Türk lirəsi dalğalanma mövqeyini davam etdirir. Bəs lirənin sürətlə ucuzlaşması gözləniləndirmi?
Akdeniz Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin professoru Mustafa Yıldıran Musavat.com-a bildirib ki, türk lirəsi ötən il 2021-ci ilə nisbətən yaxşı performans göstərdi:
"Xüsusilə ilk yarımildə yüksək ixracat göstəricisi, dolların sabitləşməsi və valyutada olan qorunan əmanətlər qərarının uğurlu olması kimi faktorlar sayəsində lirə sabit bir dönəm keçirdi. İlin ikinci yarısından etibarən Rusiya-Ukrayna müharibəsi fonunda dünya iqtisadiyyatında durğunluğun artması, Avropa bazarlarında durğunluq, enerji qiymətlərinin artması səbəbilə lirənin dəyərində dəyişiklik olmadı. Lirə illik performansında dollar və avro qarşısında da dəyər itirməyib. Bu, qəbul olunan iqtisadi qərarlarla, bank sistemində aparılan nizamlanma ilə bağlıdır ki, nəticədə lirəyə tələbat yüksək şəkildə qaldı.
Türk lirəsinin hazırkı durumunu dəyərləndirmək üçün daxili və xarici bazarlardakı inkişafa baxmaq lazımdır. Prezident seçkilərinə 5 aya yaxın vaxt qalıb. Bu müddət içərisində lirənin dəyərinin sürətlə dəyişəcəyi gözlənilmir. Amma investorların qərarları burada önəmli rol oynayacaq. Ötən il əsas göstəricilərdən biri fond bazarının performansı idi, investorlar kifayət qədər qazandılar. Bu, türk lirəsini dəstəkləyən bir faktordur. 2023-cü əvvəlindən lirədə dalğalanmalar var. Birja seçkilərlə bağlı yeni mövqe aldığı zaman investorların qazancının azalacağı gözləniləndir. Türkiyədə depozit faizləri inflyasiya altında qaldığı üçün investorlar pullarını lirə üzərindən banklara yatırmaqda tərəddüd edirlər. Dolayısı ilə burada alternativ investisiya aləti qızıl olacaq. Bu isə Federal Ehtiyat Sisteminin faiz qərarından asılıdır. Türkiyədə ilin birinci yarısında qızıla maraq artacaq".
Mustafa Yıldıranın sözlərinə görə, son 2 aydır valyutada olan qorunan əmanətlərdə bir ərimə var:
"Amma bu, tam deyil. Valyutada olan qorunan əmanətlərdə gəlirlər azaldıqca, biz insanların fərqli investisiya alətlərinə üz tutduğunu görürük. Hökumət bu istiqamətdə tənzimləmə siyasəti aparır. Bu cür siyasət son 1 ildir öz effektini verir. Amma seçkilərin yaxınlaşması, əmək haqlarının artımı, kredit genişləndirilməsi bu siyasətdə müəyyən çətinliklər yarada bilər. Dolayısı ilə insanlar qızıl və xarici valyuta kimi alternativ alətlərə yönələ bilər.
İlk 6 ay üçün lirənin sürətlə ucuzlaşması proqnozlaşdırılmır. Lirənin enişi daxili və xarici səbəblərə bağlıdır. Büdcə kəsiri artmazsa, xarici ticarət kəsirindəki artım dayanarsa və valyutaya ani hücumlar olmazsa türk lirəsinin dəyəri ani şəkildə dəyişməyəcək. Seçkilərin sonuna qədər bu tip dəyişiklik gözlənilmir. Ancaq Federal Ehtiyat Sisteminin faiz qərarı lirə üzərində basqı edəcək. Əsas məsələlərdən biri də inflyasiyanın sürətidir. Əgər inflyasiyanın sürəti yavaşlamazsa, ilin ikinci yarısından lirənin dəyər itirməsi arta bilər. Dünya iqtisadiyyatındakı durum da çox önəmlidir. Çünki Türkiyənin ən önəmli bazarı Avropa İttifaqı bazarıdır. Orada hər hansı bir durğunluq lirəyə mütləq təsir edəcək".
Musavat.com