Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun 15 yaşında BDU-nun beynəlxalq hüquq fakültəsinə qəbul olması bu ali məktəbdə təhsil alan daha bir məşhurla - Xalq artisti Röya Ayxanla bağlı məsələni gündəmə gətirib. Röya Ayxanın BDU-ya Seymur Talıbovla eyni vaxtda - 2004-cü ildə daxil olması çoxsaylı suallar doğurub.
Ötən gün Dövlət İmtahan Mərkəzi məsələyə aydınlıq gətirib. DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd, yəni attestat almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər. Onun sözlərinə görə, attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil.
DİM rəsmisi Seymur Talıbovun müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olduğunu vurğulayıb.
Xanlar Xanlarzadə Röya Ayxanla bağlı iddialara cavab verməyib. O, bu məsələni universitetin özündən dəqiqləşdirməyi məsləhət görüb. Dolayısı yolla Röyanın BDU-nun beynəlxalq hüquq fakültəsinə test üsulu ilə qəbul olmadığını təsdiqləyib.
"Yeni Sabah" Xalq artistinin BDU-ya necə qəbul olduğunu araşdırarkən maraqlı məlumatlar əldə edib. Uzun illərdən bəri BDU-nun beynəlxalq hüquq fakültəsində dərs deyən müəllimlərdən biri saytımıza bu mövzuda açıqlama verib. Müəllim deyib ki, Röya BDU-ya qəbul olmaq üçün imtahan deyil, konsert verib: "2004-cü ildə BDU-da keçirilən məzun günündə Röya da iştirak edirdi. O, həmin gün 10-dan artıq mahnı ifa etdi. Röyanın sayəsində BDU-da məzun gün çox rəngarəng keçdi. Təbii ki, tədbirdə o vaxtkı rektorumuz Abel Məhərrəmov da iştirak edirdi. Konsertdən sonra Abel müəllim yaxın adamlarına tapşırdı ki, Röyanın qonorarını artıqlaması ilə versinlər. Amma müğənni qonorardan imtina etdi. Bundan sonra rektor Röyadan hər hansı bir arzusunun olub-olmadığını soruşdu. O da BDU-nun hüquq fakültəsində oxumaq istədiyini bildirdi. Həmin gün bu məsələ mənə tapşırıldı. Biz daxili imtahanla Röya Nəcəfovanı BDU-nun beynəlxalq hüquq fakültəsinə qəbul etdik".
Müsahibimiz deyib ki, Röya BDU-ya qəbul olsa da, məzun ola bilmədi. Buna səbəb onun nəinki dərslərdə, hətta imtahanlarda da iştirak etməməsi olub: "Biz dəfələrlə Röya xanımı imtahana dəvət etdik. Amma o, hər dəfə ya konsertə hazırlaşdığını, ya da yeni layihə üzərində işlədiyini əsas gətirərək, imtahanda iştirakdan imtina etdi. Hətta bir dəfə imtahana öz yerinə prodüserini göndərmişdi. Tələbələrin bundan xəbər tutacağını və məsələnin mətbuata çıxacağını düşünərək, Röyanın prodüserini imtahanın keçirildiyi salona buraxmadıq".
BDU-nun müəllimi deyib ki, universitetin daxili intizam qaydalarına riayət etməsə də, Röya Nəcəfova uzun illər BDU-nun tələbəsi olaraq qalıb. 2018-ci ildə Abel Məhərrəmov rektor postundan gedəndən sonra yeni rəhbərlik Röyanı universitetdən xaric edib.