Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Dünya gözəli”ni necə seçirlər? - İntim qalmaqal, rüşvət və qorxunc iddialar

22-01-2023, 14:01   


“Dünya gözəli”ni necə seçirlər? - İntim qalmaqal, rüşvət və qorxunc iddialar


Yanvarın 14-də Filippin əsilli 28 yaşlı amerikalı R'Bonni Qabrielle "Kainat gözəli 2022" titulunu qazandı.

Münsiflər Heyətinin nəticələri dərhal sorğulandı, müzakirələrə səbəb oldu. Təşkilatçılar nəticələrin saxtalaşdırılması ilə bağlı ittihamları dərhal təkzib etdilər, lakin “Kainat gözli”nin  pis reputasiyası onların bu təkzibini kölgədə qoydu.

Çirkli oyun

Qələbədən narazı olan amerikalılar internetdə və televiziyada müsabiqənin finalının yayımı zamanı dərhal peyda olublar. Tənqidçilər o qədər çox idi ki, ingiliscə “yalan” və “oyun” sözləri “Twitter” trendlərinə girdi. Yarışmanın əleyhdarlarına hətta Venesuela Prezidenti Nikolas Maduro da qoşulub. O bildirib ki, ikinci yeri tutan venesuelalı Amanda Dudamelin qələbəsi oğurlanıb.

Artıq aylardır R'Bonni Qabrielleni qalmaqallar narahat edir. O, “ABŞ gözəli- 2022” milli müsabiqəsinin qalibi olanda da rəqibləri onu təbrik etməyib, hətta meydan oxuyaraq səhnəni tərk ediblər. Tezliklə bir neçə finalçı onun qələbəsi ilə bağlı qərarın əvvəlcədən verildiyini söylədi. Onların sözlərinə görə, Qabrielle yarışın işçi heyəti və rəhbərliyi ilə daim ünsiyyətdə olub, beləliklə də digər iştirakçılarda olmayan üstünlüklər əldə edib.

Qabriellenin ən məşhur rəqibi "Montana gözəli" Hizer Li O'Keel bunu “ABŞ gözəli”nın mühüm sponsorlardan biriylə olan əlaqələrlə izah etdi. Bundan əlavə, Qabriellenin kostyum müsabiqəsini qiymətləndirən münsiflər heyəti üzvlərindən biri ilə şəxsən tanış olduğu ortaya çıxdı.

“Kainat gözəli” və “ABŞ gözəli” yarışmalarına ev sahibliyi edən “Miss Universe” təşkilatı araşdırma aparacağına söz verdi və Amerika yarışmasının prezidentinin fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Şirkətin baş icraçı direktoru Emi Emmerixin sözlərinə görə, “ABŞ gözəli- 2022”-nin nəticələri müstəqil təşkilat tərəfindən yoxlanılıb və heç bir saxtakarlıq aşkar edilməyib. 

Onun fikrincə, “Kainat gözəli- 2022”-nin nəticələrinin düzgünlüyünə şübhə etmək tamamilə absurddur, çünki müsabiqə ABŞ-ın ən böyük audit şirkətlərindən birinin nəzarəti altında keçirilib.

Qalmaqallar və gizli sövdələşmələr

“Kainat gözəli” müsabiqəsi çoxdan məşhurdur. Həm onun iştirakçıları, həm qalibləri, həm də təşkilatçılar bəzən şübhəli, qalmaqallı hekayələrlə gündəmə gəlirlər.  Məsələn, 1974-cü ildə mükafatlandırmaq üçün sadəcə heç kim tapmamışdılar, qalib müqaviləni pozduğuna görə uzaqlaşdırılmışdı, ikinci yerin qalibinin gizli usagı tapılmışdı. Bu, o hadisədən əvvəl və sonra heç kimin qarşılaşmadığı unikal bir vəziyyət idi.

2001-ci ildə kimsə Fransa nümayəndəsinin transgender olması ilə bağlı şayiə yaymışdı. İştirak etmək hüququnu itirməmək üçün o, doğum haqqında şəhadətnaməni ictimaiyyət qarşısında göstərməli idi. 

2007-ci ildə mərasim zamanı kimsə “Puerto Riko gözəli”nin paltarına və kosmetikasına bibər qazı vurmuşdu. O, səhnədə dayanaraq göz yaşı tökürdü, sonra səhnə arxasına keçəndə isə dərisinin səpgi ilə örtüldüyünü görmüşdü.

2002-ci ildə "Kainat gözəli" müsabiqəsini qazanan ilk və yeganə Rusiya nümayəndəsi olan Peterburq polisi Oksana Fedorova cəmi dörd aydan sonra titulunu itirdi. Rəsmi olaraq, onun vəzifələrini yerinə yetirməkdən imtina etdiyi və “ABŞ-ın gənc gözəli” müsabiqəsinin mükafatladırma mərasiminə getmədiyi üçün cəzalandırıldığı iddia edildi. Şayiələrə görə, əslində səbəb başqa idi: təşkilatçılar onun gizli şəkildə toy etdiyini öyrənmişdilər. “The New York Post” qəzeti anonim mənbəyə istinad edərək, qızın yeddi kiloqram çəki aldığını və çox güman ki, hamilə olduğunu iddia etdi.

Gözəli “bitirən” intim sual

Fedorova özü də bir neçə dəfə açıqlama ilə çıxış etdi.  Xüsusilə, onun uzaqlaşdırılması sözügedən müsabiqənin sahibi, ABŞ-ın gələcək prezidenti Donald Trampın təklifi ilə radio aparıcısı Hovard Sternə  verdiyi müsahibə ilə əlaqələndirilirdi. O, hansı cinsiyyət orqanına üstünlük verdiyi, nəyi və harada təraş etdiyi, qaradərililərlə (tərcüməçi məhz bu ifadəni işlətmişdi və studiyada olanlar ciddi etiraz etmişdilər) seksə münasibəti ilə bağlı sualları canlı cavablandırmalı olub. Müsahibənin əhəmiyyətli bir hissəsi təyyarə qəzasından sonra dağlarda ilişib qalacağı təqdirdə meyitləri yeyib-yeyməyəcəyinə həsr olunmuşdu. "Mən səbr edərdim",- deyə qız utanaraq suala cavab vermişdi.

Daha sonra Fedorova təkid edirdi ki, vətənə qayıtmaq və Daxili İşlər Nazirliyinin Universitetini bitirmək üçün özü bu tituldan imtina edib. Ancaq nədənsə 2022-ci ildə Trampın bundan xəbər tutaraq ona dediyini bəzi sözləri “xatırlayıb”: “Başa düşürsən ki, bir çox qızlar bu tacı xəyal edir? Sən başqasının yerini tutmusan!"  O iddia edirdi ki, Trampdan bu sözləri eşitdikdən sonra tualetdə ondan gizlənməli oldu. Ancaq gənc qızın bu sözləri niyə məhz 2022-ci ildə xatırladığı da maraq doğurur.

“Bu söhbətdən sonra mən məsləhət üçün anama və dostlarıma zəng etmək üçün tualetə getməyi xahiş etdim. Bütün yoldaşların bir səslə qışqırdılar: “Sən ağlını itirmisən? Geri qayıtmağa cəsarət etmə!" Anam isə müdrik qadın kimi cavab verdi ki, qərarı özüm verməliyəm. Bir saatdan sonra artıq qapını çəkirdilər, mən sakitləşməli və bir növ həll yolu ilə tualetdən çıxmalı oldum”,- deyə o xatırlayırdı.

Beləliklə tac ikinci yerin sahibinə - panamalı model Justin Pasekə verildi və Fedorova Rusiyaya qayıtdı. Bundan sonra  "Gecəniz xeyrə qalsın, uşaqlar!" televiziya proqramının aparıcılığına başladı. Rusiya mətbuatı oxuculara təsəlli verməyə başladı ki, Pasek də tamamilə onlara yad deyil. Latın Amerikası köklərinə baxmayaraq, o, SSRİ-də anadan olub.

Tramp çılpaq qızları özü seçirmiş

1996-cı ildən bəri “Kainat gözəli”  və “ABŞ gözəli” müsabiqələri Donald Trampa məxsusdur. Rəsmi olaraq qalibləri münsiflər heyəti seçsə də, əslində heç kim onun şəxsi razılığı olmadan tacı almayıb. “Kainat gözəli”nin əməkdaşları öz aralarında bu proseduru “Tramp qaydası” adlandırırlar.

2009-cu ildə “TMZ” Trampın səhnə arxasında gizli şəkildə yazılmış sözlərinin səs yazısını yaydı. O iddia edirdi ki, əvvəllər, yəni müdaxilə etmədiyi zamanlar ən gözəllər müsabiqədən daha tez ələnirdilər. Ona görə də onun fikrincə, hər şeyə özü qərar verməli olub. Əslində, şahidlərin sözlərinə görə, iştirakçılar "yanlış" dəri rənginə görə və ya Trampın təkliflərini rədd etdikləri üçün kənarlaşdırılırdılar. Tramp gücündən həzz alırdı və çılpaq qızlara baxmaq üçün xəbərsiz soyunma otaqlarına daxil olurdu. Bunu təkcə bədxahlar demirdi, müsahibələrin birində Trampın qızı İvanka da bunu təsdiqləyib.

“Bizə dedilər ki, səhnəyə çimərlik paltarından daha yaxşı örtməyən paltarlarda düzülək. Donald Tramp öz yoldaşı ilə gəldi və bizi qoşunu təftiş edən generaldan daha yaxından öyrənməyə başladı. Hər qızın qabağında dayandı, onu başdan-ayağa yoxladı və “Hmm” dedi”,- deyə "ABŞ gözəli 2009"un iştirakçısı Kerri Predcin bildirmişdi.

“Seks olmadan heç nəyə ümid etmə”

Oxşar sistem yarışmanın bütün səviyyələrində işləyirdi. 2013-cü ildə “Jezebel “bir araşdırma dərc etdi. Orada bildirilirdi ki, təşkilatçılar müsabiqə iştirakçılarına seks olmadan nəyəsə ümid etməyin mümkünsüz olduğuna dair işarə vururdular. Yazının qəhrəmanlarından biri bildirib ki, müsabiqə təşkilatşılarından biri “Starbucks”-un qarşısındakı dayanacaqda ondan oral seks tələb edib. O, imtina edib və polisə gedib, lakin heç bir nəticə əldə etməyib. Kişi jurnalistlərə bu mövzuda qızla həqiqətən danışdığını, lakin oral seks tələbi etdikdə özünü nəzərdə tutmadığını təsdiqləyib.

Fedorovanın qələbəsindən sonra onun tacı rüşvətlə alması barədə şayiələr yayılıb. 2002-ci ildə «Коммерсантъ Деньги» jurnalının sorğusunda  iştirak edən ekspertlər beynəlxalq müsabiqənin həqiqətən də mükafatların alqı-satqı yolu ilə verdiyinə şübhələrini ifadə etdilər. “Red Stars” model agentliyinin prezidenti Vitali Leyba "Burada mümkün rüşvətin ünvanını müəyyən etmək çox çətindir",- dedi: “Demək olar ki, Trampa rüşvət verilib və ya Trampın təmsil olunduğu Birləşmiş Ştatlar yarışmada öz nümayəndəsini həvəsləndirərək Rusiyaya rüşvət təklif edib”.

Yeni dövran başlayır

2015-ci ildə Trampın seçki kampaniyası zamanı təhqiredici ifadələri üzündən telekanallar “Kainat gözəli”nin təşkilatçıları ilə müqavilələri ləğv etməyə başladılar. ABŞ-ın gələcək prezidenti yarışmaları təcili satmalı oldu və 2022-ci ildə onlar yenidən əl dəyişdilər. Bu dəfə müsabiqələri transgender qadın Cakkaponq Cakradcutatipə məxsus Tayland şirkəti “JKN Global Group” aldı.

Yeni sahiblər deyirlər ki, indi "Kainat gözəli" üçün başqa dövran başlayacaq. Bununla belə, "Rusiya gözəli" Anna Linnikova dəyişikliklərin əhəmiyyətli olacağına şübhə edir.

Müsabiqənin sahibi və rəhbərlikdəki bir neçə nəfər dəyişib, amma bütün komanda köhnədir. Onlar onilliklərdir ki, bu müsabiqəni keçirirlər.

Linnikova etiraf edib ki, təşkilatçıların qərəzliliyi və tərəfdarlığı ilə bağlı şayiələr var. Buna baxmayaraq, o, amerikalı gözəlin qalibiyyətə layiq olduğuna şübhə etmir: “ABŞ-dan olan bir iştirakçı ilə söhbət etmək şansım oldu, o, çox ağıllı, mehriban və pozitivdir. Əminəm ki, o, “Kainat gözəli”nin vəzifələrinin öhdəsindən gələcək”. 

Oxşar fikri oktyabr ayında Qabriellenin “ABŞ gözəli” müsabiqəsinin sponsoru ilə əlaqələrini ifşa edən “Montana gözəli” Hizer Li də bölüşür. O da qalibi qınamır və bütün günahı iştirakçıların arxasında hər şeyi razılaşdıran təşkilatçılar və sponsorların üzərinə qoyur.
Dünya isə hələ də bu müsabiqələri maraqla izləyir və bu qədər gözəli bir arada görməkdən məmnundur.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar