Rusiya dünyanı “qan gölü”nə çevirməyə çalışır: Dinlərarası savaş və NATO-nun dağılması planlaşdırılır

26-01-2023, 19:58   


Sivilizasiyalar arasında kəskin toqquşmalar baş verərsə, Rusiyaya qarşı beynəlxalq koalisiya da parçalanmağa məhkum olar, NATO-nun daha bir münaqişə təhlükəsi ilə üzləşməsi qaçılmaz xarakter daşıyar... Türkiyənin dini zəmində qarşıdurmada NATO-nu dəstəkləməyəcəyi şübhə doğurmadığından prosesin bu hərbi-siyasi alyansın parçalanıb, süquta uğramasına qədər inkişaf edə biləcəyi də qətiyyən istisna deyil...

NATO beynəlqalq qarşıdurmanın “düyün nöqtəsi”nə çevrilir. Belə ki, bu hərbi-siyasi alyansın genişlənmə hədəfləri kifayət qədər ciddi əngəllərə tuş gəlib. Ona görə də hazırda Qərb siyasi dairələrində müəyyən ziddiyyətlərin olduğu müşahidə edilir. Xüsusilə də, NATO-ya üzv dövlətlərin parçalanma meyilləri artmağa başlayıb.

Məsələ ondadır ki, hazırda NATO-nun qarşısında iki əsas hədəf mövcuddur. Onlardan birincisi, Ukrayna savaşını Rusiyanın hərbi-siyasi məğlubiyyət alətinə çevirməkdən ibarətdir. Şimali Atlantika Bloku bu istiqamətdə müəyyən uğurlara nail ola bilib. Hər halda, Rusiya Ukraynanı qısamüddət ərzində məğlub edə bilməyib. Üstəlik, Ukrayna savaşında Rusiyanın məğlub ola biləcəyi də inandırıcı görüntülər almağa başlayıb.

Ancaq əsas problem ondan ibarətdir ki, Ukrayna savaşı uzandıqca, Rusiya zəifləsə də, buna paralel olaraq, NATO ölkələri arasında da narazılıq artır. Çünki Ukrayna savaşının xərcləri çoxalır, Rusiyaya qarşı sanksiyaların əks təsirləri Qərb ölkələrini də əldən salır. Ən əsasısa NATO ölkələrinin Ukraynaya hərbi dəstək resursları da tükənir. Bu ölkələr öz hərbi ehtiyatlarını Ukraynaya göndərdikdən sonra öz ordularının hərbi texnikasını da savaşa sərf edib, daha da zəifləməkdən narahatdırlar. Və bu səbəbdən də, son vaxtlar Ukraynaya hərbi texnika göndərməkdən imtina etməyə yönəlik açıqlamalara daha tez-tez rast gəlinir.

452eefa4-220d-42dc-a7b5-7624cb6245f9.jpg (252 KB)

NATO-nun digər və hələ tam reallaşdırılmamış hədəfi isə İsveç və Finlandiyanın bu hərbi-siyasi alyansa üzv qəbul edilməsi ilə bağlıdır. Hazırda İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü cəmisi iki dövlət – Türkiyə və Macarıstan parlamentləri təsdiqləməyib. Türkiyənin isə ümumiyyətlə, yaxın vaxtlarda belə bir addım atması o qədər də yüksək ehtimal deyil.

Düzdür, rəsmi Ankara Finlandiyaya elə bir ciddi iradının olmadığını vurğulayır. Yəni, Türkiyə Finlandiyanın təkbaşına NATO-ya üzv olmasına qarşı çıxmır. Ancaq NATO bu iki ölkəni eyni vaxtda öz sıralarına qəbul etmək niyyətində israrlı olduğundan hələlik bu hədəfin reallaşması mümkün görünmür. Çünki İsveç hazırda beynəlxalq terrorizmin əsas siyasi sığınacaq məkanına çevrilib. Rəsmi Ankara Madrid anlaşması çərçivəsində İsveçdən Türkiyəyə qarşı fəaliyyət göstərən PKK/PYD terror təşkilatının zərərsizləşdirilməsini tələb edir.

Ancaq hələlik İsveç hakimiyyət dairələri Türkiyə qarşçısında götürülən öhdəliklərin icrasında elə bir ciddi uğurlar qazana bilməyiblər. Əksinə, son vaxtlar İsveçdə törədilən təxribatlar rəsmi Ankaranın səbrini daşırıb. Çünki əvvəlcə PKK/PYD terror təşkilatının təmsilçiləri İsveç paytaxtı Stokholmda Türkiyə əleyhinə aksiya keçirərək, prezident Rəcəb Tayyib Ərdoğana bənzədilmiş manekeni yandırıblar. Ardıncasa, Türkiyənin İsveçdəki səfirliyi qarşısında ardıcıl olaraq, İslam dünyasının təhqir edən davranışlara yol verilib.

Təbii ki, bütün bunlardan sonra rəsmi Ankara İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı müzakirələrdən çəkildiyini bəyan edib. Çünki Türkiyə dünyanın önəmli müsəlman dövlətlərindən biridir. Üstəlik, İslam dünyanına yönəlik təhqiramiz aksiyanın məhz Türkiyə səfirliyi qarşısında keçirilməsi də bu təxribatların arxasında xüsusi niyyətlərin olduğunu sezdirir.

23abcd0c-f487-4fee-8fff-8fe2f234f364.jpg (100 KB)

Maraqlıdır ki, hətta Finlandiya belə, İsveçdə baş verənlərdən narahatlığını qətiyyən gizlətməyib. Bu ölkənin rəsmi dairələri son hadisələrdən sonra İsveç və Finlandiyanın eyni vaxtda NATO-ya üzv olmasının çox çətinləşdiyini bildiriblər. Ona görə də, Finlandiya rəsmi dairələri ölkənin təhlükəsizlik maraqlarını nəzərə alaraq, İsveçsiz NATO-ya üzvlük variantı barədə düşünmək məcburiyyətində olduqlarını vurğulayıblar. Halbuki, ABŞ və Qərb bu varianta müsbət yanaşmadığını qətiyyən gizlətmir.

İsveç rəsmi dairələri də baş verən hadisələri ölkənin NATO-ya üzvlüyünü əngəlləmək məqsədi daşıyan təxribat olduğunu etiraf edib. Ancaq rəsmi Stokholm nə qədər qəribə də olsa, sərbəst toplaşma və fikir azadlığını əsas gətirərək, bu təxribatların qarşısını ala bilmədiyini də vurğulayır. Yəni belə anlaşılır ki, İsveç üçün Türkiyənin və İslam dünyasının təhqir olunması fikir azadlığı deməkdir. Və təbii ki, rəsmi Ankara bu məntiqsiz izahla razı olmadığından İsveçin NATO üzvlüyünü bloklamaq qərarında prinsipial davranır.

Maraqlıdır ki, rəsmi Stokholm bütün bu baş verənləri İsveçin NATO üzvlüyünə müqavimət göstərən ölkədaxili və xarici qüvvələrin fəaliyyətinə də bağlayır. Hesab edilir ki, belə davam edərsə, İsveç NATO-nun “təhlükəsizlik çətiri”ndən kənarda qala bilər. Ona görə də, İsveç hökuməti öz qanunvericiliyini sürətlə dəyişərək, Türkiyə ilə anlaşmanın icrasına hüquqi baza yaratmağa cəhd göstərir.

Ancaq bu prosesdə əngəlləyici daxili və xarici güclərin olması kifayət qədər maraqlı və ciddi faktordur. Üstəlik, bu iki əngəlləyici gücün bir-biriylə əlaqəsinin olma ehtimalı da mövcuddur. Ona görə də, İsveçdə Türkiyəyə qarşı təxribatların məqsədli və planlı şəkildə təşkil olunduğu qətiyyən istisna deyil. Və bu səbəbdən də hər iki variantın təsirlərinə, hədəflərinə diqqət yetirməyə ehtiyac var.

kollaj-777.jpg (578 KB)

Bəzi ehtimallara görə, İsveç dövlətinin daxilində NATO-ya üzvlük prosesinə müqavimət göstərən dairələr mövcuddur. Həmin dairələrin sırasında İsveç xüsusi xidmət servislərinin də yer aldığı iddia edilir. Əsas arqumentlər isə ondan ibarətdir ki, İsveçdə bəzi dairələr NATO-ya üzvlük üçün külli miqdarda maliyyə vəsaiti ödənməsini yersiz hesab edirlər. Eyni zamanda, hesab edirlər ki, NATO-ya üzvlük ölkənin siyasi sistemini dəyişəcək, bu qurumdan asılılığı artıracaq. Ona görə də, bu mövqedə olanlar məlum biabırçı aksiyanı planlaşdıraraq, reallaşdırıblar ki, Türkiyənin vetosu sayəsində İsveç NATO-ya üzv ola bilməsin.

Digər önəmli iddia ondan ibarətdir ki, İsveçdəki əngəlləyici dairələr bu məsələdə bəzi xarici güclərlə ortaq hərəkət edirlər. İsveç və Finlandiyanın NATO üzvlüyünə müqavimət göstərən Rusiyanın xüsusi xidmət servislərinin bu məsələdə rolu ola biləcəyi qətiyyən istisna olunmur. Hər halda, indiki proseslər və mövcud situasiya hamıdan çox Rusiyanın maraqlarına cavab verir.

Onu da qeyd etmək lazımdır ki, Rusiya siyasi dairələri bütün bu baş verənlərdən məmnunluğunu qətiyyən gizlətmir. Əksinə, İsveç ətrafında yaranmış vəziyyətin daha da gərginləşdirilməsinə yönəlik iddialar irəli sürürlər. Hər halda, Kremlə yaxın siyasi dairələrin Rusiyanı müsəlman dövləti elan edərək, bütün İslam dünyasını ayağa qalxmağa çağırması qətiyyən təsadüfi deyil. Çünki dini zəmində beynəlxalq qarşıdurmaların ön plana keçməsi Rusiyaya Ukrayna savaşında situasiyanı öz xeyrinə dəyişmək şansı da verə bilər.

Məsələ ondadır ki, sivilizasiyalar arasında kəskin toqquşmalar baş verərsə, bu halda, Rusiyaya qarşı beynəlxalq koalisiya da parçalanmağa məhkum olacaq. Bu halda, NATO-nun daha bir münaqişə təhlükəsi ilə üzləşməsi qaçılmaz xarakter daşıyar. Türkiyənin dini zəmində qarşıdurmada NATO-nu dəstəkləməyəcəyi şübhə doğurmadığından prosesin bu hərbi-siyasi alyansın dağılıb, süquta uğramasına qədər inkişaf edə biləcəyi də istisna deyil. Bu baxımdan, İsveç təxribatlarının arxasında bu ölkənin daxili qüvvələri ilə yanaşı, Rusiyanın da ola biləcəyi tamamilə inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar