşıya Azərbaycan və Rusiya dayanıb və bundan sonra da davam edəcək”.
Rusiya Azərbaycana nə təklif edə bilər?
Ekspert müxtəlif variantların ola biləcəyini qeyd edib: “Birincisi, Moskva Azərbaycanın şərtini qəbul edib Rusiya sülhməramlılarının müşayəti ilə Azərbaycan nümayəndə heyətinin mədənlərdə monitorinq keçirməsini təşkil edir.
İkinci variant dövlət sərhədində Azərbaycan sərhəd nəzarət buraxılış məntəqəsinin yaranması və Rusiya sülhməramlıları ilə birlikdə yüklərin və şəxslərin giriş-çıxışına nəzarətin həyata keçirilməsidir. Zəngəzur dəhlizinin açılması yaxın perspektivdə real olmadığı üçün Laçın yolu probleminin həlli variantı sırasından çıxır.
Azərbaycan üçün birinci variant keçici uğur sayıla bilər, lakin strateji əhəmiyyəti çox azdır. Sərhəd nəzarətinin yaranması isə böhranın ən uğurlu həll yoludur və Rusiyanın həm Azərbaycan, həm də Ermənistan qarşısında etimadsızlığına bir yumşaqlıq gətirə bilər. Ermənistan bu varianta ona görə etiraz etməyəcək ki, Paşinyan onsuz da problemi Qarabağ ermənilərinin və Rusiyanın üzərinə atıb”.
İ.İsmayılın sözlərinə görə, Laçın yolu ilk mərhələdir. Onun sözlərinə görə, Azərbaycan keçmiş Qarabağın ermənilər yaşayan ərazilərində etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların doğma yurdlarına qaytarılması məsələsini növbəti və təxirəsalınmaz mərhələ olaraq artıq gündəmə gətirməlidir.
“Bu məsələ yalnız Rusiya qarşısında deyil, dünyaya bəyan edilməlidir ki, bu gün ermənilərin yalançı “etnik təmizləmə” təbliğatının əsası yoxdur, amma 30 ildən çox ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış 50 mindən çox azərbaycanlı qaçqın bu gün “humanitar fəlakət”, “genosid” deyən ermənilərin siyasətinin qurbanıdır. 10 Noyabr bəyanatında da qaçqınların geri qaytarılması razılaşdırılıb və BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının müşayəti ilə həyata keçirilməsi nəzərdə tutulur” - deyə, ekspert qeyd edib.
Yaxın zaman üçün həlli vacib görünən bu variantlara yol açılmazsa nələr baş verə bilər? Dinc yol hərbi müstəviyə keçə bilərmi?
İlham İsmayıl bildirir ki, gərginlik istisna edilmir və bu dəfə artıq hərbi qarşıdurmanın Ermənistan-Azərbaycan dövlət sərhədində deyil, birbaşa Qarabağda olacağı ehtimalı getdikcə artır. Onun sözlərinə görə, Ukraynada gedən müharibənin ağır bir dövründə Cənubi Qafqazda döyüşlərin başlaması Rusiyanın maraqlarına heç uyğun deyil.
“Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalanmasının ildönümü ərəfəsində Azərbaycan siyasəti çevik olmalı, təşəbbüs Bakıdan başlamalı, hadisələrin arxasınca deyil, önündə getməliyik”, - təhlilçi vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”