Əliyev enerji qaynaqlı iqtisadi güc mərkəzi yaradır: Paşinyan isə “bəslənən ölkə” modelinin girovudur

17-01-2023, 18:44   


Rəsmi Bakı Azərbaycanın iqtisadi inkişaf üzrə dünyanın aparıcı ölkələri sırasına qatılması istiqamətində strateji planların icrasına başlayıb, Ermənistanla fərq sürətlə açılır... Rəsmi İrəvan isə Ermənistanın inkişaf perspektivlərinin önünü qapayan problemlərin həlli barədə düşünmək istəmir, əksinə, Azərbaycan və Türkiyə ilə ziddiyyətləri daha da dərinləşdirərək, ölkənin blokada vəziyyətini qoruyub saxlayır...

Ermənistan xarici siyasətdə “şikayət və böhtan” kursunu davam etdirir. Rəsmi İrəvan bütün fəaliyyətini Azərbaycan əleyhinə beynəlxalq təzyiq kampaniyasının reallaşdırılması cəhdləri üzərində qurmağa çalışır. Halbuki, Ermənistanın bu istiqamətdə hansısa uğurlaq qazana bildiyini iddia etmək qətiyyən mümkün deyil.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin ən böyük problemlərindən biri də Ermənistanın gələcək inkişaf perspektivləri barədə dəqiq plan və proqrama malik olmaması ilə bağlıdır. Belə ki, rəsmi İrəvan Ermənistanın bütün ehtiyaclarının məhz himayədar ölkələr tərəfindən təmin edlə biləcəyinə ümid bəsləməkdə davam edir. Hətta 44 günlük savaşda darmadağın edilmiş Ermənistan ordusu son iki il ərzində bərpa edilməyib, yenidən qurulmayıb.

Ancaq buna baxmayaraq, rəsmi İrəvan Cənubi Qafqazda hərbi-siyasi təxribat törətməkdə də israrlı davranır. Halbuki, törətdiyi hərbi-siyasi təxribatların ağır nəticələrinə tab gətirmək və müqavinət göstərmək üçün daxili resursları olmayan Ermənistan yenə də xarici himayədarlarının verəcəyi dəstəyə ümid bəsləyir. Ermənistanın əsas beynəlxalq himayədarı olan rəsmi Parisin “Fransa beynəlxalq hüquqa tabedir və Dağlıq Qarabağın müstəqilliyini tanımır”, eləcə də, “Azərbaycana qarşı sanksiya tərbiq etmək niyyətimiz yoxdur, bütün mübahisəli məsələlər siyasi dialoq yolu ilə həll edilməlidir” mesajından sonra xarici dəstək ümidlərinin mənasız olduğu da inkaredilməz reallıqdır.

Təbii ki, rəsmi İrəvan Fransanın Ermənistan üçün bu məyusedici mövqeyindən narazı olsa da, hər halda, müəyyən nəticələr də çıxara bilər. Ancaq bu, hələlik müşahidə olunmur. Əksinə, Paşinyan hakimiyyəti Ermənistanın təhlükəsizlik maraqlarını təmin etmək istiqamətində daha praqmatik addımlar atmaq, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq əvəsinə, yenə də xarici dəstəklə müdafiə olunmağa çalışır. Və bu məsələdə hazırda rəsmi İrəvan əsas ümidlərini Avropa Birliyinə bağlamış kimi görünür.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Avropa Birliyinin müşahidə missiyasının Ermənistana göndəriləcəyi təqdirdə, ölkənin təhlükəsizlik hədəflərinin təmin edilə biləcəyini düşünür. Hazırda Avropa Birliyinin Ermənistana yeni müşahidə missiyası göndərməyi planlaşdırdığı barədə müəyyən məlumatlar mövcuddur. İddialara görə, Avropa Birliyinin yeni müşahidə missiyası bu dəfə iki illik müddətdə fəaliyyət göstərəcək. Üstəlik, bu missiyada təmsil olunacaq Qərb mütəxəssisləri yalnız Azərbaycanla sərhəd bölgəsində deyil, bütün Ermənistan ərazisində yerləşdiriləcək.

Böyük ehtimalla Paşinyan hakimiyyəti Avropa Birliyinin ölkədə olacağı iki il ərzində Ermənistanın təhlükəsizliyinin keçilməz olacağına əmindir. Ancaq rəsmi İrəvan hərbi-siyasi təxribatlarını davam etdirərsə, bunun nəticələrindən Avropa Birliyinin Ermənistanı necə müdafiə edəcəyi məlum deyil. Çünki Avropa Birliyi Ermənistana ordu deyil, cəmisi 200 nəfərə yaxın müşahidəçi göndərəcək. Onların işi sadəcə, müşahidə etməkdir. Avropa Birliyi 44 günlük savaşı da sadəcə, müşahidə etmişdi. Həmin müşahidənin Brüsseldən və ya Ermənistan ərazisindən edilməsi isə demək olar ki, heç nəyi dəyişmir.

Digər tərəfdən, Avropa Birliyinin Ermənistana müşahidə missiyası göndərməsi rəsmi İrəvana yeni problemlər də yarada bilər. Belə ki, Kreml Ermənistan ərazisini Rusiyanın geopolitik təsir zonası hesab edir. Ermənistanda Rusiyanın hərbi bazası və sərhəd qoşunları mövcuddur. Kremlə yaxın siyasi dairələr artıq indidən vurğulayırlar ki, Ermənistana göndəriləcək və ölkənin bütün ərazisinə yayılacaq Avropa Birliyinin müşahidə missiyasının tərkibi əsasən Qərb kəşfiyyatçıları hesabına formalaşdırılacaq. Və bu, Rusiyanin Ermənistanda hərbi-siyasi, eləcə də maliyyə-iqtisadi mövcudluğu barədə məlumatların toplanması məqsədi güdə bilər.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistanın iqtisadi inkişaf perspektivləri barədə düşünmək niyyətindən uzaqdır. Əksinə, rəsmi İrəvan Ermənistanın problemlərinin həllini Qərb siyasi dairələrinin üzərinə yükləmək cəhdləri ilə ölkə üçün yeni hərbi-siyasi təhlükə qanaqları yaradır. Belə vəziyyətdə Ermənistanın Azərbaycanla qarşıdurmanın sarsıdıcı nəticələrindən yayına biləcəyi qətiyyən inandırıcı görünmür.

Məsələ ondadır ki, rəsmi Bakı bir tərəfdən, Azərbaycan ordusunu gücləndirir, ölkənin hərbi potensialını ən yüksək həddə çatdırır. Yəni, Ermənistandan fərqli olaraq, Azərbaycan milli təhlükəsizlik maraqlarının məhz öz daxili hərbi-siyasi resursları hesabına təmin edir. Və bu, Ermənistan kimi başqalarına ümid bəsləməkdən fərqli olaraq, daha praqmatik, daha etibarlı variantdır.

Digər tərəfdən, rəsmi Bakı Azərbaycanın iqtisadi inkişaf perspektivlərini reallaşdırmaqla, ölkənin maliyyə-iqtisadi potensialını daha da gücləndirməklə məşğuldur. Azərbaycan son illərdə dünyanın bir çox ölkələri ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa nail olub. Rəsmi Bakının planlı fəaliyyəti Azərbaycanın Avropa Birliyi üçün enerji təhlükəziliyi üzrə etibarlı tərəfdaşa çevrilməsinə imkan yaradıb. İndi Azərbaycan Avropa ölkələrinə yalnız neft və təbii qaz deyil, hətta elektrik enerjisi ixrac etməyə başlayıb. Və bu, Azərbaycanın beynəlxalq məkanda mövqelərinin daha da möhkəmlənməsini təmin edən önəmli faktordur.

Ancaq rəsmi Bakı yalnız bu uğurlarla kifayətlənmək niyyətində deyil. İndi Prezident İlham Əliyev dünyanın fərqli regionlarında strateji iqtisadi əməkdaşlıq münasibətlərinin qurulmasına da xüsusi önəm verir. Azərbaycan liderinin Birləşmiş Ərəb Əmirliklərinə son səfəri və bu ərəb ölkəsi ilə ikitərəfli əməkdaşlığı gücləndirməsi strateji əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın əsas iqtisadi inkişaf göstəricilərinə diqqəti çəkməsi əksər dünya ölkələri üçün cəlbedici xarakter daşıyır. Dövlət başçısı bildirib ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Və hazırda Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.

Digər tərfədən, Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, onun sayəsində ölkənin ixrac potensialı şaxələndiriləcək. Cəmisi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub.

Azərbaycan lideri onu da xatırladıb ki, indi ölkənin təbii qaz ixracı artır. Bu, 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq, artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları isə yalnız ölkənin öz enerji təhlükəsizliyi ilə bağlı deyil: “Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır”.

Eyni zamanda, Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir, Azərbaycan neft və qaz sektoruna böyük sərmayələr cəlb edib, indi isə əsas hədəflərdən biri də bərpaolunan enerjidir. Bu isə o deməkdir ki, rəsmi Bakının əldə olunan uğurlu nəticələrlə kifayətlənmək kimi bir niyyəti yoxdur. Əksinə, rəsmi Bakı Azərbaycanın iqtisadi inkişaf üzrə dünyanın aparıcı ölkələri sırasına qatılması istiqamətində strateji planların reallaşdırılmasına da başlayıb.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan və Ermənistan arasında nə qədər böyük fərqlərin olduğunu müəyyən etmək çətin deyil. Çünki rəsmi Bakı heç kimdən yardım və ya dəstək gözləmir. Əksinə, ikitərəfli faydalı iqtisadi əməkdaşlıqlarla Azərbaycanın strateji tərəfdaşlarının sırasını genişləndirir. Bu, həm Azərbaycanın daha da güclənməsinə, həm bir çox dünya ölkəsi üçün önəmli tərəfdaşa çevrilməsinə, həm də rəsmi Bakının beynəlxalq məkanda mövqeyinin möhkəmlənməsinə yol açır.

Ermənistan isə belə inkişaf imkanlarından çox-çox uzaqdır. Çünki rəsmi İrəvan Ermənistanın inkişaf perspektivlərinin önünü aça biləcək problemlərin həlli barədə düşünmək istəmir. Əksinə, Azərbaycan və Türkiyə ilə ziddiyyətləri, problemləri daha da dərinləşdirərək, Ermənistanın blokada vəziyyətini qoruyub saxlayır. Belə vəziyyətdə isə Ermənistanın iflas təhlükəsindən xilas olma şansı o qədər də cəlbedici görünmür. Hər halda, rəsmi İrəvanın yalnız xarici himayədar axtarışı, “bəslənən ölkə” modelinə üstünlük verməsi Ermənistana belə imkanlar vəd etmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar