Tehrandakı səfirliyimizə hücum niyə məhz bu gün baş verdi? – Şok iddia

27-01-2023, 17:46   


 

Tehrandakı səfirliyimizə hücum niyə məhz bu gün baş verdi? – Şok iddia

“Günahkarlar mütləq şəkildə tapılmalı, ən əsası bu terror aktının sifarişçilərinin kim olduğu üzə çıxarılmalıdır”.

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu Teleqraf.com-a şərh edən jurnalist Elçin Alıoğlu belə deyib.

Jurnalist baş verənlərin təsadüfi olmadığını bildirib:

“Hər bir hadisənin görünən və görünməyən tərəfləri var. Görünən tərəf budur ki, bu dəqiqə hamımız baş verənlərə görə İranı suçlayırıq, İranın məsuliyyət daşıdığını deyirik. Bəs ola bilərmi ki, bu terror aktını gerçəkləşdirənlərin məqsədi də məhz bizi belə düşünməyimizi istəyir? Ola bilməzmi ki, əsas məqsədlərindən biri İranla Azərbaycan arasında onsuz da gərgin olan münasibətləri aqressiz və dözülməz ritorika həddinə çatdırmaq olsun? Bu, versiyalardan biridir.

Unutmayaq ki, bu gün hansı gündür. Bu gün Holokostun anım günüdür. Eyni zamanda, bu gün 1973-cü il yanvarın 27-də ABŞ-ın Santa-Barbara şəhərində Türkiyənin Los-Ancelesdəki baş konsulu və müavininin erməni Qurgen Yanikyan tərəfindən güllələnərək qətlə yetirilməsinin 50 illiyidir. Yəni bunların hamısının bu günə təsadüf etməsini təsadüf kimi qəbul edirik? Məncə, yox.

Eyni zamanda, bu terror aktına görə istisnasız olaraq İranın bütün müvafiq dövlət qurumları məsuliyyət daşıyırlar. Çünki terrorçu əl-qolunu sallayaraq çox rahat şəkildə səfirliyimizə yaxınlaşır, “Kalaşnikov”dan atəş açır və İran polisi bunu görmür, görmək istəmir, yaxud görür, amma zəruri və qaçılmaz təxirəsalınmaz tədbirləri həyata keçirmir. Məhz buna görə İranın milli təhlükəsizlik, ictimai asayiş və digər strukturları birbaşa məsuliyyət daşıyırlar.

Əminəm ki, hadisə ilə əlaqədar İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq, ona nota təqdim ediləcək. Əminəm ki, İran indiki kimi davranarsa, Tehrandakı səfirimizin məsləhətləşmələr üçün Bakıya çağırılması qaçılmazdır. Əminəm ki, bu olayın arxasında Ermənistanın xüsusi xidmət orqanları və erməni diasporunun nümayəndələri dayanır.

Eyni zamanda, bu terror aksiyası İranın mövcud hakimiyyətindəki klerikal, cinayətkar və terrorçu düşərgələr arasındakı qarşıdurma ilə bağlıdır. İstisna etmirəm ki, bu düşərgələr öz aralarındakı hakimiyyət savaşında Azərbaycan səfirliyinə hücum etmək qərarına gəliblər. Məqsəd qarşı tərəfi suçlamaq və onu günahkar kimi göstərmək məsələsi ola bilər.

Son olaraq onu demək istəyirəm ki, bu hadisə açıq-aşkar terror aktıdır, Azərbaycan səfirliyi hədəfə alınıb. Buna görə də məsuliyyət İranın müvafiq dövlət qurumlarının çiyinlərindədir. Onlar araşdırma aparmalı və bu araşdırmada Azərbaycanın iştirakı təmin edilməlidir. Günahkarlar mütləq şəkildə tapılmalı, ən əsası bu terror aktının sifarişçilərinin kim olduğu üzə çıxarılmalıdır”.

Tehranın polis rəisi general Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib. Onun sözlərinə görə, hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib: “Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib”.

Elçin Alıoğlu Tehran polisinin rəisinin bu sözlərinin nağıla bənzədiyini söyləyib:

“Bu, uşaq açıqlamasıdır. Rəhiminin bu açıqlamasında əsəbləri sakitləşdirmək məqsədi güddüyünü görürəm. Əslində, polis rəisi belə açıqlama verməliydi. Bilirsiniz, “şəxsi zəmində, iki uşağını da götürərək, gəlib avtomatdan atəş açmaq” bir qədər uşaq nağılına bənzəyir. Bu, uşaq verilişlərində ola bilər. Məsələnin “şəxsi” və ya “intiqam zəmini” iddiası ilə araşdırılmasına imkan verməyəcəyik.

Əgər Hüseyn Rəhimi hadisədən dörd saat sonra belə yəqinliklə açıqlama verirsə, icazə verin, buna inanmayım. Çünki dörd saat sonra hadisənin ibtidai istintaqının aparılması və nəticələr əldə edilməsi bir qədər absurd görünür. İlkin ifadədə bu sözlər səslənə bilər. Amma bu, Tehran kimi böyük şəhərin polis rəisinin belə bir açıqlama verməsinə zəmin olmamalıydı”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar