Türkiyə masadan çəkildi, NATO-nun planı bloklandı: Rusiya niyə İslam ölkəsi olduğunu iddia edir

22-01-2023, 19:17   


Türkiyədən İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsini istəmək yaxın vaxtlarda mümkün olmayacaq, indi rəsmi Ankaranın bu iki ölkəni gələcək hərbi müttəfiq kimi deyil, məhz rəqib-düşmən dövlətlər olaraq, görməsi üçün ciddi arqumentləri var... Kreml isə bütün bu baş verənlərin Rusiyanın maraqları ilə tamamilə uzlaşmasından çox məmnundur, çünki Türkiyənin qəzəblənməsi və NATO-nun genişlənmə prosesini durdurması onu narahat edən ciddi bir problemin müvəqqəti də olsa, həlli anlamına gəlir...

NATO Rusiyanın qərb sərhədlərinin tamamilə qapadılması planını davam etdirməyə çalışır. Bu plan üzrə kifayət qədər ciddi uğurlar qazanılıb. İndi Kreml Rusiyanın qərb sərhədlərində NATO dövlətləri və bazaları ilə qarşı-qarşıya durmaq məcburiyyətində qalıb. Və bu, Rusiya üçün ən ciddi hərbi-siyasi diskomfort durumu yaradır.

Ukrayna savaşı isə NATO-nun Rusiya tərəfindən nəzarət olunan MDB məkanının dərinliklərinə doğru irəliləmək strategiyasının tərkib hissəsidir. Bu strategiyanın uğur qazanması Rusiyanın tamamilə öz sərhədləri içərisinə qapadılması ilə nəticələnə bilər. NATO Ukraynanı rəsmən öz sıralarına daxil etməyə bir neçə dəfə cəhd göstərsə də, buna hələlik nail olmayıb. Kreml Ukraynaya qarşı işğalçılıq savaşına başlamaqla, NATO və Rusiya arasındakı əsas tampon bölgəni qoruyub, saxlamağa çalışır. Və bu savaşda məğlubiyyət Rusiyanı ümumiyyətlə, bütün MBB məkanında hegemonluq imkanlarından məhrum buraxa bilər.

2fe61de9-599d-4b69-a23e-9c7965f40319.jpg (273 KB)

Belə anlaşılır ki, NATO qarşıya qoyulan əsas hədəfinə addım-addım da olsa, yaxınlaşma şansına malikdir. Ancaq bu hərbi-siyasi alyansın hədəfləri qarşısında müəyyən əngəllər də olmamış deyil. Xüsusilə də, NATO-nun Rusiya sərhədlərinin şimal-qərb hissəsini qapatmaq cəhdləri hələlik reallıqdan uzaqdır. Çünki bu prosesdə sonuncu həlqə rolunu oynayan İsveç və Finlandiya NATO üzvlüyünə qətiyyən hazır deyil.

Məsələ ondadır ki, bu iki ölkənin əraziləri hazırda beynəlxalq terrorizmin yuvasına çevrilib. İndi İsveç və Finlandiyada müxtəlif terror təşkilatları özlərini çox rahat hiss edirlər və istədikləri kimi də fəaliyyət göstərirlər. Üstəlik, bu iki ölkənin qucaq açıb, bəslədiyi terror təşkilatları isə məhz Türkiyəni hədəf alıblar. Və NATO-nun strateji planları qarşısında yaranmış əsas problemlər də məhz bu önəmli məqamdan qaynaqlanır.

Səbəb isə çox sadədir. Çünki İsveç və Finlandiyada fəaliyyət göstərən terror təşkilatlarının hədəf aldığı Türkiyə NATO-nun avanqard ölkələrindən biridir. Ona görə də, rəsmi Ankara beynəlxalq terrorizmin siyasi sığınacaq məkanına çevrilmiş İsveç və Finlandiyanı NATO sıralarına buraxmaqdan imtina edir. Üstəlik, veto hüququndan istifadə edən Türkiyə öz haqlı mövqeyini olduqca ciddi arqumentlərlə möhkəmləndirir.

Birinci arqument ondan ibarətdir ki, NATO hazırda beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Belə olan halda, beynəlxalq terrorizmə geniş fəaliyyət məkanı açmış İsveç və Finlandiyanın NATO üzvlüyü mümkün deyil. Digər tərəfdən, İsveç və Finlandiyada sərbəst fəaliyyət göstərən terror təşkilatları NATO üzvü olan Türkiyəni hədəf alıblar. Yəni, İsveç və Finlandiyada NATO üzvü Türkiyəyə qarşı real təhlükə mövcuddur. Deməli, İsveç və Finlandiyanın NATO tərkibində Türkiyə ilə hərbi müttəfiq olması da mümkün deyil.

uc-ulke-arasinda-mutabakat-imzalandi-iste-maddeler-1656446382.jpg (47 KB)

Rəsmi Ankara veto hüququndan geri çəkilib, İsveç və Finlandiya üçün NATO-nun qapılarını açmağın qarşısında bu iki ölkədən beynəlxalq terror təşkilatlarının zərərsizləşdirilməsini tələb edir. Bu barədə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli anlaşma da imzalanıb. Yəni, hər iki ölkə rəsmi Ankara qarşısında hüquqi öhdəliklər götürüblər. Həmin öhdəliklərin icra ediləcəyi təqdirdə, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq vermək niyyətindədir.

Ancaq böyük ehtimalla bu, yaxın zamanlarda, bəlkə də heç vaxt baş verməyəcək. Çünki, Finlandiya ilə bağlı problemlər o qədər də aşılmaz olmasa da, İsveç əsl terror bataqlığıdır. Üstəlik, İsveç Türkiyə qarşısında götürdüyü rəsmi öhdəlikləri yerinə yetirməyə də xüsusi həvəs göstərmir. Əksinə, İsveçdə baş verən son hadisələr Türkiyənin veto qərarını daha möhkəmləmdirir.

Məsələ ondadır ki, bir müddət öncə İsveçin paytaxtı Stokholm şəhərində PKK/PYD terror təşkilatının təmsilçiləri Türkiyəyə qarşı aksiya keçiriblər. Həmin aksiyada terror təşkilatı təmsilçiləri Türkiyəyə qarşı təhqiramiz şüarlar səsləndiriblər. Üstəlik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bəzədilmiş manekeni yandırıblar. Və bu, İsveçin NATO-ya üzv olmaq niyyəti ilə kəskin ziddiyyət təşkil edir.

Təbii ki, rəsmi Ankara İsveçdə baş verən bu terror aksiyasını reaksiyasız buraxmayıb. Belə ki, rəsmi Ankara sərt açıqlama verərək, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı müzakirələri dayandırdığını bəyanlayıb. Ardınca İsveç parlamenti spikerinin Türkiyəyə rəsmi səfərini ləğv edib. Yəni, belə anlaşılır ki, PKK/PYD terror təşkilatı faktiki olaraq, İsveçin NATO-ya üzvlüyünə birmənalı şəkildə əngəl törədir. Və İsveçin rəsmi dairələri buna qarşı hüquqi addımlar atmağa tələsmir.

5ec1893ce3c97e822aaa41f925bd9893_53471_38.jpg (265 KB)

Nə qədər qəribə də olsa, terrorçuların aksiyasının ardınca İsveçdə daha bir biabırçı və yolverilməz hadisə baş verib. Belə ki, Danimarka vətəndaşı olan bir siyasi xadim İsveçdə Türkiyə səfirliyinin qarşısında bütün dünya müsəlmanlarını təhqir edib. O, İslamın müqəddəs kitabını yandırmağa cəhd göstərib. İsveç hüquq-mühafizə orqanları isə bu barbar davranışı sadəcə, müşahidə etməklə kifayətləniblər. Nəticədə rəsmi Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini də dərhal ləğv edib. Türkiyə səfiri Ankaraya geri çağırılıb.

Göründüyü kimi, İsveç NATO-ya üzv olmağa çalışsa da, buna imkan verəcək addımların atılmasına da qətiyyən həvəs göstərmir. Əksinə, rəsmi Stokholm öz siyasəti və davranışları ilə İsveçi NATO-nun "təhlükəsizlik çətiri"ndən daha da uzaqlaşdırır. Belə davam edərsə, NATO-nun genişlənmək və Rusiya sərhədlərini öz hərbi bazaları ilə tam qapatmaq strategiyası iflasa uğraya bilər.

Təbii ki, Türkiyədən İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsini tələb etmək yaxın vaxtlarda mümkün olmayacaq. Çünki hazırda rəsmi Ankaranı belə addımın atılmasının vacibliyinə inandırmaq qətiyyən mümkün deyil. Əksinə, indi rəsmi Ankaranın İsveç və Finlandiyanı NATO üzrə müttəfiq kimi deyil, daha çox Türkiyəyə rəqib-düşmən dövlətlər olaraq, görməsi üçün ciddi arqumentləri var.

Onu da qeyd etmək lazımdır ki, bütün bu baş verənlər Rusiyanın maraqlarına tamamilə cavab verir. Çünki Türkiyənin qəzəblənməsi və NATO-nun genişlənmə prosesini durdurması Kremli narahat edən problemin müvəqqəti həll edilməsi anlamına da gəlir. Hətta Kreml bu situasiyadan o qədər məmnun qalıb ki, hətta Rusiyanın müsəlman dövlətlərindən biri olduğu barədə tezislər peyda olmağa başlayıb. Kremlə yaxın siyasi dairələr hətta Rusiyanın bir müsəlman dövləti kimi həm İsveçə kəskin etiraz edilməsini, həm də Türkiyənin müdafiə olunmasını vacib hesab edirlər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar