Şeyxülislam bir qayda olaraq onun sahəsinə müdaxilə edən dövlət məmurlarını bağışlamır, növbə Kamal Abdullanındır
Avqustun sonlarından başlayaraq, hökumətin ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub. Redaksiyamıza verilən məlumata görə, Şeyx onun sahəsinə nüfuz edilməsindən çox qəzəblənib. Bu günə qədər ölkənin baş ruhanisi kimi Şeyxin ehsan qadağası mövzusuna münasibət bildirməməsi hökumətə narazılığın ifadəsi kimi izah edilir...
Bizə çatan bilgiyə görə, ehsan qadağası, daha doğrusu, bu sahədə islahat təşəbbüsü millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın təşəbbüsüdür. Bu vəzifəyə təyinatından sonra dövlət rəhbərliyindən ciddi dəstək alan keçmiş rektor təhsil, elm və dini-mənəvi sahələrdə maarifçilik fəaliyyəti kimi geniş bir sahədə əsas söz sahibi kimi təqdim olunub.
Məhz K.Abdulla yas məclislərinin təvazökar, israfçılıqdan kənar keçirilməsi, eləcə də bahalı qəbir daşlarının qadağan olunması təklifləri ilə çıxış edib. Onun bu təklifi müsbət qəbul olunub və tətbiq olunmağa başlayıb. Xatırladaq ki, yeni qaydalara əsasən, yas mərasimlərində ehsan süfrələrinin açılması qadağandır. Belə ki, yerli icra strukturlarına, onlar da öz növbəsində mollalara, bələdiyyə və polis orqanlarına tapşırıq verilib ki, yas mərasimlərində yalnız çay, xurma və halva verilə bilər.
Qadağaya əməl etməyənlər cəzalandırılır. Bəzi rayon və şəhərlərdə icra hakimiyyətlərinin başçıları qadağanı pozanlara cərimələr müəyyən edib. Bundan başqa, qadağaya məhəl qoymayıb ehsan süfrəsi təşkil edənlərin hətta yeməkləri belə müsadirə olunur.
Hökumətin bu qadağası cəmiyyətdə müsbət qarşılanıb. Əksər insanlar bahalı ehsan süfrəsi adətinin ləğv olunmasını dəstəkləyir, nəhayət ki, israfçılığa, yas sahiblərinin əlavə xərc və əziyyətə düşməsinə son qoyulmasını müsbət qarşılayır.
Maraqlıdır ki, ölkənin yarımrəsmi dini qurumu olan Qafqaz Müsəlmanları İdarəsi də əvvəlcə bu qərarı alqışladı. İdarədən bildirdilər ki, bu barədə QMİ-nin hələ 3 il əvvəl cəmiyyətə müraciəti və yas mərasimlərinin təvazökar, israfçılıq olmadan keçirilməsi ilə bağlı tövsiyələri var. Ancaq eyni zamanda QMİ bu qadağanın məcburi deyil, könüllü olmasının, insanların bunu öz istəklərinə görə etməsinin daha münasib olduğunu bildirdi. Qurumun təmsilçiləri dəfələrlə qeyd ediblər ki, bu məsələdə məcburetmənin əleyhinədirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu məsələdə məcburi qadağanın tərəfdarı kimi çıxış etdi.
Belə ki, qadağa barədə mətbuatda məlumatlar getdikdən sonra komitə sədri Mübariz Qurbanlı bildirdi ki, Azərbaycanda yas mərasimləri həddini aşmamalı, israfçılığa yol verilməməlidir: “Yas mərasimləri ilə bağlı Azərbaycanın milli adət-ənənələri var. Milli adət-ənənələrimiz zaman-zaman mövcud olub, lakin onlar ehkam deyil, adət-ənənələr də zamana uyğun olaraq dəyişikliyə məruz qalır və bu da təbii prosesdir. Bunlar dinimizin tələblərinə uyğun edilməlidir”.
Bu qadağalar getdikcə cəmiyyətdə də müsbət qarşılandıqda isə QMİ növbəti dəfə açıqlama yayaraq məcburi ehsan qadağasına qarşı çıxdığını bəyan etdi. Bundan sonra Dini Komitənin sədri M.Qurbanlı da növbəti açıqlamasında bir qədər yumşaq mövqe sərgiləyərək yas mərasimləri ilə bağlı qadağa deyil, ancaq tövsiyə ola biləcəyini dedi. Sitat: “Biz komitə olaraq bu yolla yas mərasimlərinin vətəndaşlarımız tərəfindən normal keçirilməsinə nail olacağıq. Bu, yalnız izahat və yerlərdə din xadimlərimizlə birgə fəaliyyət nəticəsində həll olunacaq. Ona görə də bununla bağlı deyildiyi kimi, hansısa qanunun qəbul olunmasına biz ehtiyac görmürük”.
Qaynağımızın məlumatına görə, məhz ehsan qadağası QMİ ilə, daha dəqiqi şeyxlə hökumət qurumlarının arasını “vurub”. Dövlət orqanlarının birbaşa onun cavabdeh olduğu, daha doğrusu, nəzarəti altında olan sahəyə müdaxilə edərək onun başı üzərindən qərar verməsi şeyxi qəzəbləndirib. Bu səbəbdən də şeyxülislam nəinki bu qərarı açıq şəkildə dəstəkləməyib, əksinə, QMİ-nin binasında yerləşən ehsan zallarında yeməkli ehsan məclislərini davam etdirməklə, açıq şəkildə narazılığını ortaya qoyub. Onun dövlətdə siyasi qərarlar verən iki nəfərə şəxsən telefon açdığı, onun iradəsi olmadan bu cür addımın atılmasından şikayətləndiyi və digər müvafiq qurumlara da öz etirazını bildirdiyi də gələn xəbərlər sırasındadır.
Bizi bu mövzuda bilgiləndirən mənbənin iddiasına görə, şeyx məhz ehsan qadağası ilə bağlı DQİDK sədri Mübariz Qurbanlı ilə də danışıb və komitə sədrinə sərt şəkildə etirazını bildirib. Mənbənin onu da bildirib ki, şeyx M.Qurbanlıya bu kimi mövzularda onun da rəyinin alınmasının gərəkli olduğunu xatırladıb və açıq şəkildə bu qadağanın işləməsinə razı olmayacağını bildirib.
Dini Komitə sədrinin öz mövqeyini sonradan yumşaltması onun şeyxlə üz-üzə gəlməkdən yayınması kimi yozulur. Uzun illər hakimiyyət daxilində siyasi təcrübə toplamış M.Qurbanlı bu sahədə şeyxlə toqquşmanın ondan əvvəlki komitə rəhbərlərinə baha başa gəldiyini bildiyi üçün mövqeyində korrektə etməyə məcbur olub. Daha dəqiqi, şeyxlə toqquşmaya getmək istəməyib. Bu səbəbdən M.Qurbanlı sonrakı günlərdə mövqeyində müəyyən qədər yumşalma edərək ehsan məclislərinin məcburi deyil, könüllü olaraq tənzimlənməsinə tərəfdar olduğunu deyib.
Yeri gəlmişkən, bu hadisədən sonra şeyxin Kamal Abdulla ilə münasibətlərində də soyuduq yaranıb. K.Abdullanın son günlər tədbirlərdə az-az görünməsi, dini tədbirlərə isə ara-sıra qatılması da deyilənləri təsdiqləyir. Yeri gəlmişkən, qeyd edək ki, şeyxülislam bir qayda olaraq onun sahəsinə müdaxilə edən dövlət məmurlarını bağışlamır. Son illərin təcrübəsi onu da göstərir ki, şeyxlə toqquşma bir qayda olaraq qarşı tərəf üçün baha başa gəlir.(musavat.com)